Siyasət

Cəbhədə vəziyyət - Gərginlik davam edəcək, nəticə ermənilərin xeyrinə olmayacaq

25 Fevral 2017 11:25
Baxış: 27 276

"Cəbhədə döyüşlərin baş verməsi gözlənilən idi. Çünki ermənilər artıq uzun müddət idi ki, müxtəlif təxribatlar törədir və hazırlıqlar görürdülər. Son günlər baş verənlər, xüsusən də hazırda Füzuli-Xocavənd istiqamətində gedən döyüşlər göstərir ki, gərginlik bundan sonra da hələ bir müddət davam edəcək".

Bu barədə Milli.Az-a cəbhədə son günlər, xüsusən də dünən və bu gün baş verən insidentləri şərh edən hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, ermənilər cəbhədə təxribat törətməklə vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə çalışırlar: "Düzdür, şəhidlərimiz var. Amma ciddi narahatçılıq üçün əsas yoxdur. Əldə etdiyimiz məlumata görə, hər şey ordumuzun nəzarəti altındadır və düşmənə layiqli cavab verilir. Amma düşünürəm ki, cəbhədəki bu gərginlik hələ bir müddət davam edəcək. Lakin proses uzun müddət davam etsə, erməni tərəfi üçün heç də yaxşı nəticələnməyəcək".

Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.