Siyasət

Laçın rayonunda tapılan dəfinə və Köçəryanın varidatı: iki oğrunu nə birləşdirir?

28 Aprel 2011 10:19
Baxış: 344
"Pullarla rahatlıqla, inildəmədən vidalaşmaq gərəkdir".

İlf və Petrovun 1931-ci ildə yazdıqları "Qızıl buzov" romanındakı Ostap Bender gizli milyonçu Koreykoya belə məsləhət vermişdi. Amma Koreyko nəinki rahatlıqla - heç səs-küylə də pulları ilə vidalaşmaq istəmirdi. Eynən erməni Andranik Kürexyan təki.

Laçın rayonundakı çobanın qalmaqalı

Dağlıq Qarabağdakı separatçı rejim və onun "südverən anası" Ermənistan özləri üçün nadir dartışmaya başlayıblar. Mübahisənin səbəbi isə Azərbaycanın işğal edilmiş rayonunda tapılmış qədim qızıl, gümüş və bürünc əşyalar dəfinəsidiir. Tapılmış əşyaların hamısı indi ekspertiza məqsədilə Ermənistandadır.

Xankəndidəki separatçı rejim bu əşyaların Dağlıq Qarabağ ermənilərinə "məxsus" olduğunu desə də, Ermənistan Tarix Muzeyi dəfinəni geri qaytarmaq niyyətində deyil.

Hər şey Azərbaycanın işğal altında olan Laçın rayonunda məskunlaşmış erməni Andranik Kürexyanın ötən il qoyun otararkən dəfinə tapması ilə başlayıb. Orada ümumi ağırlığı 700 qram olan gümüş şamdan və qab-qaşıqlar, 200 qram ağırlığında qızıl sırğa, üzük və boyunbağı, habelə təxminən 5 kiloqram ağırlığında bürünc bəzək əşyaları vardı.

Alimlərin fikrincə, həmin əşyalar eramızdan əvvəl 4-1-ci əsrə şamil edilə biləcək məzarda olub.
5 övladı olan Andranik Kürexyanın dediyinə görə, yaxşı pul almaq fikri ilə dəfinəni Yerevana aparıb və Ermənistan Tarix Muzeyinə verib. Muzey də həmin əşyaları 8 milyon dram, yəni 21336 dollar məbləğində dəyərləndirərək erməni çobana dəfinənin dəyərinin 50 faizini təklif edib.
Kürexyan çobandır, amma sarsaq deyil və buna görə də həmin pulları çox az sayaraq təklifdən boyun qaçırıb.

Ermənistan Tarix Muzeyinin direktoru Anelka Qriqoryan deyir ki, axı dəfinənin harada olmasının nə fərqi var?!

"Qarabağda və ya Ermənistanda - heç nə dəyişmir. Bunun niyə problemə çevrildiyinii anlamıram. Mütəxəssislər indi dəfinəni araşdırır, öyrənir, tədqiq edirlər. Sonra nə olacaq - bilmirəm", - Qriqoryan deyib.

Yerevan Dövlət Universitetinin kulturologiya kafedrasının rəhbəri Hamlet Petrosyan isə hesab edir ki, xeyr, dəfinənin "qanuni sahibi" Dağlıq Qarabağ erməniləridir: "Tapılan əşyalar nə qədər qiymətli olsalar da, tamahlanıb onları Yerevanda saxlamamalıyıq".

Ən nəhayət, Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Pavel Havetisyanın fikrincə, Xankəndi ilə Yerevan arasındakı "dəfinə mübahisəsi" çox təəssüf doğuran məsələdir.

"Aydın olan yalnız budur ki, dəfinədəki bəzək əşyalarının mühafizəsi və saxlanması üçün maksimal dərəcədə əlverişli şərait gərəkdir. Mən biləni, Dağlıq Qarabağ erməniləri hələlik belə şəraiti təmin edə bilməzlər", - söyləyən Havetisyan sonra bu "dəfinə dartışması"na aydınlıq gətirib və Ermənistanın əsl məqsədini bilaixtiyar açıqlayıb: "Bundan başqa, tapılan əşyalar Dağlıq Qarabağ qaytarılarsa, əlimizdən bütünlüklə çıxa bilər. Çünki Azərbaycan Qarabağın öz ərazisi olduğunu deyir və belədə, dəfinə də Azərbaycanın sayıla bilər. Bakıdakılar hələlik dəfinə ilə bağlı rəsmi açıqlamalar verməsələr də, sayıq olmalıyıq".

Dəfinə axtarışı-2

Deyəsən, Ermənistandakı siyasətçilər də Laçın rayonundakı erməni çobanın bəxtinin yavər olmasından ruhlanaraq yeni "dəfinə" axtarışlarına çıxıblar. Amma onlar eramızdan əvvələ aid məzarları yox, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın varidatının mənbələrini arayırlar. "Yeni Zamanlar" Partiyasının lideri Aram Karapetyan ilə "Çiçəklənən Ermənistan" Partiyasının parlament fraksiyasının üzvü Vardan Bostancyanın arasındakı debatdakı mövzulardan biri də bu olub.

Məsələ isə həm qəlizdir, həm də əcaib. Belə ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın varidatı ölkənin xarici borcuna təxminən bərabərdir.

Bostancyan məsələnin dərininə getməkdən və Köçəryanın məhkəmə iddiası ilə yanaşı, çox konkret "təzyiq"lərindən çəkinərək boyun qaçırıb.

"Robert Sedrakoviçin maliyyə imkanları barədə informasiyalarının dəqiqliyinə əmin deyioəm. Yoxlanmamış, nəzəri informasiyaya əsaslanaraq diskussiya aparmağı isə qeyri-peşəkarlıq hesab edirəm", - Bostancyan belə deyərək yaxasını kənara çəkib.

Karapetyan isə bildirib ki, sabiq Sovetlər Birliyi dağılandan sonra Ermənistanda ayrı-ayrı maliyyə-tayfa qruplaşmaları, oliqarxik sistem formalaşıb. "Köçəryan da vergidən yayınmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və başqa üsullarla varlanıb. Buna görə də büdcə vəsaitləri və alınan kreditlərin hara yönləndirildiyini müəyyənləşdirən yoxlamalar aparmağa imkan verən qanuni mexanizmlər olmalıdır", - Karapetyan bildirib.

Əslində, Karapetyan dediklərinin boş sözlər və idefiks olduğunu əla bilir.

Prezident Serj Sarkisyan rejiminin Ermənistanı kleptomaniyaya yoluxmuş orqanizmə bənzəyən hakimiyyət vasitəsilə idarə etməsi ölkə vətəndaşlarının səbr kasasını daşdıran amil olmaqla yanaşı, əvvəlki və indiki iqtidar mənsublarının rahat yaşamlarını təmin edən başlıca vasitədir.
Sabiq prezident Robert Köçəryan varidatının müsadirəsindən, yoxmalardan və ya cinayətlərinə görə həbsdən əsla çəkinmir.

Ermənistan qanunvericiliyi ona toxunulmazlıq statusu veribsə, Serj Sarkisyan da rahatlıq və arxayınlıq bəxş edib.

Sabiq prezident anlayır ki, Dağlıq Qarabağdakı terrorçu dəstələrin tərkibində birlikdə olduğu Sarkisyanı sonradan Ermənistanın müdafiə naziri, baş naziri etməsi, axırda da hakimiyyəti tərk edərkən özünə varis seçməsini indiki dövlət başçısı unudan deyil. Unutsa belə, Köçəryana qarşı qanun çərçivəsində indi heç bir addım atıla bilməz, çünki belədə Sarkisyan öz oturduğu budağı baltalamıq olacaq.

Bu, bir oğrunun başqasını polisə verməklə özünün cəzasız qalacağını düşünməsi təki abdallıq olardı və Sarkisyan nə qədər yaramaz adam olsa da, abdal deyil.

Laçın rayonunda dəfinə tapmış Kurexyan isə bilmir ki, erməni harada nə isə aşkarlayarsa və o əşyaya da sahib çıxaraq qoruya bilməzsə, Ermənistandakı rejim onu ən müxtəlif adlar, bəhanələrlə öz əlinə keçirəsidir.

Dəfinə ilə bağlı Dağlıq Qarabağdakı separatçı rejim ilə Yerevan hakimiyyəti arasındakı qalmaqal əslində Xankəndidəki separatçı rejimmin perspektivləri ilə bağlı Ermənistanın tutduğu mövqeni də tam açıq şəkildə ortaya qoyur.

Yerevandakı alimlər təki, hakimiyyətdəki komanda və Sarkisyan iqtidarı da anlayır ki, Laçın təki, Azərbaycanın işğal altında olan digər rayonları mütləq azad ediləsidir.

Dəfinə, sadəcə, ermənilərin tamahkarlığı ilə yanaşı, ümidsizliyinin barometridir...

Novruz Sultanov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.