Siyasət

Polşa Seymində Dağlıq Qarabağ məsələsi qaldırılıb

20 Aprel 2011 11:34
Baxış: 150
"Azərbaycanın etibarlı tərəfdaş olmasına, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının strateji xarakter daşımasına baxmayaraq, Aİ rəsmiləri tərəfindən ölkəmizin ərazi bütövlüyünə birmənalı və açıq dəstək verilməməsi, Avropa Parlamenti deputatları tərəfindən işğal edilmiş Dağlıq Qarabağa qanunsuz səfərlər edilməsi və bu səfərlərə Aİ tərəfindən rəsmi reaksiya verilməməsi təəssüf hissi yaradır". Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, bunu Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Seymdəki çıxışı zamanı bildirib.
O, Ermənistanın təcavüzkar siyasəti nəticəsində hazırda ölkəmizdə bir milyonadək qaçqın və məcburi köçkün olduğunu, onların ağır vəziyyətdə yaşamalarına görə Ermənistanın məsuliyyət daşıdığını bildirib. Səfir hazırda ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini, qonşu ölkələrlə iqtisadi əlaqələrinin gücləndiyini bildirərək, Azərbaycanla əməkdaşlıqdan Ermənistanın da faydalana bilməsi üçün işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsinin yeganə yol olduğunu xüsusi vurğulayıb.

Həsən Həsənov Azərbaycanın Avropaya inteqrasiyada maraqlı olmasından və bu baxımdan "Şərq Tərəfdaşlığı"na böyük önəm verməsindən danışıb, Azərbaycanda proqram çərçivəsində Assosiasiya sazişi, Hərtərəfli İnstitusional Quruculuq proqramı, "Euronest" layihəsi və s. istiqamətində görülmüş işlər və hazırkı vəziyyət barədə məlumat verib. Çıxış zamanı enerji sahəsində əməkdaşlıq məsələləri barədə də məlumat verilib.

Azərbaycan-Polşa münasibətlərindən danışan Həsən Həsənov, iki ölkə başçılarının Davos Forumu çəçrivəsində görüşdüklərini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Şərq Tərəfdaşlığı"nın 2011-ci ilin sentyabr ayında Varşava şəhərində keçiriləcək növbəti zirvə görüşündə iştirak etmək üçün Polşaya səfər edəcəyi barədə məlumat verən səfir, bu səfərin Azərbaycanın Aİ-yə inteqrasiyasına təkan verəcəyini və Azərbaycan Polşa münasibətlərini daha yüksək səviyyəyə qaldıracağını bildirib.

Polşa Seyminin "Şərq Tərəfdaşlığı" məsələləri üzrə daimi komissiyasında Şərq Tərəfdaşlığı proqramı ilə bağlı dinləmələr keçirilib. Dinləmələrə komissiyaya daxil olan deputatlarla yanaşı, "twinning" layihəsi çərçivəsində Polşada səfərdə olan Milli Məclisin nümayəndə heyəti də qatılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.