Siyasət

Müsavat cəbhəçiləri "siyasi qoturluq"da ittiham etdi

1 Noyabr 2014 16:56
Baxış: 1 453

İki partiya arasındakı didişmələr etik çərçivəni də aşmağa başlayır

AXCP və Müsavat arasında çoxdandır davam edən gərginlik yenidən pik həddə çatmağa başalyıb. Əli Kərimli "Azadlıq" qəzeti vasitəsilə, İsa Qəmbər isə "Yeni Müsavat" qarşı tərəfə qarşı səlib yürüşünə başlayıb. AXCP sədri müavini Fuad Qəhrəmanlı vasitəsilə İsa Qəmbəri, Rauf Arifoğlunu, "Yeni Müsavat" qəzetini hakimiyyətə işləməkdə ittiham edir. Bu ittihamlardan qəzetin, onun baş redaktoru Rauf Arifoğlunun payına düşənlər lap çox olur. Yəqin bu səbəbdəndir ki, "Yeni Müsavat"ın dünənki sayında qəzet Əli Kərimli və Fuad Qəhrəmanlının cavab verməyə ehtiyac duyulub. "Siyasi qoturları qaşımaq mövsümü başladı" başlıqlı yazıda Əli Kərimlinin və Fuad Qəhrəmanlının ünvanına ən sərt ittihamlar səsləndirilib. Məqalədə qeyd edilir ki, AXCP sıralarında başlamış istefalar, gedənlərin Əli Kərimlini və partiya rəhbərlərini ifşa edən açıqlamaları bu təşkilatın şər makinasını yenidən işə salmasına səbəb olub. Bu cür hallarda isə AXCP rəhbərliyi diqqəti özlərindən yayındırmaq üçün adətən, Müsavatın, ya da "Yeni Müsavat" qəzetinin üstünə gəlir: "Arsenal kasad olduğu kimi, bunu icra edənlər də azsaylıdırlar. AXCP ilə Müsavatın arasını vurmaq, ana müxalifət təşkilatı olan Müsavatı gözdən salmaq, ləkələmək kimi öhdəlik götürmüş Fuad Qəhrəmanlı bəzən aylarla susur. Danışanda da, bir qayda olaraq, yalnız Müsavat Partiyasına və "Yeni Müsavat" qəzetinə qarşı danışır. Əli Kərimlinin şər makinası kimi virtual məkanda böhtan ifraz edən Fuad Qəhrəmanlı bu dəfə də şakərinə uyğun olaraq, "Yeni Müsavat" qəzetinin üstünə gəlib. Nəyə görə? Bəyin hücum bəhanəsinə nə səbəb olub? Qəzetimiz AXCP-dən istefalar barədə xəbərlər dərc edib! Bu qədər bəsit. Buna görə də yenidən hədəfə götürülmüşük. Qəhrəmanlı üçün də meydan açılıb".

Məqalədə qeyd edilir ki, Əli Kərimlinin yayın orqanı olan "Azadlıq" qəzeti Müsavat Partiyası haqqında, oradan istefalar, bəyanatlar barədə səhifə-səhifə yazılar yazar, qurultaya görə bu təşkilatdan narazı qalanların hətta sosial şəbəkələrdəki statuslarından məqalələr düzəldir. Müsavatı guya artıq iflas olan təşkilat kimi təqdim edir. Amma "Yeni Müsavat" AXCP barədə yazanda bundan inciyir: "Əslində Əli Kərimli başda olmaqla, bu siyasət cüvəllağılarına baş qoşmamaq da olar. Bunları zatən zaman-zaman yanlarından gedən dostları özləri ifşa edirlər. Siyasi və insani iflasın son mərhələsini yaşayan bu uğursuzlara fikir verməmək də olardı. Kimdir ki, bunları ciddiyə alan. Ciddiyə alanlar olsaydı, ətrafındakılar niyə gedib dağılırdı.

Sadəcə, bu Əli Kərimlinin bir şakəri var. Hər mövsümdə bir dəfə adamın qaşınması tutur. Tərs kimi, hərə dəfə də özünü gəlib, bizlərə sürtür. İndi yenə, həmin sezondur. Qaşınması başlayıb. Amma bizim işimiz siyasi qoturları qaşımaq deyil axı... Bizim işimiz, xəbər yazmaq, müəssisəmizi qorumaq, işimizi böyütməkdir. Bu işə görə kimlərin bizdən xoşu gəlmirsə, cəhənnəmə gəlməsin".

Doğrudan da, "Azadlıq" qəzeti də bir aydan artıqdır ki, Müsavat Partiyasında qurultay sonrası baş verən olayları həvəslə işıqlandırmaqdadır. Qəzetin demək olar ki, hər sayının bir səhifəsi bu mövzuya həsr olunur, Müsavatın dağılmaq ərəfəsində olduğu görüntüsü yaradılır. "Azadlıq" faktiki olaraq Arif Hacılının başqanlığını qəbul etmir. Öz qapılarını isə ondan narazı olanların üzünə açıbdır.

Belə demək mümkündürsə, artıq hər iki tərəf bütün abır-həyanı kənara qoyub, bir-birinə qarşı ən təhqiramiz ifadələri işlədir. Siyasi mühit nə qədər süstlük olsa belə, AXCP-Müsavat davası səngimək bilmir. Bütün bunlar isə gələn il keçiriləcək parlament seçkilərinə hesablanmış gediş ola bilər. Hər iki tərəf həmin vaxta qədər əsas müxalif təşkilat olduğunu nümayiş etdirmək istəyir. Bu zaman isə hətta etik davranış qaydaları da yaddan çıxır.

Bütün bunlar həm də onu deməyə əsas verir ki, seçkilər yaxınlaşdıqca bu iki partiya arasındakı münasibətlər daha da kəskinləşəcək. Tərəflər bir-birinə qarşı ən ağlagəlməz vasitələrdən istifadə etməklə hücuma keçəcəklər. "Yeni Müsavat"ın da yazdığı kimi - siyasi qoturları qaşımaq mövsümü başlayır... Hələ başlayır....

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.