Siyasət

Sərdar Cəlaloğlu: "Gəlmirsə, qoy cəhənnəmə gəlsin..."

18 Avqust 2014 17:34
0 Şərh     Baxış: 911

ADP sədri sözünü geri götürdü

"Həbs olunanların ətrafında gedən polemikalar artıq müxalifətin barışmaz intriqa obyektinə çevrilib. Məsələnin belə bir səviyyəyə gətirilməsi isə əxlaqsızlıqdır!"

Sözügedən fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan və ADP-nin, KXCP-nin, "Ümid"in, VİP-in və s. müxalifət partiyalarının da təmsil olunduğu Müdafiə Komitəsinin tədbirlərinə AXCP tərəfindən qara piar kampaniyası aparılmasına münasibətini bildirərkən deyib.

ADP sədri bununla bağlı deyib ki, əgər onlar ayrılıqda özləri üçün müdafiə komitəsi yaradıblarsa, artıq onların digər müdafiə komitəsinin tədbirlərinə qatılmalarına ehtiyac yoxdur: "Mən, sadəcə olaraq, müxalifətin bu cür məsələdə bir araya gəlməsinin vacibliyi haqqında demişdim. Ancaq indi sözümü geri götürürəm, lazım deyil, gəlməsinlər. Sadəcə, həbs olunanların müdafiəsi arxa plana keçib və ortada müəyyən məqamlara, maraqlara görə müxalifət partiyaları bir-biri ilə boğuşur. Mən açığını deyim ki, buna görə çox utanıram. Yəni burada heç kim Əli Kərimliyə demir ki, gəl sən də mütləq şəkildə bizə qoşul. Gəlmir özü bilərlər. Daha burada bu qədər böhtana, şantaja, ayamaya, araqarışdıranlıq etməyə ehtiyac yoxdur. Məgər onların hansısa üstünlüklərimi var?! Gəlməsələr, dünya dağılmayacaq, ya da gəlsələr, dünya dağılacaq?! İndi bunlar gəlməmək üçün bəhanələr axtarırlar. Bu gün kimlərin Azərbaycanda intriqa apardıqları, hakimiyyətə işləmələri bəllidir. Belə bir söz var, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Əli Kərimli və ətrafı məhz oğrudur".

Sərdar Cəlaloğlu AXCP rəsmilərinin onların təmsil olunduğu Müdafiə Komitəsindəki partiyaları intriqant kimi qələmə verməsinə də münasibətini açıqlayıb: "Bizi intriqant kimi təqdim edənlər götürsünlər son iyirmi ildə hansı qurum və birliklərdə təmsil olunduqlarını sadalasınlar. Hansı ki, İctimai Palatada Müsavat Partiyası onlarla əməkdaşlq edib, Milli Şurada da eynilə. Biz Azadlıq Blokunda da bir yerdə əməkdaşlıq etmişik. Yaxud biz ADP olaraq Ümid Partiyası ilə uzun illər əməkdaşlıq etmişik. Bəs bizi intriqa yaymaqda ittiham edən AXCP rəsmiləri fikirləşiblərmi ki, təmsil olunduqları hər bir qurumda intriqanı elə özləri salıb?! Bunlar belədirlər də. Harada özləri varsa, ora "həqiqi müxalifətdir". Harada yoxdurlarsa, ya da kimlər onlarla deyilsə, bu zaman həmin tərəflər "hakimiyyətə işləyən müxalifətə" çevrilir.

Ancaq unudurlar ki, həbs olunanların arxasında siyasi kapital toplamağa cəhdlər etmək əxalqsızlıqdır! Özlərinə siyasi divident qazanmaq üçün digərlərinə qarşı qara piar aparmaq da əxalqsızlıqdır! Bu bilirsiniz həm də nəyə oxşayır? Elə bil ki, gedirsən yasa və yas qalır bir kənarda başlayırsan qeybət etməyə, qarın davası döyməyə. Bunlarınkı bax, budur!

Belə də ki, gəlmirsən cəhənnəmə gəl! Sənin imzan məgər kimlərinsə imzasından üstün-zaddır?! Yoxsa hər hansı xüsusi əhəmiyyətə-filana malikdir?! Ya da sən digər imza atanlardan hansı üstün əxlaqa maliksən ki, özünü qaldırıb qoymusan dağ başına?! Sən sevinmək yerinə ki, səni harasa dəvət etdirlər, bunun əvəzində özün haqqında bədgüman fikirlər yaradırsan".

ADP sədri vaxtilə AXCP-ni öz tədbirlərinə çağırdığına görə peşman olduğunu deyib: "Mən daha öncə AXCP-ni bizim təmsil olunduğumuz müdafiə komitəsinin tədbirinə dəvət edərkən, oradakılar bundan narazı idilər. İndi buna görə peşmanam. Gərək, ümumiyyətlə, dəvət etməyəydim. Əli Kərimli də elə bilir ki, onun ora dəvət olunmasının arxasında kələk var. Ona görə də gəlmirsə, qoy cəhənnəmə gəlsin, vəssalam!"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.