Siyasət

İran səfiri: "İraq dövlətinin İŞİD-lə mübarizə üçün kifayət qədər gücü var" - MÜSAHİBƏ

18 İyun 2014 16:59
0 Şərh     Baxış: 1 302
Möhsün Pak Ayin: "İslam alimlərinin, o cümlədən müctəhid Sistaninin terrorçulara qarşı cihad elan etməsi xalqı birləşdirdi və terrorçulara böyük zərbə oldu"
Milli.Az İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayinin APA-ya müsahibəsini təqdim edir.

- Hörmətli səfir, İraqda günbəgün gərginləşən hadisələrə İranın mövqeyini bilmək istərdik. Getdikcə İraqın daha çox ərazisini nəzarət altına alan İŞİD silahlıları islam aləminin müqəddəs ziyarətgahlarını da təhdid edir. Bu problem haradan qaynaqlanır və İran məsələnin həllini necə görür?


- İraqda xoşagəlməz hadisələr baş verir. Terrorçu qruplar dinc əhalini qətlə yetirib, ölkənin bəzi ərazilərini ələ keçirirlər. Bu işləri görən, hadisələri törədən qrupun adı İŞİD-dir və onlar Suriya və İraq ərazisində dövlət qurmaq istəyirlər. Təəssüflər olsun ki, İŞİD qrupunu və onunla həmfikir olan terrorçu qruplarını regionda İsrailə kömək edən, dəstəkləyən ölkələr himayə edir və dəstəkləyirlər. Bu qruplar onların vasitəsilə yaradılıb. İsraili dəstəkləyən və himayə edən dövlətlər terrorçu qrupları və İŞİD-i silahlandırmaqla Suriyanın qanuni hökumətini aradan götürmək istəyirdilər. Suriya xalqının köməyi ilə terrorçu qruplar Suriyada zərərsizləşdirildi və onlar İraq ərazisində fəaliyyətlərini genişləndirməyə başladılar. Onlar İraqın əsasən Əl-Anbar və Fəlluca şəhərlərində təmərküzləşdilər və Mosula hücum etdilər. İŞİD-in planı bu idi ki, İraqın sünnilər yaşayan məntəqələrində təmərküzləşsin, orada qanuni hökumətlə və insanlarla döyüşməklə İraqdan dünyaya sünni-şiə müharibəsini göstərsin. Amma İraqın həm sünni, həm də şiə əhalisinin terrorçu qrupa, İŞİD-ə qarşı mübarizəsi göstərdi ki, İraqda məzhəb münaqişəsi deyil, terrorçularla mübarizə getməlidir. İŞİD-in bir məqsədi budur ki, dinc insanları vəhşiliklə qətlə yetirməklə insanlar arasında vahimə yaratsın və bu yolla özünün ərazisini böyütsün, gördüyü işləri dünyaya çatdırsın. Lakin İŞİD qruplaşmasının az bir vaxtda müvəffəqiyyətinə rəğmən İraq xalqı birləşərək onlara zərbələr endirdi.

İslam alimlərinin, o cümlədən müctəhid Sistaninin terrorçulara qarşı cihad elan etməsi xalqı birləşdirdi və terrorçulara böyük zərbə oldu. Müctəhidin bu fətvasına nəinki şiələr, hətta sünnilər müsbət rəy verdilər və könüllü şəkildə terrorçulara qarşı mübarizəyə qalxdılar. İŞİD-in bugünkü vəziyyəti yaxşı deyil. İraq ordusunun və xalqın müqaviməti nəticəsində böyük itkilər verirlər. Xoşbəxtlikdən dünya birliyi, o cümlədən BMT və İƏT baş katibliyi bu məsələdə öz mövqelərini bildirdilər və İraq xalqı ilə həmrəylik nümayiş etdirdilər.

- Amerikanın və Türkiyənin İŞİD-lə bağlı rəsmi mövqe bildirməməsinə İranın münasibəti necədir?

- Bildiyim qədər, Türkiyədə rəsmi şəxslərindən biri İŞİD-in fəaliyyətini pisləyib. Hər halda belə düşünürəm ki, dünya ölkələri İŞİD-in törətdikləri hərəkətlərə görə məsuliyyət hiss eləməli və öz mövqelərini açıq bildirməlidirlər. Ona görə ki, İŞİD təhlükəsi müəyyən bir regiona aid deyil. Bu, ideoloji təhlükədir və gələcəkdə dünyaya terrorizmin yayılmasına yol açacaq. Biz ümid edirik ki, İŞİD-ə qarşı qətiyyətli mövqe bildirməyən ölkələr də mövqelərini bildirəcəklər.

- İran İŞİD-ə qarşı mübarizəni konkret olaraq necə görür? Tehran İŞİD-ə qarşı savaşan qüvvələrə yardım göstərirmi?

- İŞİD-in İraqdakı qələbələrinə aid Qərb və bəzi region mətbuatında gedən xəbərlər həqiqəti əks etdirmir. İŞİD-in fəaliyyətinin şişirdilməsinə yönəlib. Bizdə olan məlumata görə, İŞİD terrorçuları Samirə şəhərinə də yaxınlaşmayıblar. Müqəddəs Kərbəla, Nəcəf, Samirə, Kazımeh şəhərləri nəinki şiələr, bütün dünya müsəlmanları üçün müqəddəs yerlərdir. Oradakılar peyğəmbərimizin əhli-beytidir. Bütün müsəlmanlar onları sevirlər. Müctəhidlərin fətvasına əsasən bütün İraq xalqı birləşərək terrorçulara qarşı qalxıblar. Düşünmürəm ki, terrorçular nəyəsə nail olsunlar. İraq müstəqil dövlətdir. Digər ölkələrin təsiri ilə öz xarici siyasətini yürütmür. Bizim İraqla əlaqələrimiz strateji səviyyədədir və bu, üçüncü ölkələrə qarşı yönəlməyib. Digər ölkələr İŞİD-i İraqın üzərinə qaldırmaqla, İraq-İran münasibətlərinə təsir göstərmək istəyirlərsə, səhv edirlər. Terrorçuların məqsədindən asılı olmayaraq dəstəklənməsi səhv işdir.

- Sualımızın ikinci hissəsi ilə bağlı cavabınızı istərdik. Mətbuatda yer alan məlumatlara görə, İranın "Qüds" xüsusi təyinatlı briqadası İraqa göndərilib. Bu gün saytlarda yer alan xəbərə görə, İraqda döyüşən İran xüsusi təyinatlıları ilk itkisini verib. Bu xəbərlər nə dərəcədə doğrudur?

- Biz bu xəbərləri rəsmən təkzib edirik. Bizim İraqda heç bir canlı qüvvəmiz yoxdur. Biz İraq dövləti ilə müzakirələr aparır, lazımi tövsiyələrimizi veririk. Belə düşünürük ki, İraqın özünün hərbi imkanları terrorçu qruplarla mübarizə aparmağa kifayət edər. Başqa bir ölkənin ora hərbi qüvvə göndərməsinə ehtiyac yoxdur. Belə xəbərlərin yayılma məqsədi də terrorizmlə mübarizədə fikri yayındırmaqdır. İŞİD-in qələbələrinin göstərilməsi sadəcə, blefdir. Onlar heç nəyə nail ola bilməyəcəklər.

- İranın münasibətlərinin soyuq olduğu, Suriyada Bəşər Əsədə qarşı üsyançıları dəstəkləyən Səudiyyə Ərəbistanı da İŞİD-in "qara siyahısı"nda yer alır. İran İŞİD məsələsində bu və digər region ölkələri ilə əməkdaşlığa necə baxır?

- Biz İŞİD-in fəaliyyətini pisləyən, onların qarşısını almağa çalışan hər bir ölkənin yanındayıq.

- Terror təşkilatı ilə mübarizədə İraqa beynəlxalq qüvvələrin dəvət edilməsi məsələsinə rəsmi Tehran necə yanaşır?

- Bir daha təkrar edirəm, İraq dövlətinin və İraq ordusunun bu silahlı qruplaşma ilə mübarizə aparmağa kifayət qədər imkanları var. Üçüncü qüvvələrin İraqa daxil olmasına ehtiyac yoxdur. İŞİD-in İraqda bu gün fəaliyyətinin güclənməsinin əsas səbəbi odur ki, İraqda demokratik seçkilər keçirildi. Düşünürəm ki, terrorçuların fəaliyyəti Suriyada xalqın birləşməsinə səbəb oldusa, İraqda da bənzəri olacaq.

- Siz İraqa yardıma İrandan heç bir hərbi qüvvənin göndərilmədiyini söylədiniz. Ayətullah Sistaninin cihad çağırışından sonra İrandan könüllü şəkildə vətəndaşların İraqa getməsi faktı qeydə alınıbmı?

- Bizdə bu barədə məlumatlar yoxdur. Biz buna zərurət görmürük. Lakin kimsə İraqa gedirsə, orada könüllü şəkildə döyüşürsə, biz onun qarşısını ala bilmərik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.