Yataq dövləti: ya pis, ya yaxşı
Böyük dövlətlərin yürütdükləri siyasət bəzən kiçik, amma özlərini böyük sayan dövlətləri ağır günlərə düçar edir. Həmin kiçik dövlətləri idarə edənlərin reallıq hissləri kəm, siyasətləri isə yarıtmaz olanda problemlərin sayı daha da artır.
Ermənistan belə ölkələrdən biridir.
Zavallı bir məkan.
Ermənistan dünya siyasətinin olduqca ağır dönəminin burulğanına düşdüyündən indi onun taleyini tabe olduğu dövlətlər həll edir. Həmin dövlətlər arasında ermənilərə əsrlər boyu müxtəlif oyunlarında kuklalar kimi baxmış Rusiya da var.
Çar Rusiyasında ermənilərə türklərə qarşı vuruşmaq, Sovetlər dövründə əmrlərə sözsüz itaət əmr olunurdusa, indi ölümə hazırlıq və itaətlə yanaşı, tale ilə kor-koranə barışmaq da tələb edilir.
Moskva belə istəyir. Ermənilərin şimal ağasının istəkləri həmişə əmrlərlə müşayiət edildiyindən Yerevanın həmin göstərişləri yerinə yetirməmək imkanları olmayıb, yoxdur və belə gedərsə, çətin ki, olsun.
İndiki mərhələnin Ermənistana nə verəcəyi ermənilərin davranışından asılıdır.
Prezident Serj Sarkisyan və onun dəstəsi ilə yanaşı, hakimiyyətdə kök salmış oliqarxlar, ermənilərin malına və ən pisi, gələcəyinə susamış adamlar kənarlaşdırılsalar, müxalifət normal vəziyyətə salınarsa, demokratik dəyərlər gerçəkdən də yaşam prinsipləri sayılarsa - Ermənistan, bəlkə, dövlət kimi qala bildi. Bəlkə də.
Yox, əgər heç nə dəyişməzsə, Yerevanın bundan sonra da uzun müddət ölkə paytaxtı qismində şəhər təki qalması şübhəlidir.
Ermənilər anlamasalar da, seçim qarşısındadırldar. Ya ölkədəki prosesləri və ölkə xaricindəki hadisələri dəyərləndirərək irəliləyiş üçün gərəkli işlər görməli, ya da mövcudluq resursları bütünlüklə tükənərək müstəqilliklə suverenliyin son qırıntıları da məhv edilərək ölkənin "yataq dövləti"nə çevrilməsini seyr etməlidirlər.
Yerevandakı hakimiyyət vəziyyətin o qədər də ağır və məşəqqətli olmadığını göstərmək üçün indi bir çox dövlətlərin belə vəziyyətə düşdüklərini deyir. Yəni buyurur ki, dünya bazarlarında xam neft ucuzlaşandan, Rusiya Ukraynaya qoşun yeridəndən, Yəməndə müharibə başlanandan, Suriya və İraqdakı savaşlar daha da aktivləşəndən sonra onlarla ölkə "ya yaxşı, ya pis" situasiya ilə qarşılaşıb.
Təbii, siyasət primitivlikdən xali olmur. Ermənistan hakimiyyəti də dəyişikliklərlə yenilikləri təxirə salmaq üçün vətəndaş azadlıqlarını boğmağa, müxalifətə qarşı repressiyaları gücləndirməyə, insan haqlarını tapdalamağa davam edə bilər. Serj Sarkisyan rejimi bu minvalla manevr imkanları qazanır, kəskin ehtiyac duyduğu vaxt qazanmağa can atır.
Nəzəri baxımdan belədir.
Praktiki olaraqsa Ermənistanın xarici siyasətdə manevr imkanları yoxdur.
Ermənilər ya oğurluqla idiotizmi qəribə şəkildə birləşdirməyi bacarmış hakimiyyətdən qurtulmalı, ya da uçuruma yuvarlanmaları ilə barışmalıdırlar.
Mövcud geosiyasi mərhələdə ermənilərdən bir xalq kimi cəsarət, ayıqlıq və həm də məntiq tələb olunur.
İlkin şərtlər isə dövlətin idarəolunması proseslərində xalqın ən geniş formada iştirakının təminatıdır. Ermənistanın taleyi, ölkənin problemlərinin müzakirəsi və ya həlli bir dəstə insanın nəzarətindəki fəaliyyət, inhisarlaşdırılmış əməllər olmalıdır. İstənilən dövlətdə bəhs etdiyimiz davranış olanda xalqın əqli kapitalı puça çevrilir.
Əks olanda isə insanlar dövləti bəlalardan qurtarmaq və yaramaz hakimiyyətin marazm qərarlarının vura biləcəyi ziyanın qarşısını almaq üçün potensiallarını işə salırlar.
Ermənistan iqtidarı daxili siyasətlə bağlı qərarların qəbulunda və xarici siyasətdə ölkənin bundan sonrakı gələcəyini müəyyənləşdirəcək kursu müəyyənləşdirəndə "hami" rolunu oynayan Rusiya ilə məsləhətləşmələr aparır. Serj Sarkisyan rejimi ağır situasiyadan, yaranmış çətin vəziyyətdən gileylənir. Halbuki, xalqı kütlə kimi görmək yerinə, idarəetmə prosesinə cəmiyyətin müdaxiləsini istisna etmək əvəzinə, xalqın dövlətlə münasibətlərini qismən normal vəziyyətə salmaq Yerevanın dirəndiyi dalandan qurtulmasına yetər.
Yerevandakı iqtidardan fərqli olaraq, ağıllı hakimiyyət problemləri təkbaşına həll etmir - çətinliklərin çözülməsini cəmiyyətə həvalə edir. Vətəndaşlar da iqtidarın yaratdığı azad, rəqabətli şəraitdə sərbəst düşünür və sonucda problemlərin həlli üçün hakimiyyətə çıxış yolları təklif edirlər.
Həmin yollar sonradan ölkənin inkişafını təmin edir, tərəqqisini qaçılmaz hala çevirir.
Ermənistan yolayrıcındadır və seçəcəyi yol gələcəyini müəyyənləşdirəcək.
Üstəlik, Dağlıq Qarabağdakı cəbhə bölgəsi və Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin artması, atışmaların intensivləşməsi müharibənin yenidən başlanacağı ilə bağlı ermənilərdə xof yaradıb.
Bu xof hələlik səthi, irrasional səviyyədədir və daxili siyasət diskursunun tərkib hissəsi deyil. Amma unutmayaq ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadığından belə diskurs qaçılmazdır. Ermənistan rəhbərliyi müharibənin bərpasının perspektivlərini effektiv dərk etmək üçün psixoloji nüansları real qiymətləndirə bilmir. Ölkə illərdən bəri hərb və sülh arasında olduğu halda müharibə reallığı, hərbi əməliyyatların strategiyası ilə bağlı müzakirələr cəmiyyətdə adi hala çevrilsə də, iqtidarın nələr edəcəyini, hansı addımlar atmağa hazırlaşdığını cəmiyyət bilmir.
Müharibə köpək təkidir: nə qədər çox qorxsan, bir o qədər sənə yaxınlaşacaq.
Ermənistanda sağlam cəmiyyət olmadığından Yerevandakı iqtidar bütün "nikbin" açıqlamalarına, aqressiv çıxışlarına və şüarlarına rəğmən, müharibədən qorxur.
Özü də çox qorxur.
Ermənilər hələ də dərk etmirlər ki, müharibə yalnız döyüşlər, atəşlər və qurbanlar yox, həm də situasiya, dövlət həyatı, cəmiyyətin yaşamıdır.
Müharibə əməl və hərəkət yox, vəziyyətdir.
Serj Sarkisyan iqtidarı isə cəmiyyəti idarə edə bilmədiyindən insanların diqqətini ən müxtəlif məsələlərlə əsas problemdən yayındırır, ədalət və vicdanın nə olduğunu bilməyən insanları önə çıxarır, onları situasiyanın qəhrəmanlarına çevirməyə can atır.
Nəticədə Ermənistanda deqradasiya müşahidə olunur və bunun nəticəsində cəmiyyət hərbi diskurs əvəzinə müharibə xofunu yaşayır.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Dünya dağılıb, heç nə işləmir"
-
Netanyahu etiraf etdi: Düzgün qiymətləndirməyib
-
Ora yaxınlaşanı məhv edəcəyik - Tramp
-
"İranda küçələrə adımı verirlər, mənə “Bibi can” deyirlər"
-
Tramp Çinə gedir
-
İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb - VİDEO
XƏBƏR LENTİ
-
Nərgiz Məhəmmədi azadlığa buraxıldı
-
Natavanla Dado yenidən bir arada
-
"Barselona"dan Flik qərarı
-
"Ulduz müharibələri"nin "zabiti" vəfat edib
-
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
-
Almaniyada həbsxanada yanğın: Xeyli yaralı var
-
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
-
Trampın qərarından sonra Netanyahu fövqəladə müşavirə topladı
-
Gələn il veteran pulu ARTIRILACAQ?
-
İtkin düşən 9 nəfər tapıldı
-
Gümüşün qiyməti kəskin ARTDI
-
Şəmkirdə ağır QƏZA: Ölən var
-
"Sabah" - "Neftçi" oyunu bu tarixdə olacaq
-
Polis avtomat və tüfənglər aşkarladı
-
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qoruyan qız yaralandı
-
Azərbaycan millisi Avropa Kubokunu 9 medalla başa vurdu
-
Rusiyanın itkiləri yeniləndi
-
Türkiyədə hantavirus həyəcanı: 3 nəfər nəzarətə götürüldü
-
Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib - FOTO
-
61 yaşlı kişi iş yerində qəfil öldü
-
Güclü külək gəlir - XƏBƏRDARLIQ
-
İki yaşlı uşaq faciəli şəkildə ÖLDÜ
-
Aİ Suriyaya tətbiq olunan məhdudiyyətləri ləğv etdi
-
3 gün dayanmadan yağış yağacaq - Bu tarixlərdə





