Cəmiyyət

Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır

3 Noyabr 2026 23:11
Baxış: 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Son vaxtlar sosial şəbəkələrdə geyim mağazalarının reklamlarına baxarkən istər-istəməz bir sual yaranır: Biz həqiqətən paltar reklamına baxırıq, yoxsa reklam adı altında cəmiyyətə başqa mesajlar ötürülür?

Bəzi mağaza sahibləri məhsullarını tanıtmaq üçün özlərini "model" adlandıran şəxslərin xidmətindən istifadə edirlər. Lakin bu reklamların bir qismində geyimin özü arxa plana keçir, diqqət isə nümayiş etdirilən açıq-saçıq görüntülərə, süni seksual davranışlara və izləyicinin diqqətini cəlb etmək üçün seçilən qeyri-etik təqdimat üsullarına yönəlir.

Əslində, geyim reklamının məqsədi sadədir: məhsulu tanıtmaq, onun keyfiyyətini, görünüşünü və üstünlüklərini alıcıya təqdim etmək. Bəs nə vaxtdan paltarın reklamı üçün insan bədəninin nümayişi əsas vasitəyə çevrilib?

Burada söhbət heç kimin geyim seçiminə və şəxsi azadlığına müdaxilədən getmir. Məsələ reklam adı altında cəmiyyətə təqdim olunan görüntülərin xarakteri və xüsusilə azyaşlıların da izlədiyi sosial şəbəkələrdəki məzmunun məsuliyyətidir.

Təəssüf ki, bəzi sahibkarlar daha çox baxış və satış əldə etmək naminə reklamla qeyri-etik təqdimat arasındakı sərhədi unudurlar. Nəticədə reklam olunan geyim deyil, nümayiş etdirilən açıq-saçıq görüntülər müzakirə mövzusuna çevrilir.

Məsələnin hüquqi tərəfi də var. Milli Məclisin qəbul etdiyi qanun dəyişikliyi ilə İnzibati Xətalar Məcəlləsinə 510.2-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, internetdə kütləvi nümayiş etdirilən, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən, o cümlədən əxlaqsız ifadələr, müvafiq jestlər və insan bədəninin hissələrinin əxlaq normalarına zidd formada nümayişi ilə bağlı hərəkətlərə görə 500 manatdan 1000 manatadək cərimə və ya müəyyən hallarda bir ayadək inzibati həbs nəzərdə tutulur.

Eyni pozuntu inzibati tənbeh qərarı qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədilərsə, cərimə 1000 manatdan 2000 manatadək artır, yaxud bir aydan iki ayadək inzibati həbs tətbiq oluna bilər.

Deməli, reklam adı altında yayımlanan hər görüntü məsuliyyətdən kənarda qalmır. Lakin konkret paylaşımın bu maddəyə uyğun olub-olmaması hüquqi qaydada müəyyən edilməlidir.

Unutmayaq ki, paltar reklamının məqsədi geyimi tanıtmaqdır, açıq-saçıq görüntülərlə diqqət və qazanc əldə etmək yox!

Reklam satış vasitəsidir, cəmiyyətin mənəvi dəyərlərini kommersiya maraqlarına qurban vermək vasitəsi deyil!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.