Siyasət

İtkinlər məsələsində ikili yanaşma: Qırmızı Xaçın fəaliyyəti sual altında

20 Noyabr 2026 16:15
Baxış: 132

Ermənistanda keçirilən itkin düşmüş şəxslərlə bağlı tədbirdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsinin çıxışı və Ermənistanla əməkdaşlığın gücləndiriləcəyinə dair vədləri təşkilatın Azərbaycandakı uzunmüddətli fəaliyyətinin yenidən müzakirəyə çıxarılmasını zəruri edir. Çünki humanitar prinsiplərə, neytrallığa və insan ləyaqətinə hörmətə əsaslandığını bəyan edən bir qurumun fəaliyyəti yalnız səsləndirdiyi fikirlərlə deyil, konkret nəticələri ilə qiymətləndirilməlidir.

Azərbaycan üçün bu məsələnin xüsusi əhəmiyyəti var. Birinci Qarabağ müharibəsi zamanı minlərlə azərbaycanlı itkin düşüb, əsir və girov götürülüb. Onların taleyinin müəyyənləşdirilməsi, ailələrinə məlumat verilməsi və qalıqlarının tapılması istiqamətində uzun illərdir gözlənilən nəticələrin əldə olunmaması humanitar təşkilatların məsuliyyəti məsələsini də gündəmə gətirir.

Xüsusilə BQXK-nın 1998 və 2001-ci illərdəki məktubları ilə bağlı məlumatlar diqqət çəkir. Həmin məktublarda Ermənistan tərəfindən əsir-girov götürülmüş 54 azərbaycanlının sağ olması barədə məlumatın təsdiqləndiyi, təşkilat nümayəndələrinin onların saxlanıldığı yerlərə baş çəkdiyi və şəxslərin rəsmi qeydiyyata alındığı bildirilir. Azərbaycan tərəfinin təqdim etdiyi məlumatlara görə, sonradan həmin şəxslərdən yalnız 17-nin nəşi Azərbaycana təhvil verilib. Qalan 37 nəfərin taleyi və onların qalıqlarının harada olması ilə bağlı suallar isə bu gün də tam cavablandırılmayıb.

Bu fakt BQXK-nın fəaliyyətinə dair ən ciddi suallardan birini ortaya qoyur: təşkilat vaxtilə sağ olduqlarını təsdiqlədiyi və qeydiyyata aldığı insanların sonrakı taleyinin müəyyənləşdirilməsi üçün hansı addımları atıb? Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə baxmayaraq, bu məsələdə yetərli nəticənin əldə olunmaması təşkilatın məsuliyyəti və hesabatlılığı ilə bağlı sualları artırır. İnsanların taleyinə dair məlumatın illərlə cavabsız qalması yalnız statistik göstərici deyil, onların ailələrinin hüquqları və humanitar öhdəliklər baxımından ciddi problemdir.

BQXK-nın fəaliyyəti ilə bağlı narazılıqlar təkcə itkin düşmüş şəxslərin məsələsi ilə məhdudlaşmır. Təşkilatın 2020-2023-cü illərdə Qarabağda həyata keçirdiyi fəaliyyət, Xankəndidəki nümayəndəliyinin statusu və Azərbaycanın suverenliyi ilə bağlı həssas məsələlərdə tutduğu mövqe də müzakirə predmetidir. Azərbaycan tərəfi həmin dövrdə BQXK-nın bəzi addımlarının ölkənin suveren hüquqlarına və qanuni tələblərinə lazımi həssaslıqla yanaşmadığını bildirib.

2019-cu ildə Xocavənd rayonunun Tuğ kəndində keçirilən şərab festivalında BQXK-nın Xankəndidəki ofisinin rəhbərinin iştirakı və tədbirlə bağlı paylaşımlar etməsi də bu kontekstdə xatırladılır. Azərbaycan ərazilərinin işğal altında olduğu bir vaxtda belə tədbirdə iştirakın təşkilatın neytrallığı ilə necə uzlaşdığı sual doğurur. Eyni zamanda, 2005-ci ildə Ağdam rayonunun Şahbulaq qalası ətrafında aparılan arxeoloji qazıntılarla bağlı BQXK-dan mövqe gözlənildiyi, lakin təşkilatın buna münasibət bildirmədiyi qeyd olunur. Bu cür nümunələr təşkilatın humanitar mandatının münaqişənin digər həssas aspektlərinə münasibətdə necə tətbiq edildiyinin araşdırılmasını zəruri edir.

2023-cü ildə Qarabağda ərzaq təminatı ilə bağlı yaranmış gərginlik zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölgənin erməni sakinlərinə ərzaq çatdırmaq təşəbbüsü də mübahisələrin mərkəzində olub. Azərbaycan tərəfinin mövqeyinə görə, həmin təşəbbüsə BQXK tərəfindən lazımi dəstək göstərilməyib. Halbuki humanitar prinsiplər ehtiyacı olan mülki əhaliyə yardımın siyasi mübahisələrdən kənar tutulmasını tələb edir. Bu səbəbdən təşkilatın həmin dövrdəki mövqeyi ilə bağlı sualların cavablandırılması vacibdir.

BQXK-nın hüquqi statusu da bəzən müzakirələrdə yanlış təqdim olunur. Təşkilat özünü beynəlxalq humanitar qurum kimi təqdim etsə də, onun hüquqi əsasları İsveçrə qanunvericiliyinə söykənir və xüsusi beynəlxalq mandatı Cenevrə konvensiyaları ilə müəyyən edilir. Bu status təşkilatı tənqiddən kənarda saxlamır. Əksinə, ona verilmiş xüsusi etimad və mandat fəaliyyətində daha yüksək şəffaflıq, neytrallıq və hesabatlılıq tələb edir. Təşkilat rəhbərliyində İsveçrə vətəndaşlarının üstünlük təşkil etməsi məsələsi də idarəetmənin şəffaflığı və təmsilçilik baxımından müzakirə oluna bilər.

İndi isə BQXK nümayəndəsinin Ermənistanda səsləndirdiyi əməkdaşlıq vədlərinə qayıdaq. Ermənistanın 4 mindən çox azərbaycanlının taleyi ilə bağlı məlumatlara sahib olduğu, kütləvi məzarlıqların koordinatlarının açıqlanması və axtarış prosesinə dəstək məsələlərinin hələ də tam həllini tapmadığı bir şəraitdə yeni vədlər konkret addımlarla müşayiət olunmalıdır. Əks halda, belə bəyanatlar itkin ailələrinin gözləntilərini artırmaqdan başqa real nəticə verməyəcək.

BQXK ilk növbədə 1998 və 2001-ci illərdə qeydiyyata aldığı 54 azərbaycanlının taleyi ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Həmin şəxslərin hansı şəraitdə və nə vaxt öldüyü, qalıqlarının harada olduğu, Ermənistan tərəfinin təşkilata hansı məlumatları təqdim etdiyi və bu məlumatların ailələrə çatdırılması üçün hansı tədbirlərin görüldüyü açıqlanmalıdır. Eyni zamanda, Azərbaycan tərəfinin əvvəlki müraciətlərinə niyə konkret nəticə verilmədiyi izah olunmalıdır.

Humanitar fəaliyyət siyasi mövqelərdən və geosiyasi maraqlardan asılı olmamalıdır. BQXK-nın neytrallığı yalnız bəyanatlarda deyil, bütün tərəflərə münasibətdə eyni prinsiplərin tətbiqində özünü göstərməlidir. Ermənistanla əməkdaşlığa hazır olduğunu bildirən təşkilat Azərbaycan ailələrinin onilliklərdir gözlədiyi suallara da eyni həssaslıqla yanaşmalıdır.

İtkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələ hər hansı siyasi mübahisənin predmeti deyil. Bu, minlərlə ailənin həqiqəti bilmək, yaxınlarının taleyindən xəbər tutmaq və onların qalıqlarını dəfn etmək hüququdur. BQXK-nın üzərinə götürdüyü humanitar missiyanın etibarlılığı da məhz bu məsələlərdə nümayiş etdirdiyi real fəaliyyətlə ölçüləcək.

Milli.Az saytının baş redaktor müavini Fərid Zöhrabov

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.