Siyasət

COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev

10 Noyabr 2026 20:12
Baxış: 96

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycanda COP29-da qəbul olunmuş qərarların icrası və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin göstərilməsi məsələləri müzakirə olunur.

Bunu COP31 çərçivəsində Trend-ə açıqlamasında Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.

O, bildirib ki, hər bir COP-un mövzusu ondan əvvəlki COP-larda qəbul olunmuş qərarlardan çox asılıdır və bu prosesdə müəyyən ardıcıllıq mövcuddur.

"Azərbaycanda qəbul olunmuş qərarların növbəti COP-larda implementasiyası, yəni icrasının necə həyata keçirildiyi müzakirə olunur və bununla bağlı hesabatlar təqdim edilir. Ona görə də keçmiş qərarların icrasına nəzarətin necə həyata keçirilməsi və onların nəticələrinin necə hesablanması çox önəmlidir", - deyə M.Babayev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan inkişaf etmiş ölkələrin və beynəlxalq maliyyə institutlarının üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə xüsusi diqqət yetirir.

M.Babayev vurğulayıb ki, inkişaf etməkdə olan ölkələr beynəlxalq platformalarda texniki və maliyyə yardımları ilə bağlı tələblərini açıq şəkildə ifadə edir, bu məsələlərdə inkişaf etmiş dövlətləri məsul tərəf kimi görürlər.

O əlavə edib ki, Azərbaycan belə müzakirələrdə vasitəçi rolunu oynamağa və inkişaf etməkdə olan ölkələrin mövqeyini inkişaf etmiş dövlətlərə, eləcə də beynəlxalq maliyyə institutlarına çatdırmağa çalışır.

"Bir çox ölkələr bizdən xahiş edirlər ki, onların müraciətlərini inkişaf etmiş dövlətlərə və beynəlxalq maliyyə institutlarına çatdıraq. Biz də onlara bu istiqamətdə kömək etməyə çalışırıq", - deyə o, bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.