Ölkə

Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?

10 Noyabr 2026 18:46
Baxış: 96
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Orada bir zalım hökm sürür. O zalım bizim qardaşımız deyil, yəhudilərin qardaşı, yəhudilərin dostudur. Bizim dostumuz deyil. İnsanlara İsrail zülm edir, yoxsa İsrailin nökəri, bunun nə fərqi var?"

Bu sözləri nə İranın təbliğat maşınının nümayəndəsi söyləyib, nə də erməni revanşisti. Məzkur bəyanat Türkiyənin din xadimi Seyda Feyzullah Konyəviyə məxsusdur. Özünü "müsəlmanların müdafiəçisi" kimi təqdim edən bu şəxs, əslində, qardaş Azərbaycanın rəhbərliyini dindaşlarının düşməni elan etməyə cəhd göstərir!

Bu adam kimdir? Azərbaycana hökm oxumaq səlahiyyətini ona kim verib? Və nə üçün bir din təbliğatçısı Azərbaycan-Türkiyə ittifaqının açıq düşmənlərinin belə dilə gətirməyə cəsarət etmədiyi ittihamlarla çıxış edir?

Əvvəlcə Konyəvinin kimliyinə nəzər salaq.

Onun əsl adı Feyzullah Sönməzdir. Türkiyənin Adıyaman vilayətinin Menzil kəndində dünyaya gəlib. Nəqşibəndiyyə sufi təriqətinin Xalidiyyə qoluna bağlı olmuş mərhum şeyx Məhəmməd Konyəvinin oğludur.

2022-ci ildə atasının vəfatından sonra Feyzullah əsasən Konya bölgəsində fəaliyyət göstərən Konyəvi dini icmasının mənəvi rəhbərlərindən birinə çevrilib.

Söhbət nə Türkiyənin dövlət qurumundan, nə də ölkə miqyasında bütün dindarları təmsil edən dini təşkilatdan gedir. Bu, öz müridləri, təbliğatçıları və təsir mexanizmləri olan ayrıca dini icmadır.

İcmanın fəaliyyəti ilə əlaqələndirilən Kevser Eğitim Vakfı adlı təhsil fondu dini ədəbiyyatın yayılması və xeyriyyə tədbirlərinin təşkili ilə məşğuldur.

2026-cı ilin martında Konyəvinin "Asrı Saadet Seferleri" adlı kitabının Bursada məktəblilər arasında paylanması Türkiyədə ciddi qalmaqala səbəb oldu. "Eğitim-İş" təhsil işçiləri həmkarlar ittifaqı dini icmaların dövlət təhsil müəssisələrinə nüfuz etməsinə etiraz edərək hüquq-mühafizə orqanlarına müvafiq müraciət ünvanladı.

Diqqətçəkən məqam budur ki, Konyəvi çoxdan yalnız dini moizələrlə kifayətlənmir.

2023-cü ilin mayında onun rəhbərlik etdiyi icma prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın namizədliyini açıq şəkildə dəstəklədi. 2024-cü ilin yanvarında isə Konyəvi özü İsraillə münasibətlərin tamamilə kəsilməsini tələb etdi, cihad naminə səfərbərliyə çağırışlar səsləndirdi.

Deməli, qarşımızda siyasətdən uzaq, bütün fikrini mənəvi kamilləşməyə yönəltmiş bir sufi mütəfəkkiri dayanmır. Söhbət siyasi proseslərə mütəmadi müdaxilə edən, şəxsi baxışlarını hamı üçün məcburi əxlaqi hökm kimi təqdim etməyə çalışan din xadimindən gedir.

Fəqət Azərbaycan onun dini icmasının filialı deyil. Azərbaycan xalqı da Konyəvinin müridlərindən ibarət deyil!

Bu adam müstəqil dövlətin rəhbərliyini İsrailin nökəri adlandırmaq hüququnu haradan alıb? Səsləndirdiyi ağır ittihamların sübutu haradadır? Konkret faktlar, məhkəmə qərarları, sənədlərlə təsdiqlənmiş dəlillər hanı?

Sözügedən çıxışda bunların heç biri yoxdur.

Ortada yalnız dini ritorikaya bürünmüş siyasi nifrət var.

Ən ikrahdoğurucu məqamlardan biri də "yəhudi" sözündən Azərbaycana ləkə yaxmaq üçün damğa kimi istifadə edilməsidir. Görünür, natamamlıq kompleksli Konyəvi sadə bir həqiqəti ya anlamır, ya da qəbul etmək istəmir: suveren dövlətin xarici siyasəti hansısa əcnəbi vaizciyin xeyir-duasına möhtac deyil.

Azərbaycan İsraillə dostluq edir. Nə olsun? Bu, 10 milyon azərbaycanlını daha az müsəlman edir? Xalqımızın tarixini, mədəniyyətini, inancını bir anda heçə endirir?

Ümumiyyətlə, cahil Konyəviyə başqalarının imanını tərəziyə qoymaq səlahiyyətini kim verib?

Ancaq məsələnin daha təhlükəli tərəfi var.

Bu cür çıxışlar mahiyyət etibarilə Azərbaycan-Türkiyə qardaşlığına qarşı işləyir. Belə bəyanatlarla Türkiyədəki dindarların şüurunda Azərbaycanı düşmən dövlət kimi qələmə verməyə, qardaş xalqın nümayəndələrini ölkəmizə qarşı qızışdırmağa cəhd göstərilir.

Bu isə məhz Bakı ilə Ankara arasındakı strateji ittifaqı sarsıtmaq istəyən qüvvələrin arzuladığı parçalanmadır.

2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzalayaraq iki dövlət arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirdilər.

Ölkələrimizi ortaq tarix, müdafiə sahəsində əməkdaşlıq, enerji və nəqliyyat layihələri, qarşılıqlı öhdəliklər, azadlıq uğrunda tökülmüş qan birləşdirir.

İndi isə hansısa şeyx ortaya çıxaraq bu tarixi reallığın qarşısına öz dini yozumlarını qoymağa çalışır.

Axı o kimdir ki, özünü iki qardaş xalqın maraqlarından üstün tutsun?

Qoy Konyəvi birdəfəlik yadında saxlasın: Türkiyə onun icmasının mülkü deyil. İslam onun şəxsi mülkiyyəti deyil. Azərbaycan isə onun qarşısında hesabat verməyə borclu deyil!

Bakı Türkiyə xalqının dini hisslərinə hörmətlə yanaşır. Lakin bu hörmət heç kimə dini siyasi diktə vasitəsinə çevirmək, Azərbaycana kənardan hökm oxumaq hüququ vermir.

Azərbaycan-Türkiyə qardaşlığı əsrlərin sınağından çıxıb. Müharibələrə, imperiyalara, geosiyasi sarsıntılara sinə gərib.

Konyəvinin moizələrinə də tab gətirəcək.

Çünki iki dövlətin ittifaqının taleyini xalqların iradəsi müəyyənləşdirir. Dini minbəri başqa bir dövlətin suverenliyi üzərində hökm çıxaran məhkəmə kürsüsü ilə səhv salmış şəxsin ambisiyaları yox!

Fitnəkar şeyx öz moizəsində istədiyini danışa bilər. Amma Azərbaycanın taleyinə hökm etmək səlahiyyətini ona heç kim verməyib!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.