Siyasət

Tehran diplomatiyanı diktə ilə səhv salıb: Azərbaycan İrandan icazə almalı deyil!

9 Noyabr 2026 14:55
Baxış: 183

Bəzən bircə bəyanat bütöv bir diplomatik mövqenin nə qədər məntiqsiz olduğunu üzə çıxarır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin Azərbaycanın 14 İran vətəndaşını arzuolunmaz şəxs elan etməsinə münasibəti məhz belə təəssürat yaradır.

Bəqayi qərarın əsassız olduğunu bildirmək üçün qəribə arqument gətirib: həmin şəxslər diplomat deyillər və indiyədək Azərbaycan ərazisində olmayıblar.

Məgər dövlətin öz təhlükəsizliyini qorumaq hüququ əcnəbinin diplomatik statusundan asılıdır? Yaxud kimsə mütləq ölkəyə daxil olub təhlükə yaratmalıdır ki, dövlət onun girişini qadağan edə bilsin?

Tehranın məntiqindən belə çıxır ki, Azərbaycan potensial təhlükənin reallaşmasını gözləməlidir.

Bağışlayın, amma bunun diplomatiya ilə əlaqəsi yoxdur. Bu, siyasi absurdluqdur!

Suveren dövlət öz ərazisinə kimin buraxılacağını müstəqil müəyyənləşdirir. Bu hüquq əvvəllər ölkəyə səfər etməmiş şəxslərə də şamil olunur. Belə elementar həqiqətləri İran diplomatiyasına xatırlatmaq məcburiyyətində qalmaq təəccüblüdür.

Lakin məsələnin daha ciddi tərəfi Tehranın nümayiş etdirdiyi ikili standartlardır.

İdeoloji nəzarəti dövlət siyasətinin əsas dayaqlarından birinə çevirmiş İran indi söz azadlığının müdafiəçisi rolunda çıxış edir.

Ölkə daxilində siyasi müxalifətə sərt münasibət göstərən, hakimiyyəti tənqid edənləri təhlükəsizlik adı altında təqib edən bir sistem Azərbaycana qarşı kampaniyaları guya müstəqil fikir ifadəsi kimi təqdim edir.

Öz vətəndaşları üçün sərt nəzarət, qonşu dövlətə qarşı çıxış edənlər üçün isə sərhədsiz azadlıq!

Məgər bu, siyasi riyakarlıq deyil?

İranın siyasi, dini və informasiya dairələrindən Azərbaycana qarşı mütəmadi düşmənçilik bəyanatları səslənirsə, haqlı sual yaranır: daxili siyasi proseslərə ciddi nəzarət edən Tehran niyə məhz anti-Azərbaycan ritorikası qarşısında belə aciz görünür?

Əlbəttə, bütün bu çıxışların vahid mərkəzdən idarə olunduğunu sübutsuz iddia etmək olmaz. Amma həmin kampaniyalara şərait yaradan siyasi mühitin məsuliyyəti barədə sual vermək tamamilə qanunidir.

Xüsusilə söhbət adi tənqiddən deyil, Azərbaycanın konstitusiya quruluşuna, ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı yönəlmiş çağırışlardan gedirsə.

Fikir azadlığı qonşu dövlətə qarşı təxribat və zorakılıq çağırışlarına bəraət qazandırmır.

Bəs niyə Tehran özünə qarşı təhlükə saydığı fəaliyyəti məhdudlaşdırmağı təbii hesab edir, Azərbaycan eyni hüquqdan istifadə edəndə isə hiddətlənir?

İran rəhbərliyinə Azərbaycanın təhlükəsizlik siyasətinin sərhədlərini müəyyənləşdirmək səlahiyyətini kim verib?

Heç kim!

Buna baxmayaraq, Azərbaycanın səfiri İran XİN-ə çağırılıb, rəsmi etiraz bildirilib, növbəti addımlarla bağlı xəbərdarlıq edilib.

Görünür, Tehran qonşularına irad tutmağa o qədər alışıb ki, onların müstəqil qərarlarını özünə qarşı hörmətsizlik saymağa başlayıb.

Amma Azərbaycan nə İranın əyalətidir, nə də siyasi protektoratı!

Bakı öz sərhədlərini qorumaq, milli təhlükəsizliyini təmin etmək və konstitusiya quruluşunu müdafiə etmək üçün Tehrandan razılıq almağa borclu deyil.

Əgər İran mehriban qonşuluğu Azərbaycanın öz maraqlarından imtinası kimi başa düşürsə, problem Bakıda deyil, Tehranın siyasi təfəkküründədir.

Əsl qonşuluq münasibətləri qarşılıqlı hörmətə, suverenliyin tanınmasına və daxili işlərə müdaxilə edilməməsinə əsaslanır.

İran XİN isə Azərbaycanın qərarından hiddətlənmək əvəzinə başqa sual üzərində düşünməlidir: münasibətlər niyə o həddə çatıb ki, Bakı 14 İran vətəndaşı barədə belə tədbir görməyi zəruri sayıb?

Diplomatik etiraz siyasi məsuliyyəti aradan qaldırmır. Hədə-qorxu etimad yaratmır, təkəbbür isə dövlətə nüfuz qazandırmır.

Tehran bir həqiqətlə barışmalıdır: Azərbaycanın suverenliyi İranın razılığından asılı deyil. Bakı öz milli maraqlarını Tehranın narazılığına baxmayaraq müdafiə edəcək!

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.