Siyasət

BMT qurumlarının fəaliyyətinin praqmatik təhlilini aparmaq zəruridir – Robert Sekuta

2 Sentyabr 2026 21:03
Baxış: 272

BMT qurumlarının fəaliyyətinin praqmatik təhlilini aparmaq lazımdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.

Keçmiş səfir vurğulayıb ki, bütün dünyada BMT-nin islahata ehtiyacı olduğuna dair möhkəm fikir formalaşıb və bu islahatın artıq həyata keçirilməsi zəruridir.

"Problem ondadır ki, konkret olaraq nəyin islah edilməli və bunun necə həyata keçirilməli olduğu barədə razılıq yoxdur. Birləşmiş Millətlər Təşkilatı ciddi büdcə problemləri ilə üzləşir. Bəzi ölkələr Təhlükəsizlik Şurasında islahatların aparılmasını təklif edir. Bundan əlavə, bir reallıq da var: BMT, əslində, üzv dövlətlərinin iradəsindən asılıdır, üzv dövlətlər isə BMT-nin iradəsindən asılı deyil. Nəhayət, hazırda müəyyən rol və imtiyazlara malik olan ölkələr bunlardan imtina etmək istəmirlər", - deyə o bildirib.

Sekutanın sözlərinə görə, bu gün BMT və çoxtərəfli sistemin üzləşdiyi problemlərin geniş şəkildə qəbul edilməsi, eləcə də yeni Baş katibin seçilməsi əsaslı və konkret islahatların həyata keçirilməsi üçün imkan yarada bilər.

"Lakin biz nəyin gözlənilə biləcəyini və hansı məsələlərin həqiqətən həllinə cəhd göstərilə biləcəyini real şəkildə qiymətləndirməliyik. Bundan çıxış edərək, BMT-nin proqram və qurumlarının fəaliyyətinin hərtərəfli və praqmatik təhlilinin aparılmasını təklif edərdim. Onların hamısı olmasa da, əksəriyyəti üzv dövlətlərin təşəbbüsü ilə yaradılıb, lakin çoxsaylı ekspertlər qeyd edirlər ki, çox vaxt bir neçə qurum eyni məsələlərlə məşğul olur, onlardan bəziləri digərlərinə nisbətən daha səmərəli fəaliyyət göstərir, bəziləri isə, ola bilsin ki, artıq aktuallığını itirib. Baş katiblərin özləri də bu barədə danışıblar. Buna görə də, ilk növbədə, məhz bu problemin həllindən başlamaq lazımdır", - deyə o əlavə edib.

ABŞ-nin keçmiş səfiri hesab edir ki, üzv dövlətlərə ölçülə bilən irəliləyiş nümayiş etdirmək lazımdır.

"BMT-nin maliyyə vəziyyətini qaydaya salmaq daha genişmiqyaslı və hərtərəfli, ən əsası isə tamamilə zəruri struktur islahatlarının həyata keçirilməsi üçün şərait yarada bilər", - deyə o yekunlaşdırıb.

Qeyd edək ki, sentyabrın 2-də Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilən "ŞƏT Plyus" formatında görüş zamanı BMT-də islahatların aparılmasının zəruriliyi məsələsi geniş müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrasının müvafiq mexanizmlərin hazırlanmasını tələb etdiyini vurğulayıb.

"Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq. Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək", - deyə Prezident İlham Əliyev bildirib.

Bundan əlavə, Qırğızıstan Prezidenti Sadır Japarov bildirib ki, BMT-nin fəaliyyətində mövcud çatışmazlıqlar onun rolunun zəiflədilməsi və ya təşkilatdan yan keçilməsi üçün səbəbə çevrilməməlidir. Onun sözlərinə görə, əksinə, bu çatışmazlıqlar BMT-ni birgə gücləndirmək, onun səmərəliliyini artırmaq və mexanizmlərini müasir reallıqlara uyğun təkmilləşdirmək zərurətini göstərir.

"Qırğızıstan Birləşmiş Millətlər Təşkilatının, o cümlədən onun Təhlükəsizlik Şurasının islahatını dəstəkləyir. Belə bir islahat geniş razılıq yolu ilə həyata keçirilməlidir", - deyə Japarov bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də təşkilatın gücləndirilməsinin və səmərəliliyinin artırılmasının zəruriliyini vurğulayaraq qeyd edib ki, BMT beynəlxalq sistemin nüvəsi olaraq qalmalı, onun Nizamnaməsi isə beynəlxalq hüququn universal təməli olmalıdır. Onun sözlərinə görə, kəskin geosiyasi gərginlik şəraitində BMT-nin mərkəzi əlaqələndirici rolunu qorumaq və gücləndirmək xüsusilə vacibdir.

Rusiya Prezidenti Vladimir Putin də BMT-nin səmərəliliyinin artırılmasının, onun qurumlarında, o cümlədən Təhlükəsizlik Şurasında Qlobal Cənub və Şərq ölkələrinin hesabına təmsilçiliyin genişləndirilməsinin, həmçinin təşkilatın dünya siyasəti və iqtisadiyyatında baş verən fundamental dəyişikliklərə uyğunlaşdırılmasının zəruriliyini bildirib.

Pakistanın Baş naziri Şahbaz Şərif isə daha qəti şəkildə bildirib:

"Bu gün BMT-nin islahata ciddi ehtiyacı var. O, daha hesabatlı və daha operativ reaksiya verən təşkilata çevrilməlidir".

BMT-nin Baş katibi Antonio Quterreş isə öz növbəsində beynəlxalq institutların müasir reallıqlara uyğunlaşdırılmasının zəruriliyindən dəfələrlə danışıb.

"Münasibətlərimiz dəyişir, lakin çoxtərəfli təşkilatlar hələ də əsasən 1945-ci ilin reallıqlarını əks etdirir. Biz ədalətli dünya nizamının qurulması üçün çoxtərəfli institutlarımızı, o cümlədən Birləşmiş Millətlər Təşkilatını və Bretton-Vuds sistemini islah etməliyik ki, onlar bugünkü reallıqları əks etdirsin, inkişaf etməkdə olan ölkələrin təmsilçiliyini və təsirini artırsın", - deyə o, bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.