Siyasət

Prezidentin Şuşadan verdiyi mesajlar Azərbaycanın strateji hədəflərini müəyyənləşdirir - Sevil Mikayılova

14 İyul 2026 15:52
Baxış: 375

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi fikirlər təkcə Azərbaycanın xarici siyasət kursunu deyil, həm də regionda və dünyada dəyişən geosiyasi mənzərəyə Bakının baxışını əks etdirdi.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

"Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqam ondan ibarət idi ki, Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də Avrasiya məkanında logistika, nəqliyyat, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və regional təhlükəsizliyin formalaşmasında mühüm rol oynayan strateji dövlət kimi çıxış edir. Forumda səsləndirilən mesajlar göstərdi ki, son illərdə həyata keçirilən siyasət ölkənin beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsinin təsadüfi proses olmadığını xüsusi vurğuladı. Onun sözlərinə görə, bu nəticə on ildən artıq müddətdə həyata keçirilən məqsədyönlü siyasətin məhsuludur", - deyə S.Mikayılova vurğulayıb.

Deputat bildirib ki, Azərbaycan ilk növbədə çatışmayan fiziki infrastrukturu yaratdı. Müasir avtomobil yolları, dəmir yolları, limanlar, hava limanları və logistika mərkəzləri inşa edildi. Bununla yanaşı, dövlət başçısının vurğuladığı kimi, tranzit ölkəyə çevrilmək üçün təkcə infrastruktur kifayət etmir. Ən vacib şərtlərdən biri qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətlərdir. Əgər region ölkələri arasında əməkdaşlıq yoxdursa, ən müasir nəqliyyat infrastrukturu belə tam səmərə vermir.

"Bu gün Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir. Son illərdə qlobal geosiyasi proseslər, xüsusilə də Yaxın Şərqdə baş verən hadisələr və beynəlxalq ticarət marşrutlarında yaranan dəyişikliklər Azərbaycanın əhəmiyyətini daha da artırıb.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkə artan yük axınını qəbul etməyə hazır vəziyyətə gətirilib və mövcud imkanların genişləndirilməsi istiqamətində yeni layihələr həyata keçirilir. Bu isə Azərbaycanın yalnız regional deyil, Avrasiya məkanında strateji logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir".

S.Mikayılova vurğulayıb ki, forumda xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycan-Türkiyə münasibətlərinə verilən qiymət oldu.

"Prezident İlham Əliyev bildirdi ki, dünyada siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və humanitar əməkdaşlıq baxımından Türkiyə və Azərbaycan qədər yaxın iki dövlət tapmaq çətindir.

Dövlət başçısı vurğuladı ki, Şuşa Bəyannaməsinin imzalanması münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldib. Bu gün iki ölkə təkcə dost və qardaş deyil, eyni zamanda bir-birinin təhlükəsizliyinə təminat verən müttəfiqlərdir. Bu model təkcə iki dövlət üçün deyil, bütövlükdə region üçün sabitlik nümunəsi kimi təqdim olunur.

Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyəti yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır. Bu əməkdaşlıq enerji layihələrinin həyata keçirilməsində, Orta Dəhlizin inkişafında, Türk dünyasının inteqrasiyasında və Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının formalaşdırılmasında əsas amillərdən biri hesab edilir".

S.Mikayılovanın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında Avropa Şurası Parlament Assambleyası ilə bağlı səsləndirdiyi fikirlər də diqqət çəkdi.

"Dövlət başçısı xatırlatdı ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra AŞPA-da nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi siyasi motivli qərar idi və bunun insan hüquqları ilə heç bir əlaqəsi yox idi.

Prezident vurğuladı ki, Azərbaycan bu addımı suverenliyini bərpa etdiyinə görə cəzalandırılmaq cəhdi kimi qiymətləndirir. Rəsmi Bakı hesab edir ki, münasibətlərin normallaşmasının yeganə yolu Azərbaycanın səsvermə hüququnun bərpasıdır. Əks halda, təşkilatla əməkdaşlığın gələcək perspektivləri ciddi şəkildə sual altındadır.

Bu mövqe Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarla münasibətlərdə daha prinsipial siyasət yürütməsinin göstəricisidir. Rəsmi Bakı artıq beynəlxalq platformalarda birtərəfli yanaşmaları qəbul etmədiyini açıq şəkildə bəyan edir".

Forum zamanı ölkə başçısının vurğuladığı 907-ci düzəliş məsələsinə toxunan deputat Sevil Mikayılova qeyd edib ki, 1992-ci ildə Azərbaycana qarşı tətbiq edilmiş ədalətsiz qərar idi və həmin dövrdə Ermənistanın işğal siyasətinə baxmayaraq, məsuliyyət Azərbaycanın üzərinə qoyulmuşdu.

"Bu gün isə region tamamilə fərqli reallıq yaşayır. Qarabağ münaqişəsi başa çatıb, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində mühüm addımlar atılır, Azərbaycan isə Ermənistana tranzit yüklərin daşınmasına və enerji məhsullarının ixracına şərait yaradır.

Belə olan halda 907-ci düzəlişin saxlanılması nə hüquqi, nə də siyasi baxımdan məntiqli görünür. Dövlət başçısı hesab edir ki, həmin düzəliş tamamilə ləğv olunmalıdır. Bu, həm ABŞ Konqresinin əvvəlki səhvini etiraf etməsi, həm də regiondakı yeni geosiyasi reallıqların qəbul edilməsi baxımından vacib addım olardı".

S.Mikayılovanın sözlərinə görə, forumda səsləndirilən fikirlər göstərdi ki, son dövrdə Azərbaycan-ABŞ münasibətlərində də ciddi dinamika yaranıb.

"Prezident İlham Əliyev qeyd etdi ki, Prezident Donald Tramp administrasiyası dövründə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Vaşinqton və Davos görüşləri, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması və yaradılmış işçi qrupları bunu təsdiqləyir.

Hazırda iki ölkə arasında ticarət və investisiyalar, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt, müdafiə sənayesi və nəqliyyat sahələrində əməkdaşlıq genişlənir. ABŞ-ın Azərbaycana silah satışına tətbiq olunan məhdudiyyətləri aradan qaldırması da münasibətlərdə yeni mərhələnin göstəricilərindən biri kimi qiymətləndirilir.

Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlər barədə də müsbət mesajlar verdi.

Dövlət başçısı bildirdi ki, son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəhbərlərinin Azərbaycana ardıcıl səfərləri təsadüfi deyil. Mart ayından iyul ayına qədər Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti və Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin Bakıya səfərləri münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Bu görüşlər zamanı enerji təhlükəsizliyi, nəqliyyat, rəqəmsal inkişaf, yaşıl enerji, regional əməkdaşlıq və qlobal gündəlikdə duran məsələlər geniş müzakirə olunub. Bu dinamika Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş statusunun daha da möhkəmləndiyini nümayiş etdirir".

S.Mikayılova bildirib ki, artıq Azərbaycan postmünaqişə dövrünün yeni geosiyasi gündəliyini formalaşdıran əsas aktorlardan biridir.

"Ölkə artıq təkcə Cənubi Qafqazın deyil, Avrasiya məkanının mühüm nəqliyyat qovşağı, enerji təhlükəsizliyinin təminatçısı, rəqəmsal transformasiya proseslərinin iştirakçısı və etibarlı beynəlxalq tərəfdaş kimi çıxış edir.

Prezident İlham Əliyevin çıxışı həm Azərbaycanın xarici siyasət prioritetlərini, həm də dəyişən beynəlxalq münasibətlər sistemində ölkənin gələcək strateji hədəflərini aydın şəkildə ortaya qoydu. Şuşadan verilən mesajların əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan bundan sonra da milli maraqlarını əsas götürərək balanslaşdırılmış, müstəqil və praqmatik xarici siyasət kursunu davam etdirəcək. Məhz bu yanaşma ölkənin beynəlxalq nüfuzunu gücləndirən və onu regionun aparıcı siyasi, iqtisadi və geostrateji mərkəzlərindən birinə çevirən əsas amillərdən biridir".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.