Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçini qəbul edib.
Milli.Az xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Mustafa Çiftçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulandı, bütün istiqamətlər üzrə əlaqələrin genişləndiyi bildirildi.
Ölkələrimizin müvafiq qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd edildi, bu xüsusda Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirliklərinin də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulandı.
Milli.Az





