Siyasət

Fransanın Yeni Kaledoniya məğlubiyyəti: Bakı Makronu danışıqlara vadar etdi

13 İyul 2025 15:06
Baxış: 926

Bu ay Parisdə son illərin ən əhəmiyyətli siyasi təşəbbüslərindən biri - Yeni Kaledoniyanın gələcək statusunun müəyyənləşdirilməsinə həsr olunmuş yüksək səviyyəli sammit öz işinə başladı. Danışıqlar Fransa hökuməti, müstəqillik tərəfdarları və Fransa tərkibindən çıxmağa qarşı olan "unionistlər" arasında aparılırdı və birbaşa Fransa Prezidenti Emmanuel Makronun nəzarəti altında gerçəkləşirdi. Artıq iyulun 12-də tərəflər Yeni Kaledoniya siyasi sistemini köklü şəkildə dəyişə biləcək, eyni zamanda Fransa Respublikasının konstitusion memarlığına da təsir göstərə biləcək bir sənədin layihəsini imzaladılar.

Parisdə razılaşdırılmış sənəd, adada keçirilmiş üç müstəqillik referendumu, 2024-cü ildəki kütləvi etirazlar və cəmiyyətin dərin daxili parçalanmasından sonra yaranmış çıxılmaz vəziyyətdən çıxış yolu axtarışına cəhd kimi qiymətləndirilə bilər. Bu sənəd, Fransanın dövlət quruluşu daxilində "xarici ərazi" anlayışını yenidən nəzərdən keçirmək məqsədini daşıyan bir sıra görünməmiş müddəaları əhatə edir.

Sənədin əsas müddəalarına görə, "Yeni Kaledoniya dövləti" adlı yeni bir qurum yaradılacaq. Bu qurum Fransanın tərkibində qalacaq, lakin Fransa Konstitusiyası və beynəlxalq ictimaiyyət tərəfindən tanınacaq unikal institusional quruluşa malik olacaq. 2026-cı ildə dövlətin hüquqi-siyasi quruluşunu tənzimləyəcək əsas qanun qəbul ediləcək. Bu qanun bayraq, himn, şüar və hətta dövlətin adı kimi rəsmi simvolların dəyişdirilməsi imkanını da nəzərdə tutur. Qanun, deputat sayı 54-dən 56-ya artırılacaq Konqresin 3/5 səs çoxluğu ilə qəbul ediləcək.

Yeni Kaledoniya diplomatik fəaliyyətlə məşğul ola biləcək, şərt odur ki, bu fəaliyyət Fransanın müdafiə, təhlükəsizlik və xarici siyasət sahəsindəki maraqlarına zidd olmasın. Fransa isə öz növbəsində Yeni Kaledoniyanın maraqlarını beynəlxalq münasibətlərdə, xüsusilə xarici ticarət və beynəlxalq təşkilatlarda təmsilçilik məsələlərində nəzərə almağı öhdəsinə götürür. Sənəd Yeni Kaledoniya üçün BMT-də ayrıca yer nəzərdə tutmasa da, onun siyasi-diplomatik subyektliyini faktiki olaraq tanıyır. Müdafiə və hüquq sahələrində səlahiyyətlər Fransada qalacaq, lakin Yeni Kaledoniya bu sahələrin icrasında yaxından iştirak edəcək - o cümlədən öz polisi yaradılacaq və bu qurum adanın adət-ənənələrinin qorunduğu regionlarda da fəaliyyət göstərəcək.

Sənədin ən mühüm məqamlarından biri Yeni Kaledoniya vətəndaşlığının tətbiqidir. 2026-cı ildən etibarən bölgənin hər bir sakini həm Fransa, həm də Yeni Kaledoniya vətəndaşı olacaq. Avropa İttifaqı vətəndaşlığı qorunub saxlanılacaq, lakin Fransa vətəndaşlığından imtina edən şəxs avtomatik olaraq Yeni Kaledoniya vətəndaşlığından da məhrum olacaq.

Bundan əlavə, sənəddə "Maliyyə və İqtisadi Bərpa Paktı"nın imzalanması, nikel ehtiyatlarının idarə olunması üzrə strateji plan, eləcə də gənclərə yönəlmiş sosial siyasət - təhsil, səhiyyə, nəqliyyat və mənzil sahələrini əhatə edən proqramların hazırlanması nəzərdə tutulur.

Sənədin ən çox mübahisə doğuran müddəalarından biri bölgədə 15 ildən artıq yaşayan bütün şəxslərə regional seçkilərdə iştirak hüququnun verilməsidir. Bu dəyişiklik təxminən 12 min yeni seçicinin səsverməyə qoşulması deməkdir və müstəqillik tərəfdarlarının fikrincə, bu, adada siyasi qüvvələr arasında onsuz da kövrək olan tarazlığı poza bilər. Məhz bu bənd 2024-cü ildə baş verən genişmiqyaslı iğtişaşların əsas səbəblərindən biri olmuşdu.

Yeni Kaledoniya məsələsində bu dəfə ilk dəfə beynəlxalq kontekst də ön plana çıxdı və burada Azərbaycanın rolu gözlənilmədən mühüm oldu. Bakı təşəbbüs qrupunun fəal fəaliyyəti və Qoşulmama Hərəkatı çərçivəsində diplomatik lobbiçilik sayəsində məsələ beynəlxalq gündəmə çıxarıldı. Bu, Parisə ciddi təzyiq göstərdi və fransız siyasətçilərinin özlərinin etiraf etdiyi kimi, məhz Azərbaycanın yaratdığı beynəlxalq rezonans Makronu prosesə birbaşa müdaxilə etməyə vadar etdi. Üstəlik, Fransanın müstəmləkə statusu Avropa İttifaqı daxilində də tənqidlərə səbəb olduğu bir vaxtda, məhz Bakı və onun tərəfdaşlarının fəaliyyəti dekolonizasiya məsələsinin BMT və YUNESKO kimi təşkilatların gündəminə gətirilməsinə şərait yaratdı.

2025-ci il iyulun 12-də Paris Sazişi imzalandıqdan sonra həm müstəqillik tərəfdarları, həm də Fransa rəsmiləri sənədi öz qələbəsi kimi təqdim etdilər. Lakin bu bəyanatların arxasında daha mürəkkəb və ziddiyyətli bir reallıq dayanır. 2026-cı il, bu sənədin yenilənmiş Fransa Respublikasının tərkibində sülh şəraitində birgəyaşayışın təməlini qoyub-qoymayacağını və ya yeni gərginlik ocağına çevrilib-çevrilməyəcəyini müəyyən edəcək həlledici bir dövr olacaq.

Sazişin mətnində Yeni Kaledoniyanın öz müqəddəratını təyinetmə hüququnu saxladığı xüsusi vurğulanır. Lakin bu hüququn necə həyata keçiriləcəyi konkret şəkildə göstərilmir. Yeni referendumun keçirilməsi ilə bağlı dəqiq yol xəritəsi, hüquqi və vaxt çərçivələri müəyyən edilməyib. Bəzi müşahidəçilər bunu "taktiki qeyri-müəyyənlik" adlandırırlar - bu, indiki anda toqquşmalardan yayınmağa imkan versə də, gələcək üçün "gecikdirilmiş partlayış" effekti yaradır. Müstəqillik tərəfdarları açıq şəkildə bildirirlər ki, bu saziş suverenlikdən imtina deyil, sadəcə müvəqqəti kompromisdir.

Sazişin ilkin həyata keçirilmə planına görə 2026-cı ilin fevralında sənəd Yeni Kaledoniya əhalisinin ümumxalq səsverməsinə çıxarılacaq; martda bələdiyyə seçkiləri keçiriləcək; mart-aprel aylarında saziş təsdiqlənsə, xüsusi orqanik qanun qəbul olunacaq və ən nəşayət, iyunda yeni seçki qaydalarına əsasən regional seçkilər keçiriləcək - bu, seçici korpusunun genişlənməsini də nəzərdə tutur.

Bu proses 2026-cı il ərzində yüksək səviyyədə siyasi qeyri-sabitliyə yol aça bilər. Hər mərhələdə münaqişələr, gərginlik və genişmiqyaslı səfərbərlik ehtimalı istisna edilmir.

Həm "unionist" (müstəqilliyə qarşı olan), həm də müstəqillik tərəfdarları düşərgəsində sazişə münasibətdə fikir ayrılığı hökm sürür. Liderlər ehtiyatlı nikbinlik nümayiş etdirsələr də, əhali arasında narazılıqlar səslənir. Bəziləri bu sənədi "Parisin qarşısında təslimiyyət" adlandırır, digərləri isə "separatçılara həddən artıq güzəşt" kimi qiymətləndirirlər. BMT-nin Dekolonizasiya Bürosu kimi beynəlxalq strukturlar da sənədə ehtiyatla yanaşırlar: sənəd mütərəqqi ifadələrlə zəngin olsa da, əsas məsələyə cavab vermir - Fransa, Yeni Kaledoniya xalqı gələcəkdə müstəqillik tələb etsə, kolonial nəzarətdən həqiqətən imtina etməyə hazırdırmı?

Əgər saziş tam şəkildə reallaşdırılarsa, Yeni Kaledoniya Fransa Respublikasında analoqu olmayan unikal bir status əldə edəcək. Bu isə ilk növbədə konstitusion statusunun dəyişdirilməsini tələb edən Korsika üçün güclü siqnal olacaq. Beləliklə, Kaledoniya təcrübəsi Paris elitalarının onillərlə qoruduğu "Fransa Konstitusiyasının dəyişməzliyi" dogmasının ilk uğurlu sarsıdılması ola bilər. Bu presedent domino effekti yaradaraq Korsika, Mayotta, Fransız Qvianası kimi regionlarda da "xüsusi status" tələblərinin yeni dalğasına yol aça bilər.

Fransa mediası belə etiraf edir ki, Kaledoniya məsələsində baş verən beynəlxalq səfərbərlikdə Azərbaycanın rolu az olmayıb. 2020-ci illərin əvvəlindən etibarən Bakı dekolonizasiya məsələsini - o cümlədən Yeni Kaledoniyanı - ardıcıl şəkildə beynəlxalq gündəmə çıxarıb. Qoşulmama Hərəkatı çərçivəsində, YUNESKO və BMT forumlarında aparılan lobbiçilik nəticəsində Kanak xalqının durumu diqqət mərkəzinə çəkildi və Paris əvvəlki laqeydlikdən danışıqlara keçməyə məcbur oldu. Artan beynəlxalq təzyiqlər fonunda Fransa kompromis yolları axtarmağa başladı və Prezident Makronun birbaşa danışıqlarda iştirakı məhz bu beynəlxalq təzyiqin nəticəsi idi.

Azərbaycan göstərdi ki, birbaşa prosesin içində olmadan belə, dekolonizasiya mövzusunda mənəvi arbitra rolu oynaya bilər. Bu isə təkcə Bakının diplomatik çəkisini artırmır, eyni zamanda onu postkolonial ərazilərdə gedən yeni proseslərin moderatoruna çevirir.

Paris Sazişindəki siyasi ifadələr medianın diqqətini çəksə də, ekspert dairələrində daha dərin sual müzakirə olunur: əgər iqtisadiyyat, resurslar və təhlükəsizlik sahəsində əsas alətlər xarici qüvvələrin əlində qalacaqsa, Yeni Kaledoniya əslində müstəqil ola bilərmi?

Bu sual fonunda nikellə bağlı mövzu ön plana çıxır - bu metal təkcə adanın iqtisadi gələcəyi deyil, eyni zamanda Hind-Sakit okean regionundakı geosiyasi rəqabət üçün də strateji əhəmiyyət kəsb edir.

Yeni Kaledoniya dünyada ən iri nikel ehtiyatlarına sahib olan bölgələrdən biridir. Bu metal "yaşıl iqtisadiyyat" üçün vacib komponentdir - akkumulyatorlar, polad istehsalı və texnoloji avadanlıqlarda istifadə olunur. Son 20 ildə nikel sənayesi yüksəliş və böhranlarla üzləşib - qiymətlərin kəskin düşməsi, tətil və zavodların bağlanması kimi hadisələr sektora ciddi zərbə vurub.

Paris Sazişi bu resursun idarə olunması üçün "strateji plan" hazırlanmasını nəzərdə tutur. Planın icrasında Paris, Yeni Kaledoniya hakimiyyəti və bəlkə də beynəlxalq tərəfdaşlar iştirak edəcək. Amma burada bir neçə mühüm sual ortaya çıxır:
 - Nikelin hasilatı və ixracı barədə qərarları kim verəcək?
 - Yerlərdəki icmalar torpaqları üzərində nəzarəti saxlayacaqmı?
 - Planın Kanaki xalqının maraqlarına nə dərəcədə uyğun olduğu bəllidirmi?

Müstəqillik tərəfdarları hesab edirlər ki, yeni status siyasi azadlıq yox, iqtisadi neokolonizasiya yarada bilər - gözoxşayan şüarlar fonunda adanın yenidən Fransa kapitalına və transmilli şirkətlərə asılılığı davam edəcək.

Yeni Kaledoniya coğrafi baxımdan Çin, Avstraliya və ABŞ arasında yerləşən strateji üçbucağın tam mərkəzindədir. Onun yerləşməsi adanı yalnız resurs mərkəzi deyil, həm də Asiya ilə Latın Amerikası arasındakı dəniz yollarına nəzarət edən hərbi-strateji nöqtəyə çevirir. Belə ki, Çin son illərdə regionun nikel sənayesinə böyük yatırımlar edib və ticarət təsir dairəsini genişləndirir. Avstraliya Fransanın bölgədəki mövcudluğunu Pekinə qarşı strateji balans aləti kimi görür. Fransa isə Yeni Kaledoniyanı öz qlobal hərbi doktrinasının açar dayağı hesab edir.

Bu vəziyyət fonunda Yeni Kaledoniyanın Paris Sazişinə uyğun olaraq diplomatik təşəbbüslər irəli sürməsi böyük dövlətlərin müqaviməti ilə qarşılaşa bilər - xüsusən Çin və Cənub-Şərqi Asiya ilə müstəqil ticarət müqavilələri və ya birbaşa əlaqələrin qurulması cəhdləri baş verdikdə.

Daxili çağırışları dəf etmiş və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan, getdikcə postkolonial dünyanın səsi kimi çıxış edir. Məhz Bakı Təşəbbüs Qrupu vasitəsilə ölkə Afrika, Asiya və ada bölgələrində işğaldan azad edilmə və dekolonizasiya proseslərini dəstəkləyir; keçmiş metropoliyaların və koloniyaların bərabərsizliyini aradan qaldıracaq beynəlxalq nizamın islahatını müdafiə edir; nümayiş etdirir ki, suverenlik sadəcə bir şüar deyil, mərhələli şəkildə qurulan siyasi reallıqdır.

Bu mənada Yeni Kaledoniya Azərbaycan üçün sadəcə müşahidə predmeti deyil, həm də beynəlxalq transformasiyanın fəal mənəvi iştirakçısı olduğu bir hadisədir.

2025-ci ilin iyulunda Paris Sazişi imzalandıqdan və 2026-cı ildə siyasi marafon başladıqdan sonra əsas sual daha aydın eşidilir: əgər Fransa öz xarici əraziləri üçün unikal statusları tanımağa başlasa, bütöv qala biləcəkmi? Bu suala cavab təkcə Yeni Kaledoniya üçün deyil, bütövlükdə Beşinci Respublikanın geosiyasi memarlığı üçün nəticələr doğuracaq.

Fransa ənənəvi olaraq "vahid və bölünməz" prinsipinə əsaslanır - bütün ərazilər, istər Paris, istər Korsika, istərsə də Mayotta eyni statusa malikdir. Konstitusiya "xüsusi rejimlər"in mövcudluğunu qadağan edir, yalnız inzibati fərqləri nəzərə alırdı. Lakin Yeni Kaledoniya layihəsi respublikaçılıq mərkəzçiliyinin özünü zəiflədən bir istisna yaradır:
 - Öz adı, rəmzləri və diplomatik imkanları olan dövlət;
 - İkili vətəndaşlıq;
 - Daxili normalara nəzarət və öz polis qurumunun yaradılması imkanı.

Bu, sadəcə bir muxtariyyət deyil - bu, Fransa tərkibində paralel dövlətçiliyin modeli kimi çıxış edir. Əgər bu model uğurla həyata keçirilərsə, digər ərazilər üçün də domino effekti yarada bilər.

Əgər Yeni Kaledoniya "xüsusi" status alaraq faktiki olaraq Fransanın tərkibində yarı-müstəqil dövlətə çevrilərsə, digər ərazilərin də bu hüquqları tələb etməsi qaçılmaz olacaq:
 - Korsika: onilliklərdir ki, genişlənmiş muxtariyyət, koriska dilinin tanınması, öz vergi sistemi və Fransa qanunvericiliyindən istisnalar istəyir;
 - Mayotta və Reyunion: assimilyasiya, miqrasiya və iqtisadi bərabərsizlik problemləri ilə üzləşirlər;
 - Fransız Qvianası: artıq 2017-ci ildə Parisin siyasətinə qarşı kütləvi etirazlar yaşamışdı.

Bu ərazilər "kaledoniya presedenti"ni arqument kimi irəli sürə bilərlər: "əgər Kaledoniyaya olursa, bizə də olmalıdır".

Bəzi ekspepioər Paris Sazişini inqilab görüntüsü verilmiş kosmetik islahat adlandırırlar. Onlar bəyan edirlər ki,  Fransa yenə də müdafiə, xarici siyasət, valyuta və təhlükəsizlik üzərində tam nəzarəti saxlayır. Sənəddə qeyd olunan "öz müqəddəratını təyinetmə" bəyanat xarakterlidir, real mexanizmlərdən məhrumdur.  - Yerli hakimiyyətin nikel və iqtisadiyyatla bağlı qərarlarda iştirakı Fransa maraqları ilə məhdudlaşacaq. Bu səbəbdən, saziş real dekolonizasiya deyil, sakitləşdirmə alətinə çevrilə bilər.

Məhz bu yerdə yenidən Azərbaycan və ümumilikdə Qlobal Cənub ölkələrinin rolu gündəmə gəlir - onlar postkolonializm qalıqlarına meydan oxuyurlar. Son iki il ərzində Bakı Təşəbbüs Qrupu BMT çərçivəsində onlarla tədbir, hesabat və çıxış təşkil edib, kolonial dominantlığın konkret hallarını sənədləşdirib; kanak, Mayotta və Martinika xalqlarına dəstək sadəcə diplomatik jest yox, Bakının beynəlxalq ədalətə dair sistemli siyasətinin bir hissəsinə çevrilib; Azərbaycan faktiki olaraq yeni tip dövlət imicini formalaşdırıb - prinsipial dövlət və təkcə region daxilində yox.

Bu yanaşmanın təsiri artıq hiss olunur: Paris, Brüssel və London dekolonizasiya gündəmini daha görməməzlikdən gələ bilməz - əks halda beynəlxalq təşkilatlarda mənəvi və siyasi liderliklərini itirə bilərlər.

Yeni Kaledoniya ilə bağlı imzalanmış saziş son nöqtə deyil - bu, yeni bir prosesin başlanğıcıdır. O, bütün problemləri həll etmir, lakin onları beynəlxalq legitimlik səviyyəsinə çıxarır. Azərbaycan, hüquqları uğrunda mübarizə aparan xalqların tərəfində duraraq dekolonizasiyanı XX əsrin arxivindən XXI əsrin gündəminə daşımağa yardım edir.

Final mərhələyə doğru: referendum, ssenarilər və Azərbaycanın yeni ədalət arxitekturasındakı rolu

2025-ci il iyulun 12-də Parisdə imzalanmış saziş, Fransanın Əlcəzairdən sonrakı ən böyük siyasi yenidənqurma prosesinin başlanğıcı oldu. 2026-cı il həlledici il olacaq - çünki bu dəfə kaledoniyalılar sadəcə müstəqillik lehinə və ya əleyhinə yox, birgə gələcək modelinə səs verəcəklər.

2026-cı il referendumunun isə üç mümkün ssenari mövcuddur:

1. "Həvəsli qəbul" ssenarisi. Əgər Kanaki xalqının və digər yerli icmaların əksəriyyəti sazişi təsdiqləyərsə, bu, siyasi sabitliyin başlanğıcı ola bilər. Fransa sərt nəzarət tətbiq etmədən təsirini qoruma şansı əldə edəcək, Yeni Kaledoniya isə konfederativ model çərçivəsində öz unikal statusunu reallaşdıra biləcək. Bu ssenari ənənəvi strukturların (ağsaqqallar, yerli assambleyalar) və qarşıdurmadan yorulmuş gənc fəalların dəstəyi ilə mümkün olacaq.

2. "Səssiz etiraz" ssenarisi. Layihə formal olaraq qəbul oluna, lakin aşağı seçici fəallığı və məhdud dəstəklə müşayiət oluna bilər. Bu halda Fransa "irəliləyiş" haqqında rəsmi hesabat təqdim edə bilər, amma real siyasi gərginlik qalacaq. Yerli elitalar rəmzi yox, real muxtariyyət uğrunda mübarizəni davam etdirəcəklər. Reformalara daxildən "yumşaq müxalifət" formalaşa bilər: islahatların sabotajı, rəmzi qərarlara qarşı etirazlar, seçki boykotları.

3. "Sərt rədd" ssenarisi. Əgər əhali layihəni rədd etsə, bu, Paris üçün yeni bir çağırış olacaq: ya alternativ təklif etməli olacaq, ya da beynəlxalq müşahidəçilərin iştirakı ilə əsl müstəqillik referendumu keçirməyə razılaşmalı olacaq. Bu ssenari də tamamilə istisna deyil, çünki həm müstəqillik tərəfdarları, həm də əleyhdarları sazişi müvəqqəti kompromis kimi qiymətləndirirlər.

Əgər saziş tam şəkildə həyata keçirilərsə öz bayrağı, himni, parlamenti və konstitusiyası olan, rəsmi tanınmış bir qurum formalaşacaq; kaledoniyalılar eyni vaxtda fransız, kaledoniyalı və avropalı vətəndaşlar olacaqlar; Vanuatu, Fidji, Papua-Yeni Qvineya kimi Sakit okean adaları ilə diplomatik əlaqələr qurulacaq; daxili kimlik, xüsusilə gənc nəsil arasında güclənəcək - onlar ilk dəfə öz dövlətlərini fəaliyyət göstərərkən görəcəklər.

Bu, yeni tip siyasi hibrid olacaq - nə tam müstəqil dövlət, nə də müstəmləkə. Belə bir model dünya üzrə keçid dövründə olan ərazilər üçün nümunə rolunu oynaya bilər.

Son üç ildə Azərbaycan özünəməxsus beynəlxalq mövqe formalaşdırıb - kolonial rejimlərin tədrici sökülməsi, öz müqəddəratını təyinetmə və beynəlxalq institutların islahatı istiqamətində ardıcıl fəaliyyət göstərən bir ölkə kimi. Bakının Yeni Kaledoniya məsələsində rolu simvolik deyil. Məhz Bakı Təşəbbüs Qrupunun fəal işi nəticəsində Kanaki mövzusu yenidən BMT-nin zallarında səsləndi, qeyri-müstəqil adalara həmrəy olan Qlobal Cənub ölkələri ilə koalisiya formalaşdı və Fransa, o cümlədən Azərbaycanın diplomatik təzyiqi fonunda, əvvəlki laqeydlikdən dialoqa keçməyə məcbur oldu.

Nəticədə Azərbaycan yalnız ərazi bütövlüyünün və deokkupasiyanın tərəfdarı kimi deyil, eyni zamanda qlobal dekolonizasiya dalğasında təsirli iştirakçı kimi çıxış edir.

Yeni Kaledoniyanın mübarizəsi təkcə Sakit okeanda yerləşən bir arxipelaqın tarixçəsi deyil. Bu, siyasi dəyişikliklərin laboratoriyasıdır, beynəlxalq hüquqa çağırışdır, suverenlik konsepsiyası üçün bir testdir. Habelə, Fransa üçün bu, kolonial mirasdan ləyaqətlə çıxmaq şansıdır.BMT üçün bu, özünün elan etdiyi prinsiplərə - xüsusilə öz müqəddəratını təyinetməyə - sadiqliyin sınağıdır.

Azərbaycan üçün bu, ədalət səsinin sakit, lakin təsirli səviyyədə səslənməsi və bu səsin dünya tərəfindən tanınması imkanının təsdiqidirsə, dünya üçün isə bu, xatırlatmadır: dekolonizasiya prosesi hələ tamamlanmayıb, çünki hələ də taleyini özü müəyyən edə bilməyən xalqlar var.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.