Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Şuşada keçirilən "Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb. Müraciətdə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, 30 ilə yaxın ərazisinin 20 faizi işğal altında olmuş Azərbaycan ikili standartlarla, qərəzli və ədalətsiz münasibətlə üzləşmişdi. 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı nəticəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə tam bərpa etdi. Beləliklə, müasir Azərbaycan dövlətini dərin sosial, iqtisadi və siyasi böhrandan qurtaran dahi şəxsiyyət, milli dövlətçilik ideologiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin arzuladığı qalib və qüdrətli Azərbaycan dövləti formalaşdı.
"Ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış edir. Dost və tərəfdaş ölkələrlə birlikdə həyata keçirdiyimiz layihələr regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, həm Şərq ilə Qərb, həm də Şimal ilə Cənub arasında konstruktiv və perspektivli işbirliyinə əlverişli zəmin yaradır. Dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş Azərbaycan Bandunq Prinsiplərinə daim sadiq qalaraq ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə müdafiə etmişdir", - deyə müraciətdə vurğulanıb.
Milli.Az