Siyasət

“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib - VİDEO - FOTO

15 May 2025 20:44
Baxış: 341

Mayın 15-də Heydər Əliyev Mərkəzində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə "Zəkaların mübarizəsi" olimpiadasının final mərhələsi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan olimpiadanın final mərhələsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib. Bu mərhələ bilik yarışı və şahmat turnirindən ibarət olmaqla komanda yarışı formatında baş tutub.

Əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Final mərhələsinin rəsmi açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev qeyd edib ki, Fondun fəaliyyətində əsas prioritet istiqamətlərdən biri təhsil sahəsidir. Fond təhsilin inkişafı məqsədilə ölkənin bütün bölgələrində - hətta ən ucqar kəndlərində belə - yeni məktəb binalarının tikintisinə və mövcud məktəblərin əsaslı təmirinə xüsusi önəm verir. Bu layihələrin başlıca məqsədi şagirdlərimizin keyfiyyətli təhsil almasını təmin etməkdir.

Bildirilib ki, sözügedən tədbir şagirdlər arasında həm elmi biliklərin, həm də dostluq və sosial bacarıqların inkişafına yönəlib.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Elm və Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkar olunması və inkişaf etdirilməsi məqsədilə bir çox layihələrin həyata keçirildiyini, bu olimpiadanın da həmin təşəbbüslərdən biri olduğunu deyib. Fuad Qarayev olimpiadanın təşkilində əsas məqsədin gənc nəsildə strateji düşünmə, düzgün qərar vermə və liderlik bacarıqlarını inkişaf etdirmək olduğunu bildirib.

Fuad Qarayev finalda iştirak edən şagirdlərin müxtəlif regionları təmsil etdiyini vurğulayaraq bu yarışın həm bilik, həm də zəka üzərində qurulmuş bir mübarizə olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, bu tədbir həm də milli və mənəvi dəyərlərin təşviqinə, azərbaycançılıq ideyasının möhkəmləndirilməsinə xidmət edir.

Çıxışlardan sonra yarışlara start verilib.

Final mərhələsində bilik yarışı istiqaməti üzrə Bakı şəhərinin Xəzər, Nəsimi, Yasamal, Xətai, Nərimanov rayonları və Gəncə, Naxçıvan, Mingəçevir, Şəki şəhərləri, Abşeron, İsmayıllı, Lerik, Saatlı, Bərdə, Qazax, Qusar, Zəngilan, Neftçala rayonlarının komandaları, şahmat turniri üzrə isə Bakı şəhərinin Xətai, Xəzər, Sabunçu, Səbail, Yasamal rayonlarından, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki şəhərləri, Ağcabədi, Ağsu, Beyləqan, Cəbrayıl, Göyçay, Quba, Masallı, Neftçala və Tovuz rayonlarından olan komandalar mübarizə aparıb.

Bilik yarışı üzrə finalda iştirak hüququ əldə edən komanda sayı 18, iştirakçı sayı isə 108 nəfər olub. Olimpiadanın bilik yarışında məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə sualları cavablandırıblar.

Şahmat turniri üzrə isə 12 müxtəlif regiondan 1 qalib komanda, Bakı şəhərindən 5 ən yaxşı komanda, Naxçıvan Muxtar Respublikasından 1 komanda olmaqla cəmi 90 iştirakçıdan ibarət 18 komanda final mərhələdə iştirak hüququ əldə edib.

Qeyd edək ki, yaxın günlərdə qaliblər mükafatlandırılacaq.

Sözügedən olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkarlamaq, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onların arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.