Prezident İlham Əliyevin Ağdərə rayonunun Suqovuşan və Həsənriz kəndinə tarixi səfəri Böyük Qayıdış prosesinin daha bir uğurlu mərhələsidir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işləri Böyük Qayıdış proqramı çərçivəsində uğurla davam edir. Martın 18-də Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Ağdərə rayonunun Suqovuşan və Həsənriz kəndlərinə səfəri bu prosesin tam sürətlə davam etdiyinin göstəricisidir. Prezident İlham Əliyev Həsənriz kəndində çıxışı zamanı bu torpaqların azad olunmasının tarixi əhəmiyyətini vurğuladı: "Həsənrizin azad olunmasının təməli məhz İkinci Qarabağ müharibəsi zamanı qoyulmuşdur. O vaxt artıq Qarabağın böyük hissəsi işğalçılardan azad edilmişdir. İkinci Qarabağ müharibəsindən sonra bir neçə əməliyyat nəticəsində mövqelərimizi daha da yaxşılaşdırdıq ki, ən qısa müddət ərzində az itki verməklə bütün qalan yerləri də nəzarətə götürək". Dövlət başçısı Suqovuşan kəndində də çıxışı zamanı bu torpaqların azad edilməsinin önəmindən danışdı: "Bu kənd İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi. Bildiyiniz kimi, 44 gün ərzində bizim Ordumuz, bütün Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi". Ağdərə rayonunun hər iki kəndinin işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin önəmli anlarından olmuşdu", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir və artıq Ağdərə rayonunun müxtəlif kəndlərinə köçürülmə işləri həyata keçirilir. Bu isə onu göstərir ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin bərpasını ən yüksək səviyyədə və sürətlə reallaşdırır.
"Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində yeni salınmış yaşayış kompleksinin açılışını da etdi. 370 nəfəri əhatə edən 90 ailə üçün nəzərdə tutulmuş bu yaşayış kompleksi Böyük Qayıdış proqramının praktiki nəticələrindən biridir. Prezident İlham Əliyev Suqovuşanda çıxışı zamanı vurğuladı ki, Suqovuşan kəndinin strateji əhəmiyyəti Vətən müharibəsində mühüm rol oynayıb. Bu kəndin azad edilməsi nəticəsində Azərbaycanın mövqeləri möhkəmləndirilib və sonrakı döyüşlərdə əhəmiyyətli üstünlük əldə olunub", - o bildirib.
A.Qarayev qeyd edib ki, Həsənriz kəndində Novruz tonqalının alovlandırması və Suqovuşanda yeni yaşayış kompleksinin istifadəyə verilməsi Böyük Qayıdış proqramının uğurla icra olunduğunu əyani şəkildə nümayiş etdirir. Bu mühüm addımlar, təkcə insanların doğma yurdlarına qayıdışı ilə məhdudlaşmır, həm də həmin ərazilərdə yeni həyatın qurulmasına xidmət edir.
"Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərini həyata keçirir. Artıq Füzuli, Şuşa, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Ağdamda mühüm infrastruktur layihələri reallaşdırılıb, müasir yollar, elektrik və su təchizatı xətləri, sosial obyektlər, məktəblər və xəstəxanalar inşa olunub. Ağdərə rayonunda, o cümlədən Suqovuşan və Həsənriz kəndlərində aparılan quruculuq işləri bu ümumi strategiyanın ayrılmaz tərkib hissəsidir. Yeni yaşayış kompleksləri, kəndlərin yenidən salınması və müasir standartlara cavab verən sosial infrastrukturun qurulması Böyük Qayıdış proqramının mərhələli şəkildə davam etdirildiyini göstərir. Azərbaycan dövləti və xalqı Qarabağı və Şərqi Zəngəzuru dirçəltmək əzmindədir. Bu torpaqlar qısa müddətdə çiçəklənən bölgələrə çevrilib və çiçəklənməyə davam edəcək. Dövlət tərəfindən həyata keçirilən strateji layihələr, "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları, dayanıqlı infrastruktur layihələri bu ərazilərin uzunmüddətli inkişafını təmin edir", - o bildirib.
Politoloq vurğulayıb ki, bütün bu proseslər Azərbaycan xalqının öz torpağına olan məhəbbətinin, dövlətin gücünün və liderliyin təntənəsidir.
"Böyük Qayıdış təkcə torpaqlara deyil, həm də ədalətə, tarixi haqqın bərpasına qayıdışdır. Bu gün isə artıq Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır, doğma yurdlara qayıdan insanlar üçün firavan və təhlükəsiz şərait yaradılır. Azərbaycan gələcəyə inamla baxır. Qarabağ və Şərqi Zəngəzur regionları tezliklə ölkənin ən inkişaf etmiş, modern və cazibədar bölgələrinə çevriləcəklər. Bu torpaqlar yalnız Azərbaycan üçün deyil, bütün region üçün sülh və əməkdaşlıq məkanına dönəcək", - o bildirib.
Milli.Az