Təbii qaza tələbatının ödənməsində Rusiyadan asılılıqdan qurtulan Avropa İttifaqı indi yeni "məngənə"yə - Şimali Afrika və ABŞ-dən alınan təbii qazdan asılı vəziyyətə düşmək istəmir. Brüssel və Strasburq çox aktiv şəkildə yeni təminat mənbələri, yeni satıcılar arayırlar.
Sözügedən arayışlarda Azərbaycan və Türkiyə "qoca qitə" üçün prioritet ölkələrdir. Səbəblər bəlli: Bakı və Ankara stabil, etibarlı və sözlə əməli arasında uçurumlar müşahidə olunmayan tərəfdaşlardır.
... Türkiyə Kiprlə bağlı yaranmış gərginlik səbəbindən dayandırılmış əvvəlki müzakirələrdən sonra Avropa İttifaqı ilə enerji danışıqlarını bərpa etmək üçün diplomatik müzakirələrə başlayır. Məqsəd Avropa İttifaqı üçün təbii qazın əsas təchizatçılarından birinə çevrilməkdir.
Bazar günü POLITICO-ya verdiyi açıqlamada Türkiyənin Aİ-dəki səfiri Faruk Kaymakcı bildirib ki, enerji sahəsində əməkdaşlıq gündəlikdə əsas mövzulardan biri olacaq və bu, planlaşdırılmış münasibətlərin istiləşməsi strategiyasının bir hissəsidir. Bu prosesə ticarət danışıqları və Şərqi Avropa ilə Yaxın Şərqdəki müharibələrə dair siyasi əməkdaşlıq da daxil olacaq.
Bu təşəbbüs Aİ-nin bəzi üzv ölkələrinin, o cümlədən Macarıstan və Slovakiyanın, ilin əvvəlində Ukrayna üzərindən qaz idxalına imkan verən tranzit razılaşmasının başa çatmasından sonra Rusiya qazına alternativ axtarması fonunda həyata keçirilir.
"Bizdə Cənub Qaz Dəhlizi mövcuddur", - deyə Kaymakcı vurğulayıb. "Əsasən Azərbaycandan gələn 18 milyard kubmetr qazımız var - və biz bunu asanlıqla genişləndirərək Aralıq dənizi qazı ilə birləşdirə bilərik. Bizim bu sahədəki rolumuz və potensialımız göz qabağındadır".
Bununla belə, Türkiyə və Aİ arasında enerji ticarətinə dair yüksək səviyyəli danışıqlar 2019-cu ildə dayandırılıb. Blok liderləri Aralıq dənizində qaz yataqlarının hasilatı ilə bağlı Ankara ilə Kipr arasındakı mübahisəyə görə "yaxın vaxtlarda" heç bir görüşün keçirilməyəcəyini bəyan etmişdilər.
Avropa Şurasının bəyanatına görə, Türkiyə şirkətləri "Kipr ərazi sularında" fosil resursları çıxarmağı planlaşdırırdı. Kipr və Yunanıstan da bu zəngin təbii resurslardan faydalanmağı arzulayır, lakin Türkiyənin sərt mövqeyi ilə üzləşirlər.
"Bu potensiala baxmayaraq, 2019-cu ildə qəbul edilən qərarlar səbəbindən Aİ və Türkiyə arasında enerji dialoqu bloklanıb. Biz bunu hər iki tərəfin itirəcəyi bir vəziyyət kimi görürük", - deyə Kaymakcı bildirib. "Türkiyə üç-dörd əsas enerji arteriyasından biridir - ondan istifadə edib-etməmək Aİ-dən asılıdır."
Onun sözlərinə görə, hazırda bu məsələnin müzakirəsinin bərpasına yalnız Kipr mane olur. "Bəlkə də, Aralıq dənizinin günəşli bölgəsində onlara çox enerji lazım deyil, - səfir əlavə edib. - Ancaq üzv ölkələrin əksəriyyəti daha çox enerji və diversifikasiyaya ehtiyac olduğunu deyir. Buna görə də bu proses davam edəcək".
Türkiyə Avropanın enerji xəritəsində əsas oyunçulardan birinə çevrilmək istiqamətində aktiv fəaliyyət göstərir və strategiyanın əsas elementlərindən biri "Türk Axını" qaz kəməridir. Kəmər, 1 yanvar tarixində Ukrayna üzərindən tranzitin dayandırılmasından sonra Rusiya qazının Avropaya çatdırılmasının yeganə marşrutu olaraq qalır.
Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsini regional qaz habına çevirmək arzusunu uzun müddətdir ifadə edir. Məqsəd qonşu ölkələrdən, o cümlədən Azərbaycandan və Rusiyadan qaz idxalının inteqrasiyasını, eləcə də sahilyanı sularda hasilatın genişləndirilməsidir.
"Ukrayna və Rusiya arasında tranzit razılaşmasının başa çatmasından sonra 'Türk Axını'nın vacbiliyi əhəmiyyətli dərəcədə artıb", - deyə Almaniya Marşal Fondunun enerji üzrə eksperti Kadri Tastan bildirib. Onun sözlərinə görə, Avropa bazarındakı qazın yüksək qiyməti Ankaranın mövqelərini gücləndirir, çünki Türkiyə daha çevik təchizat həlləri təklif edə bilər.
Enerji gündəliyi Avropa İttifaqının daxilində gərginlik mənbəyi olaraq qalır. Ukrayna üzərindən tranzitə qismən güvənən Macarıstan və Slovakiya enerji tələbatlarının təhlükə altına düşdüyünü bildirir. Avropa Komissiyasının təchizat böhranının olmadığını bəyan etməsinə baxmayaraq, Macarıstanın baş naziri Viktor Orban Ukrayna üzərindən qaz tranziti bərpa edilməzsə, Rusiyaya qarşı sanksiyaların uzadılmasını bloklamaqla hədələyib.
Avropada təbii qaz üçün alternativ mənbələrə artan tələbat fonunda Ukrayna öz qaz nəqliyyat sistemindən Azərbaycan qazının tranziti üçün istifadə təklifini irəli sürür. Ukrayna Prezidenti Volodimir Zelenski bu ideyanı Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında vurğulayıb və bu məsələnin artıq Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edildiyini qeyd edib.
V.Zelenski bildirib ki, Azərbaycan hər il Avropaya 20 milyard kubmetr qaz tədarük edə bilər. Ukrayna isə, öz növbəsində, tərəflər arasında razılıq əldə ediləcəyi təqdirdə bu qazın tranzitini operativ şəkildə təmin etməyə hazırdır. "Əgər Avropanın qaza ehtiyacı varsa, biz infrastrukturumuzdan istifadə edə bilərik. Amma bu qaz Rusiya mənşəli olmamalıdır", - deyə Zelenski qeyd edib.
Bu təşəbbüs Azərbaycan üçün qaz ixracından gəlirini artırmaq baxımından yeni perspektivlər açır, Avropanın Slovakiya kimi ölkələri üçün isə əlavə qaz təchizatı mənbəyi təklif edir.
Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması bölgənin enerji balansına ciddi təsir göstərib. Moldova və Slovakiya kimi ölkələr üçün bu addım kəskin siyasi müzakirələrə səbəb olan bir problemə çevrilib. Bununla belə, Slovakiyanın baş naziri Robert Fitsonun Avropa İttifaqının Ukraynaya yardımını bloklamaq təhdidi ölkə daxilindəki tənqidlər fonunda ciddi maneələrlə üzləşib.
Azərbaycan qaz ixracını artırmaq potensialına malik olsa da, bu yolda bir sıra əngəllər mövcuddur. Azərbaycan artıq Cənub Qaz Dəhlizinin (CQD) inkişafı istiqamətində mühüm addımlar atır. Lakin Avropa İttifaqı bir tərəfdən enerji mənbələrinin diversifikasiyasını tələb etsə də, digər tərəfdən fosil yanacaq hasilatı ilə bağlı layihələrə uzunmüddətli investisiya qoyuluşlarından çəkinir.
Rusiya qaz ixracını yalnız "Türk Axını" vasitəsilə həyata keçirir və bu kəmərin illik ötürmə gücü təxminən 17,5 milyard kubmetr təşkil edir. Moskvanın Avropa qaz bazarındakı payı əhəmiyyətli dərəcədə azalsa da, Kreml mövcud mövqelərini qorumağa çalışır və Azərbaycanın qazını tranzitlə təmin etmək üçün razılıq verməsi ehtimalı çox azdır.
Azərbaycan qazının Ukrayna üzərindən tranziti məsələsi bölgədə enerji siyasətinin mürəkkəb maraq balansını əks etdirərək müzakirə mövzusu olaraq qalır. Azərbaycanın hər il Avropaya 20 milyard kubmetr qaz ixrac etmək potensialını bəyan etməsinə baxmayaraq, hazırkı tədarük həcmi təxminən 12 milyard kubmetrlə məhdudlaşır. Bu hədəflərə çatmaq üçün Xəzər dənizində yeni yataqların işlənməsinə və Cənub Qaz Dəhlizinin genişləndirilməsinə böyük investisiyalar tələb olunur.
Avropa İttifaqı Azərbaycana uzunmüddətli müqavilələr bağlamaqdan çəkinərək, bu sahədəki irəliləyişlərə mane olur. Azərbaycanın qaz sektoru bu səbəbdən inkişaf üçün zəruri maliyyə dəstəyindən məhrum qalır. Rəsmi Bakı məsələ ilə bağlı mövqeyini bəyan edərək uzunmüddətli faydaları zəmanətli olmayan layihələrə Azərbaycanın təkbaşına sərmayə qoymağa hazır olmadığını açıq şəkildə ifadə edib.
Beləliklə, Bakının enerji siyasəti Ukrayna ilə tranzit əməkdaşlığı və Avropa İttifaqının investisiya yanaşması arasındakı balans gələcək üçün həlledici rol oynayacaq. Hazırda bütün tərəflər arasında geniş razılıq əldə edilməsə, bu təşəbbüsün reallaşması mümkün olmayacaq.
Azərbaycan qazının Ukrayna üzərindən tranziti yalnız iki ssenaridən birinin həyata keçirilməsi ilə mümkündür. Birinci ssenari Rusiya infrastrukturundan istifadəyə əsaslanır: qaz, SSRİ dövründən qalan mövcud boru kəməri vasitəsilə Ukraynaya çatdırıla bilər. Bu marşrut revers rejimində illik iki milyard kubmetr qazın tədarükünü təmin edə bilər və əlavə olaraq infrastrukturun modernləşdirilməsi bu həcmi əhəmiyyətli dərəcədə artıra bilər.
İkinci ssenari isə svop sazişi nəzərdə tutur. Bu saziş çərçivəsində Azərbaycan qazı marşrutun müəyyən hissələrində Rusiya qazı ilə əvəz edilir. Fəqət Kiyev bu ssenarini qətiyyətlə rədd edir, çünki bu, Rusiya yanacağı ilə birbaşa və ya dolayı əlaqələrə malik olmaq deməkdir ki, bu da Ukrayna üçün məqbul deyil.
Məsələni daha da çətinləşdirən məqam odur ki, Rusiya həmin boru kəmərindən öz qazını Azərbaycan vasitəsilə İrana çatdırmaq üçün istifadə etməyi planlaşdırır. Ali səviyyədə müzakirə edilən bu layihə perspektivdə illik 55 milyard kubmetrə qədər qazın ixracını nəzərdə tutur. Lakin mövcud infrastrukturun olmaması səbəbindən eyni vaxtda həm Rusiya qazının İrana, həm də Azərbaycan qazının Ukraynaya daşınması texniki baxımdan mümkün deyil.
Azərbaycan qazının Ukrayna üzərindən tranzitinin həyata keçirilməsi yalnız iqtisadi hesablamalardan deyil, həm də iştirakçı ölkələrin siyasi iradəsindən asılıdır. Ukraynanın öz qaz nəqliyyat sistemini təqdim etməyə hazır olmasına baxmayaraq, əsas sual budur: Rusiya, rəqiblərin mövqelərini gücləndirən Azərbaycan qazının tranzitini təmin etməyə razı olacaqmı?
Hazırda Rusiya Avropa qaz bazarının yalnız kiçik bir seqmentini idarə edir və bu, əsasən, "Türk Axını" boru kəməri vasitəsilə həyata keçirilir. Bu kəmər hər il təxminən 17,5 milyard kubmetr qazın nəqlini təmin edir. Halbuki 2019-cu ildə "Qazprom" Avropa qaz tələbatının yarısını ödəyərək 200 milyard kubmetr qaz ixrac edirdi. Ukrayna üzərindən keçən tranzit də daxil olmaqla marşrutların azalması Moskvanın mövqeyini xeyli zəiflədib.
Azərbaycan qazının tranziti məsələsində Moskvanın siyasi qərarı və regional geosiyasi balansın necə dəyişəcəyi yaxın illərdə bu məsələni həll edən əsas amillərdən biri olacaq.
Rəsmi Bakı Cənub Qaz Dəhlizinin (CQD) inkişafına sərmayə yatırmağa davam edir. Bu dəhliz Xəzər regionunu Avropa ilə birləşdirərək strateji enerji marşrutuna çevrilib. Amma illik ixrac gücünü 20 milyard kubmetrə çatdırmaq üçün on milyardlarla dollarlıq investisiya tələb olunur. Bununla yanaşı, Avropa İttifaqının fosil yanacaq hasilatı ilə bağlı layihələrə maliyyə dəstəyini məhdudlaşdırması və Avropa şirkətlərinin uzunmüddətli müqavilələr bağlamaqdan çəkinməsi Azərbaycanın bu iddialı planlarının reallaşdırılmasını şübhə altına alır.
O da məlumdur ki, Avropa ilə dəqiq əməkdaşlıq və maliyyə dəstəyinə dair zəmanət olmadan Bakı böyük risklər tələb edən və rentabellik baxımından qeyri-müəyyən olan layihələrə sərmayə qoymayacaq.
Azərbaycan qazının Ukrayna üzərindən tranziti təkcə iqtisadi fayda deyil, həm də mürəkkəb geosiyasi məsələdir. Azərbaycan, Ukrayna və Rusiya bu məsələdə fərqli maraqlar güdür və bu maraqlar çox vaxt bir-birinə zidd olur.
Bu təşəbbüsün uğuru yalnız iqtisadi maraqların deyil, həm də tərəflərin geosiyasi mövqelərinin razılaşdırılmasından asılıdır. Bununla yanaşı, infrastrukturun modernləşdirilməsi üçün ciddi investisiyaların cəlb edilməsi zəruridir. Xüsusilə Azərbaycanın Rusiya ilə münasibətləri və Avropa İttifaqının qaz tədarükünü diversifikasiya edən layihələrə dəstək verməyə nə dərəcədə hazır olması həlledici rol oynayacaq.
Türkiyə, Azərbaycan və Ukrayna yeni bir "enerji üçbucağı" formalaşdırır. Bu əməkdaşlıq Avropa qaz bazarının gələcəyinə əhəmiyyətli təsir göstərə bilər. Bununla belə, Azərbaycan qazının Ukrayna üzərindən tranziti ilə bağlı layihələrin həyata keçirilməsi yalnız iqtisadi maraqların deyil, həm də geosiyasi maraqların uyğunlaşdırılmasını tələb edir.
Türkiyə özünü qaz habı kimi təsdiqləmək istiqamətində mövqeyini gücləndirməyə davam edir. Eyni zamanda, Azərbaycan və Ukrayna həm siyasi iradə, həm də böyük həcmli investisiyalar tələb edən çətinliklərlə üzləşir.
"Təsir oyunu"nun nəticələri Avropa enerji bazarındakı qüvvələr balansını yaxın illərdə müəyyən edəcək. Davam edən enerji qeyri-sabitliyi şəraitində Azərbaycan qazının CQD vasitəsilə genişlənməsi və Ukrayna üzərindən tranziti beynəlxalq gündəmin mühüm mövzusu olaraq qalacaq. Azərbaycanın bu sahədəki qərarları regionun enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər.
Elçin Alıoğlu
Trend