Son illərdə Moskva ilə İrəvan arasındakı münasibətlər həm Cənubi Qafqaz bölgəsində, həm də onun hüdudlarından kənarda geosiyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. Ermənistanın Rusiyanın təsir dairəsindən tədricən uzaqlaşması, eləcə də Kremlin yeni regional reallıqlardakı rolu ekspertlər, siyasətçilər və analitiklər tərəfindən diqqətlə izlənilir. İrəvanda Rusiya-Ermənistan münasibətlərinə həsr olunmuş son konfrans iki ölkə arasındakı böhranın dərinliyini bir daha vurğuladı.
"Qlobal və regional yenidənqurma şəraitində Ermənistan və Rusiya: dərslər və strateji seçim" adlı konfransda hər iki tərəfin ekspertləri yekdilliklə belə qənaətə gəldilər ki, Rusiya-Ermənistan münasibətləri tarixində ən çətin mərhələni yaşayır. Müzakirələrdə Ermənistanın keçmiş diplomatları, sabiq xarici işlər nazirləri Ara Ayvazyan və Zohrab Mnatsakanyan, eləcə də rusiyalı siyasi analitiklər iştirak etdilər. Aşkar ermənipərəst mövqeləri ilə tanınan rusiyalı siyasi ekspert Sergey Markedonov vurğuladı: "Biz ikitərəfli münasibətlərin ən çətin nöqtəsində dayanırıq. İki-üç il əvvəl Ermənistanın Rusiyanın strateji müttəfiqi olduğunu deyirdim. Bu gün vəziyyət kəskin şəkildə dəyişib və Rusiya ilə Ermənistan münasibətlərində dərin böhran hökm sürür".
S.Markedonov əlavə edib ki, Qərbin artan təsirinə baxmayaraq, Ermənistan hələlik Rusiyaya keyfiyyətcə alternativ yarada bilməyib. Ekspertin sözlərinə görə, Qərb ölkələrinin Ermənistan ilə Azərbaycan arasında münaqişəni tənzimləmək cəhdlərinin əsas məqsədi Rusiyadan yan keçən ticarət marşrutları yaratmaqdır.
Bununla belə, Ermənistan tərəfdən tamamilə əks fikirlər səsləndirilir. Ermənistan parlamentinin sədr müavini və Türkiyə ilə danışıqlarda xüsusi nümayəndə Ruben Rubinyan iddia edir ki, məhz Rusiya regiondan tədricən uzaqlaşır.
R.Rubinyan həmçinin, Ermənistan müxalifətinin İrəvanın Qərbin diktəsi ilə hərəkət etdiyi və Rusiyanı Türkiyə ilə əvəz etməyə çalışdığı barədə ittihamlarını "absurd" adlandırıb.
Amma Ermənistan tərəfinin bəyanatları Moskvada kəskin narazılıq doğurur. Kreml, Rusiya diplomatları və siyasi elitası yekdilliklə bildirir ki, Rusiya Cənubi Qafqazı tərk etmək niyyətində deyil. Daha da irəli gedərək, bir çox rusiyalı siyasətçi Qərbin Ermənistanı öz geosiyasi məqsədləri üçün şüurlu şəkildə istifadə etdiyini qeyd edir.
Rusiyanın yüksək vəzifəli rəsmiləri dəfələrlə bəyan ediblər ki, Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planları iflasa məhkumdur. Xarici işlər naziri Sergey Lavrov açıq şəkildə vurğulayıb ki, Avropa İttifaqı və ABŞ Rusiyanı əsas bölgələrdən, o cümlədən Cənubi Qafqazdan uzaqlaşdırmağa çalışır:
"Avropa İttifaqı bizi hər vəchlə sıxışdırıb çıxarmaq, Mərkəzi Asiyadan və Cənubi Qafqazdan uzaqlaşdırmaq niyyətində olduğunu gizlətmir. Bu mümkün olmayacaq. Biz burada tarixi olaraq varıq və heç yerə getmirik".
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da oxşar mövqedən çıxış edərək bildirib: "Rusiya bu regionun ayrılmaz hissəsidir, ona görə də heç bir yerə getmək fikrində deyil".
Vladimir Putin isə Rusiyanın Qafqazda öz təsirini gücləndirmək və regionun bütün ölkələri, o cümlədən Ermənistan ilə mehriban qonşuluq münasibətlərini qorumaq niyyətində olduğunu bir daha təsdiqləyib.
Moskvanın Qafqazda gələcək mövcudluğuna olan əminliyinə baxmayaraq, Ermənistanın siyasəti getdikcə daha çox Qərbə inteqrasiyaya yönəlir. İrəvan Avropa İttifaqı, NATO və digər Qərb strukturları ilə fəal əməkdaşlıq edir və öz addımlarını "Rusiyanın zəifləyən mövqeyi" ilə əsaslandırır. Lakin bu yanaşmada bir çox risklər gizlənir.
Rusiyalı ekspertlər hazırkı Ermənistan siyasətini Ukrayna ssenarisi ilə müqayisə etməyə başlayıblar. Moskva xəbərdarlıq edir ki, əgər Ermənistan Qərbə yönəlmiş kursunu davam etdirərsə, ciddi geosiyasi sarsıntılarla üzləşə bilər. Rusiya elitasının bəzi nümayəndələri Ermənistan hökumətinin hərəkətlərini birbaşa "Ermənistan dövləti üçün fəlakətli" adlandırır.
Rusiya-Ermənistan münasibətlərindəki mövcud gərginlik yalnız iki ölkə arasındakı əlaqələrə deyil, bütövlükdə Cənubi Qafqaz regionunun geosiyasi sabitliyinə də ciddi təsir göstərir. Bu bölgə hazırda Rusiya, ABŞ, Türkiyə və Avropa İttifaqı kimi qlobal güclərin maraqlarının kəsişdiyi və nüfuz uğrunda mübarizənin getdiyi bir məkan kimi çıxış edir. Ermənistanın Moskva ilə münasibətlərinin zəifləməsi və İrəvanın Qərbə yaxınlaşması bu rəqabəti daha da qızışdırır.
Rusiya-Ermənistan münasibətlərindəki böhran Moskvanın regiondakı strateji planlarını ciddi şəkildə sarsıdır. Ermənistan illər boyu Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqi, "strateji forpostu", həm də Avrasiya layihələrinin vacib halqası hesab olunurdu. Bu ölkə Moskva üçün həm iqtisadi, həm də hərbi baxımdan mühim dayaq nöqtəsi rolunu oynayırdı. İrəvanın Qərbə doğru hərəkət etməsi yalnız Rusiyanın regiondakı nüfuzunu azalda bilməz, həm də bölgədəki geopolitik balansı pozaraq destabilizasiyaya səbəb ola bilər.
Regionda Moskvanın ənənəvi mövqelərini zəiflədən əsas amillərdən biri Ermənistanın hazırkı siyasi rəhbərliyinin Kremlin maraqlarını nəzərə almağa getdikcə daha az maraq göstərməsidir. Ermənistanın baş naziri Nikol Paşinyan və onun hökuməti Qərblə hərbi və siyasi əlaqələri gücləndirmək siyasətini prioritet seçərək, Rusiya ilə ənənəvi yaxın münasibətləri tədricən arxa planda qoyur. Bu siyasət nəticəsində İrəvan Rusiya ilə birgə layihələrdə passiv iştirak nümayiş etdirir və Qərb strukturları ilə daha sıx əməkdaşlıq edir.
Ermənistan Rusiya üçün Avrasiya İqtisadi Birliyi (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində vacib bir üzv olaraq qalır. Fəqət Ermənistan hökumətinin Moskvanın təklif etdiyi inteqrasiya layihələrindəki passiv rolu, xüsusən də KTMT çərçivəsində, ciddi narahatlıq doğurur. Ermənistanın bu strukturdan uzaqlaşması Rusiyanın regionda öz maraqlarını qorumaq üçün digər tərəfdaşlara, xüsusən də Azərbaycana və İrana yönəlməsinə səbəb olur.
Moskva üçün Ermənistan təkcə siyasi və hərbi müttəfiq deyil, həm də Qafqazda strateji mövqelərini gücləndirmək üçün vacib bir "bufer zonası"dır. Ermənistan vasitəsilə Rusiya həm Türkiyə, həm də NATO-nun regiondakı təsirini məhdudlaşdırmağa çalışır. Buna görə də Ermənistanın Qərbə yaxınlaşması və Moskva ilə münasibətləri zəiflətməsi Rusiyanın regiondakı geopolitik mövqelərini daha da təhlükə altına qoyur.
Cənubi Qafqaz hazırda qlobal güclərin maraq mübarizəsinin əsas meydanlarından birinə çevrilib. Rusiya ABŞ, Türkiyə və Avropa İttifaqı regiondakı strateji mövqelərini gücləndirmək və resurslardan faydalanmaq üçün mübarizə aparır. Ermənistanın Qərblə hərbi əməkdaşlıq addımları, məsələn, NATO ilə birgə təlimlər keçirməsi və Avropa İttifaqının İrəvandakı nümayəndəliyinin açılması, Rusiyanın regiondakı təsirini zəiflədən mühim elementlərdir.
Bəhs olunan siyasət fonunda Türkiyə və ABŞ-nin Ermənistan üzərində təsirini artırmaq cəhdləri diqqət çəkir. Türkiyə xüsusən də, Ermənistanla sərhədlərin açılması və ticarət əlaqələrinin inkişafı yolu ilə öz təsirini genişləndirmək niyyətindədir. ABŞ isə Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün iqtisadi və siyasi dəstək alətlərindən istifadə edir.
Rusiya-Ermənistan münasibətlərindəki böhran Cənubi Qafqazın gələcəyinə birbaşa təsir göstərir. Moskvanın regiondakı mövqeləri zəiflədikcə, bölgədə geosiyasi qeyri-sabitliyin artması ehtimalı yüksəlir. Ermənistan üçün Rusiya ilə əlaqələri zəiflətmək riskli bir strategiyadır, çünki Qərb strukturları uzunmüddətli perspektivdə Ermənistanın təhlükəsizlik və ərazi bütövlüyü kimi strateji maraqlarını təmin etməkdə tərəddüd göstərə bilər.
Vəziyyətin həlli üçün həm Moskva, həm də İrəvan öz siyasətlərinə yenidən baxmalı və mövcud böhranı aşmaq üçün qarşılıqlı maraqları nəzərə alan yeni əməkdaşlıq formatı təklif etməlidirlər. Əks halda, münasibətlərdəki mövcud gərginlik daha da dərinləşəcək və bu, yalnız iki ölkə üçün deyil, bütün region üçün mənfi nəticələrə gətirib çıxaracaq.
Ermənistan ABŞ, Fransa və Avropa İttifaqının artan dəstəyi ilə Qərblə əlaqələrini fəal şəkildə inkişaf etdirir. NATO ilə birgə təlimlərin keçirilməsi və İrəvanda Avropa İttifaqının nümayəndəliyinin açılması kimi addımlar bunun bariz nümunəsidir. Amma Qərbə yönəlmək Ermənistan üçün ciddi risklər yarada bilər. Tarix dəfələrlə göstərib ki, Qərb ölkələri öz maraqlarını qorumağa üstünlük verir və kiçik tərəfdaşların maraqlarını çox vaxt nəzərə almır. Bu isə o deməkdir ki, Ermənistanın təhlükəsizlik və ərazi bütövlüyü kimi strateji maraqları kritik məqamlarda daha böyük geosiyasi məqsədlərə qurban verilə bilər.
Rusiya üçün Ermənistan Qafqazda təhlükəsizlik sisteminin vacib elementi olaraq qalır. Ermənistanın Qərb düşərgəsinə yönəlməsi Kremlin regiondakı təsirinə birbaşa təhdid kimi qəbul ediləcək. Buna baxmayaraq, Moskva hələ ki, ehtiyatla hərəkət edir və narazılığını iqtisadi və diplomatik siqnallarla ifadə etməklə kifayətlənir. Bu siqnallardan biri Ermənistana hərbi yardımı qismən yenidən nəzərdən keçirmək və Azərbaycanla əlaqələri aktivləşdirmək olub ki, bu da İrəvana təzyiq göstərmək cəhdi kimi dəyərləndirilə bilər.
Bununla yanaşı, Rusiya Ermənistanın əsas iqtisadi və enerji tərəfdaşı olaraq qalır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində təhlükəsizliyin zəmanətçisidir. Moskva ilə sıx əməkdaşlıqdan imtina İrəvan üçün ciddi iqtisadi və siyasi itkilərlə nəticələnə bilər.
Cənubi Qafqazdakı vəziyyət Qərb və Rusiya arasında qlobal qarşıdurmanın aydın əksidir. Bu region hər iki tərəfin mövqelərini gücləndirməyə çalışdığı bir şahmat taxtasına çevrilib. Ermənistanın Moskvanın təsir dairəsindən çıxması güc balansını dəyişə bilər, lakin bu, eyni zamanda, bölgədə qeyri-sabitliyin artmasına səbəb ola bilər.
Rusiya-Ermənistan münasibətlərinin gələcəyi üçün vacibdir ki, hər iki tərəf mövcud böhranı aşa bilsin. Ermənistan Qərbə yönəlmənin gətirə biləcəyi imkanları və riskləri daha realist şəkildə qiymətləndirməlidir. Rusiya isə İrəvana Qərbin təklif etdiklərindən daha cazibədar bir əməkdaşlıq formatı təklif edərək çeviklik nümayiş etdirməlidir.
Ermənistanın gələcəyi Moskva və İrəvanın bir-birinin maraqlarını nə dərəcədə nəzərə alıb qarşılıqlı qəbul olunan həll yollarını tapa bilməsindən asılı olacaq. Əks təqdirdə, münasibətlərdəki böhran daha da dərinləşəcək ki, bu da yalnız iki ölkə üçün deyil, bütün region üçün mənfi nəticələrə gətirib çıxara bilər.
Elçin Alıoğlu
Trend