Siyasət

Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA

7 Oktyabr 2024 15:28
Baxış: 1 067

Qərbin Azərbaycana qarşı apardığıinformasiya müharibəsi artıq çoxdan sadəcə tənqidi mövqelərdən çıxaraq, konkret hədəfə yönəlmiş siyasi alətə çevrilib. Bir neçə əsas media resursu vasitəsilə bu təxribatlar ardıcıl şəkildə və sinxron xarakterdə həyata keçirilir. Qərbin Azərbaycanda fəaliyyət göstərən informasiya platformaları öz fəaliyyətlərini ölkədə daxili sabitliyi pozmağa, cəmiyyətdə narazılıq yaratmağa və hakimiyyətə qarşı etimadsızlıq formalaşdırmağa yönəldiblər. Bu strategiya üç əsas istiqamətdə həyata keçirilir.

Son illərdə Azərbaycana qarşı aparılan informasiya müharibəsinin yeni alətləri açıq-aşkar görünməkdədir. Xüsusilə, "Amerikanın səsi", BBC və "Azadlıq Radiosu" kimi xarici media qurumları ölkənin siyasi mühitinə və daxili işlərinə müdaxilə etmək üçün müxtəlif vasitələrə əl atırlar. Bu media orqanları, insan hüquqları və sosial-bürokratik problemləri manipulyasiya etməklə, Azərbaycanın imicinə ciddi zərbə vurmağa çalışır, eyni zamanda, radikal müxalifəti hərəkətə gətirməyi və kütləvi aksiyalar təşkil etməyi hədəfləyirlər.

"Amerikanın səsi", yoxsa Qərbin Azərbaycandakı şəbəkəsinin "müdafiəçi"si?

"Amerikanın səsi" özünü "insan hüquqları müdafiəçisi" kimi təqdim edərək Azərbaycana qarşı təzyiq siyasəti yürütməyə çalışır. Bu radiostansiya müxtəlif qeyri-hökumət təşkilatları (QHT) və "müstəqil media" adı altında fəaliyyət göstərən qurumları dəstəkləyir. Onların məqsədi rəsmi Bakı üzərində beynəlxalq pressinqə nail olmaq, Qərbin Azərbaycandakı maraqlarına xidmət edən şəbəkəni genişləndirməkdir.

"Amerikanın səsi" əsasən Azərbaycandakı insan hüquqları ilə bağlı məsələləri gündəmə gətirir. Onlar öz hesabatlarında, proqramlarında və yayımlarında ölkədə guya sistemli şəkildə hüquq pozuntularının olduğunu və Qərb dəyərlərinin tətbiq edilmədiyini iddia edirlər. Bununla yanaşı, ölkədəki vətəndaş cəmiyyətinə dəstək adı altında Azərbaycanda fəaliyyət göstərən Qərb yönümlü təşkilatların fəaliyyətini təbliğ edir və onları "müstəqil" ictimai aktorlar kimi təqdim edirlər. Bununla da, Azərbaycanı guya demokratiyaya zidd siyasət yürütməkdə və Qərb dəyərlərinə uyğunlaşmamaqla ittiham edirlər.

Ancaq burada əhəmiyyətli bir fakt nəzərə alınmalıdır: "Amerikanın səsi"nin Azərbaycanda yaydığı informasiya çox vaxt konkret faktlara əsaslanmır və qərəzli şəkildə təqdim edilir. Onların Azərbaycanda insan hüquqları məsələsini qabartması Qərb maraqlarına xidmət edən təsir agentləri vasitəsilə həyata keçirilir. Ölkədəki real vəziyyətə dair obyektiv yanaşma demək olar ki, yoxdur.

"Amerikanın səsi" tərəfindən yayımlanan materiallar arasında Azərbaycanda insan hüquqları ilə bağlı süni şəkildə şişirdilən məqalələr az deyil. Bu materiallar adətən beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarına əsaslanır və Azərbaycandakı müxalifət dairələrinə dəstək mesajları verir. Azərbaycanın daxili məsələlərinə birbaşa müdaxilə cəhdləri, xüsusilə, radikal müxalifət üzvləri vasitəsilə olan əməllər də nəzərə çarpır.

BBC-nin incə manipulyasiya siyasəti

BBC "Amerikanın səsi" ilə müqayisədə daha "incə" yollarla Azərbaycana təzyiq etmə siyasəti aparır. Onların yayımladığı reportajlarda, xüsusilə də, "narazı vətəndaşların" hekayələri ön planda olur. Məsələn, BBC-nin yayımladığı bir reportajda Bakı ətrafında yaşayan vətəndaşların iqtisadi çətinliklərdən şikayət etməsi diqqət çəkirdi. Bu reportaj, Azərbaycanda hökumətə qarşı "miqyası az olmayan narazılıq" təsviri yaratmağa yönəlmişdi.

BBC bu cür materiallarla ictimai rəydə hakimiyyətə qarşı inamsızlıq və narazılıq toxumları səpməyə çalışır. Amma onların bu cür xəbərləri, Azərbaycanda real ictimai fikri əks etdirmək əvəzinə, məhdud sosial qrupların narazılıqlarını geniş auditoriyaya çatdırmaq üçün vasitə kimi istifadə olunur. Bu, xüsusilə, Azərbaycana qarşı "yumşaq güc" vasitəsilə həyata keçirilən təzyiq siyasətinin bir hissəsi kimi qiymətləndirilməlidir.

BBC əsasən sosial, iqtisadi və maliyyə məsələlərinə fokuslanır və ölkədəki bu sahələrdə guya ciddi problemlərin olduğunu vurğulamağa çalışır. Onların məqsədi Azərbaycandakı iqtisadi vəziyyətlə bağlı cəmiyyətdə narazılıq yaratmaqdır. Son yayımlarında ölkədəki "işsizlik, inflyasiya və iqtisadi qeyri-stabilliyi" qabarıq göstərməyə çalışırlar. Fəqət, burada BBC-nin istifadə etdiyi metodoloji yanaşma bir tərəfdən manipulyativdir. Onlar statistik göstəriciləri qəsdən yanlış təfsir edərək, Azərbaycan hakimiyyətinin iqtisadi siyasətini gözdən salmağa çalışırlar. Bunun fonunda BBC xüsusilə cəmiyyətin həssas təbəqələrinə təsir etməyə yönəlmiş mediativ strategiyanı reallaşdırmağa çalışır.

"Azadlıq Radiosu": siyasi etimadsızlıq yaratmaq strategiyası?

"Azadlıq Radiosu" Azərbaycanın rəsmi strukturlarının imicinə zərbə vurmaq üçün müxtəlif taktikalardan istifadə edir. Onlar hakimiyyət dairələrində "korrupsiya və qanun pozuntuları ilə bağlı hesabatlar" hazırlayır. Amma bu hesabatlar, əksər hallarda, obyektiv faktlara əsaslanmır. "Azadlıq Radiosu" Azərbaycandakı radikal müxalifət dairələrinin fikirlərini yaymaqla yanaşı, hökumətə qarşı etimadsızlıq və narazılıq yaratmağa çalışır.

Məsələn, "Azadlıq Radiosu"nun bir neçə məqaləsində Azərbaycan hökumətinin anti-korrupsiya siyasəti tənqid olunmuşdu. Onlar ölkədə "korrupsiya pandemiyası" mövzusunu gündəmə gətirərək, vətəndaşlar arasında dövlət institutlarına inamsızlıq toxumları səpməyə çalışırdılar. Belə materiallarda konkret faktların azlığı diqqət çəkirdi və cəmiyyətdə yayılmaq istənilən mənfi rəyi gücləndirmək məqsədi açıq-aydın görünürdü.

"Azadlıq Radiosu" isə Azərbaycan hökumətinin atdığı addımların gözdən salınması və ona qarşı etimadsızlıq formalaşdırmaq üzrə fəaliyyət göstərir. Bu radio əsasən hakimiyyətin siyasi qərarlarını tənqid etməklə cəmiyyət arasında "suallar" yaratmağa çalışır.

Belə bəsit gedişlər müxtəlif formalarda həyata keçirilir. "Azadlıq Radiosu" hökumətin sosial siyasətini, iqtisadi islahatlarını və beynəlxalq aləmdə atdığı addımları davamlı olaraq tənqid edir və hökumət əleyhinə mövqelər yaradırlar. Bu strategiya Azərbaycanda sosial stabilliyi "sınağa çəkmək" taktikası sayıla bilər.

Son illərdə bu cür informasiya resurslarının fəaliyyəti artan intensivliklə davam edir. Azərbaycanda narazılıq toxumlarını səpmək və hakimiyyətə qarşı etimadsızlıq yaratmaq Qərbin əsas məqsədidir. Belə  fəaliyyətlər təkcə Azərbaycana yönəlməyib. Gürcüstan da Qərbin təzyiqi ilə üz-üzədir.

Xarici mediadan gələn təhlükə

Bəhs etdiyimiz mediativ manipulyasiya siyasətləri təkcə Azərbaycanda deyil, digər ölkələrdə də həyata keçirilir. Məsələn, Ukraynada, Gürcüstanda və Ermənistanda xarici media orqanları radikal müxalifəti dəstəkləməklə ictimai sabitliyi pozmağa çalışıblar. Ukraynada 2014-cü ildə baş verən siyasi gərginliklərdə BBC və "Amerikanın Səsi" ölkədə radikal qüvvələrin dəstəyini gücləndirmək üçün mühüm rol oynadılar. Onların yayımladığı məqalələrdə və reportajlarda Qərbin maraqlarına uyğun olaraq, Ukrayna hökumətinə qarşı tənqidi fikirlər üstünlük təşkil edirdi.

Siyasi analitiklər qeyd edirlər ki, bu cür manipulyasiya kampaniyaları, bir çox halda, xarici qüvvələrin həmin ölkələrin daxili işlərinə müdaxiləsi kimi qiymətləndirilməlidir. Məsələn, məşhur siyasi ekspert Mark Anderson bildirib ki, "Qərb mediası, xüsusilə də BBC və "Amerikanın Səsi", postsovet məkanında sabitliyi pozmağa və demokratik prosesləri öz maraqlarına uyğun istiqamətləndirməyə çalışırlar".

Gürcüstan presedenti: Qərbin təzyiqləri və daxili sabitliyin pozulması

Beynəlxalq hüquq müdafiə təşkilatları son bir ildə Gürcüstana qarşı da təzyiqlərini artırıblar. "Amnesty İnternational", "Freedon House", "Human Rights Watch" kimi təşkilatlar Gürcüstanı hədəfə alıblar və müxtəlif bəyanatlarla ölkəni beynəlxalq ictimaiyyətin gözündə gözdən salmağa çalışırlar. Sözügedən hücumlar son aylar ərzində daha da intensivləşib. Gürcüstan hökumətinin daxili siyasətini hədəf alan bu təşkilatlar, ölkəni təzyiq altına salaraq müəyyən siyasi güzəştlərə sövq etmək istəyirlər.

Məsələn, "Jurnalistlərin Təhlükəsizliyi Platforması" adı altında yaradılmış koalisiya Gürcüstanı "söz və ifadə azadlığına zidd" addımlar atmaqda ittiham edən hesabatlar hazırlayır. Həmin hesabatlarda obyektiv araşdırma demək olar ki, yoxdur. Onlar hər hansı bir fakta istinad etmək əvəzinə yalnız Gürcüstan hökumətini tənqid etməyə çalışırlar. Məsələn, Gürcüstanın sərhəd xidmətinin Belarus jurnalist Andrey Mialeşkanın Tbilisiyə girişinə mane olması faktı "jurnalist hüquqlarının pozulması" kimi təqdim edilirdi. Ancaq bu ittihamların arxasında hər hansı bir real əsas dayanmır.

Ailə dəyərləri və milli maraqların qorunması

Gürcüstan parlamentinin qəbul etdiyi "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi" qanunu da Qərbdə narahatlıq doğurub. Bu qanunun əsas məqsədi Gürcüstanda ailə institutunu və milli dəyərləri qorumaqdır. Amma Qərb strukturları bu qanunu "mətbuat və ifadə azadlığına zidd" kimi qiymətləndirir. Onlar bu qanunun ölkədə LGBT+ məsələlərinə dair açıq müzakirələrə mane olduğunu iddia edirlər.

Maraqlıdır ki, Qərbin bu məsələlərə münasibəti olduqca seçicidir. Avropa strukturları Gürcüstanda ailə dəyərlərini qorumaq yönündə atılan addımları qətiyyətlə tənqid edir, lakin Avropa ölkələrində belə qanunların tətbiqinə göz yumur. Gürcüstanın Avropa strukturlarına üzvlüyünün əsas məqsədi təhlükəsizlik və demokratik dəstək almaq olsa da, Avropa institutları daha çox bu ölkədəki ailə və cəmiyyət dəyərlərini hədəf alırlar.

Qərbin təzyiq siyasəti: Azərbaycana qarşı təxribatlar

Azərbaycan da bu cür təzyiqlərdən kənarda deyil. Avropa və ABŞ qanunvericiləri Azərbaycana qarşı da təzyiq kampaniyaları aparırlar. 2024-cü ilin payızında COP29 sammiti ərəfəsində ABŞ qanunvericiləri Azərbaycana qarşı təzyiq göstərmək üçün Dövlət katibi Antoni Blinkeni hərəkətə keçməyə çağırıblar. Məktubda Azərbaycanda guya siyasi məhbusların azad edilməsinə nail olmaq üçün tədbirlər görülməsi istənilir.

Bu təzyiqlərin arxasında duran məqsəd isə insan hüquqları və ya demokratiya deyil, Cənubi Qafqazdakı geosiyasi maraqlardır. Qərbin Azərbaycana qarşı təzyiqləri siyasi maraqlarına xidmət edən qüvvələrin hüquqlarını qorumaq məqsədi daşıyır. Azərbaycanı daxildən qarışdırmaq, onun sabitliyini pozmaq və geosiyasi mövqelərini zəiflətmək Qərbin əsas strategiyasıdır.

Son dövrlərdə Qərb ölkələrinin və onların təsirində olan beynəlxalq təşkilatların Azərbaycana və Gürcüstana qarşı apardıqları kampaniyalar açıq şəkildə göstərir ki, burada əsas məqsəd insan hüquqlarını qorumaq və ya demokratiyanı yaymaq deyil. Əksinə, Qərb öz siyasi maraqları naminə bu ölkələrə təzyiq göstərir, daxili sabitliyi pozmağa çalışır və onları öz təsir dairəsində saxlamaq istəyir.

Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş bu cür təzyiq kampaniyalarına qarşı cəmiyyət daha da ayıq-sayıq olmalıdır. Xarici KİV-lərin məqsədi Azərbaycan daxilində sosial gərginliklər yaratmaq və ictimai rəydə narazılıq toxumları səpməkdir.

Buna görə də, Azərbaycanın daxili sabitliyini qorumaq üçün həm dövlət, həm də vətəndaşlar milli təhlükəsizliyi qorumaq yolunda birgə səylər göstərməlidir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.