Siyasət

Katolikos erməniləri yeni müharibəyə çağırır

1 Oktyabr 2024 12:37
Baxış: 1 586

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Üç gün əvvəl Eçmiədzində keçirilən müqəddəs mür yağının təqdisi mərasimi başa çatdıqdan sonra Ermənistanın Həvari Kilsəsinin başçısı, bütün ermənilərin katolikosu II Qaregin yenidən Azərbaycanla bağlı aqressiv açıqlamalar verdi.

Yeddi ildən bir keçirilən bu tədbir katolikos üçün iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da qızışdırmaq üçün növbəti platformaya çevrildi. Öz çıxışında II Qaregin erməniləri "düşməndən qorxmamağa" çağırdı və "müqəddəs mür yağı bizim qanımız oldu, bizə sınaqlardan keçmək üçün güc verdi" dedi. Bu simvolik dil, metaforlar və dini məcazlarla zəngin olmaqla, bir daha sual doğurdu: niyə kilsə hələ də Ermənistanın müharibə əhval-ruhiyyəsində fəal rol oynamaqda davam edir?

II Qareginin çıxışı siyasi və ekspert dairələrində geniş rezonans doğuub. Onun beynəlxalq ictimaiyyəti "Azərbaycanın ekspansionist meyllərinin qarşısını almağa" çağırması Azərbaycan rəsmiləri tərəfindən açıq şəkildə tənqid olundu. Azərbaycanın Xarici İşlər Nazirliyi katolikosun bəyanatlarına sürətlə reaksiya verərək, onları "təxribatçı və sabitliyi pozan" adlandırdı və belə bir dini liderin açıqlamalarının "bölgə xalqları arasında parçalanmanı daha da dərinləşdirdiyini, sülhə töhfə vermək əvəzinə bu cəhdləri pozduğunu" bildirdi.

Siyasi analitik Qriqori Ayvazyanın sözlərinə görə, II Qareginin çıxışının Cənubi Qafqazda artan gərginliklə üst-üstə düşməsi təsadüfi deyil. "Bu bəyanatlar təkcə dini ritorikanı əks etdirmir, həm də Ermənistanın ərazi mübahisəsinə münasibətini açıq şəkildə göstərir", - Ayvazyan bildirib. Onun fikrincə, katolikos uzunmüddətli sabitliyə maraqlı olmayan aqressiv qüvvələrin ruporu kimi çıxış edir.

Ertəsi gün, sentyabrın 29-da, Eçmiədzinin əsas kilsəsinin təkrar təqdisi mərasimində həmin əhval-ruhiyyəni Ermənistanın baş naziri Nikol Paşinyan dəstəklədi. Prezident və digər yüksək vəzifəli şəxslərlə birgə Paşinyan, kilsə ilə olan daxili ziddiyyətlərə baxmayaraq, tədbirdə iştirak etdi və beləliklə, II Qareginin sərt mövqeyinə gizli dəstək göstərdi. Nikol Paşinyan çoxdan Ermənistanın milli maraqlarını gücləndirmək və beynəlxalq təşkilatlarla dialoq qurmağa çalışmaq arasında balansı qoruyur. Ancaq Azərbaycanın ünvanına aqressiv ritorikanın dəstəklənməsi onun diplomatik səylərinə kölgə salır və Ermənistanın beynəlxalq arenada mövqeyini zəiflədə bilər.

Bu mürəkkəb siyasi dramaya rusiyalı erməni əsilli oliqarx Samvel Karapetyan da öz "töhfə"sini verdi. O, müqəddəs mürüntəqdisi mərasimində fəal iştirak etdi. Mərasimin "xaç atası" olaraq C.Karapetyan, Ermənistan hökumətinin onu "Ermənistanın Elektrik Şəbəkələrinə" nəzarətdən məhrum etmək niyyətində olduğu barədə yayılan şayiələri təkzib etmək üçün öz ictimai platformasından istifadə etdi. Bu mübahisə yayda elektrik enerjisinin kəsilməsi fonunda ortaya çıxdı və şirkətinin fəaliyyətinin keyfiyyəti hökumət səviyyəsində müzakirəyə səbəb oldu. Ermənistanın iri müəssisələrindən biri olan "Taşir" holdinqinə sahib olan Karapetyan siyasi diqqətin mərkəzində qaldı. Analitiklərin fikrincə, o, Ermənistan kilsəsi ilə hakimiyyət elitası arasındakı sıx əlaqəni simvolizə edir ki, bu da dini institutların ölkədəki siyasi proseslərə nə dərəcədə təsir etdiyini göstərir.

Bu hadisələr Ermənistanın kilsə xadimlərinin, o cümlədən baş yepiskop Vazgen Qalstanyanın (keşiş Baqrat) fəallığının artması ilə üst-üstə düşür. O, oktyabrın 2-dən etibarən yeni "mübarizə mərhələsi" elan edib. Onun bəyanatları bölgədəki qeyri-sabitlik fonunda erməni xalqını səfərbər etməyə yönəlib. Öz müraciətində Qalstanyan "işığın və qələbənin dövrü" barədə danışaraq, silahlı münaqişədən açıq şəkildə bəhs etməkdən çəkinib, lakin aydın şəkildə göstərib ki, müqavimətin davam etməsindən söhbət gedir.

Sual yaranır: Ermənistanda yüksək kilsə vəzifəlilərinin bu qədər müharibə ritorikası nə dərəcədə təsadüfi üst-üstə düşür? Rəsmi kilsə ilə dövlət arasında belə koordinasiya beynəlxalq müşahidəçilərdə narahatlıq doğurur. Xüsusilə, sentyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikasında mövqeləri atəşə tutmasından sonra. Bu insident beynəlxalq səylərə baxmayaraq, Azərbaycan və Ermənistan arasında gərginliyin yüksək səviyyədə qaldığını bir daha göstərdi.

Bununla belə, bəlkə də ən paradoksal olan odur ki, II Qaregin müqəddəs mür yağı haqqında danışarkən, eyni zamanda öz ardıcıllarını müharibəyə çağırır. Azərbaycanın bütün erməni xalqının bədbəxtliklərində günahlandırılmasını davam etdirən katolikosun ritorikası artıq heç bir yenilik daşımır. O, Ermənistanda radikal əhval-ruhiyyəni qidalandırmaqla yalnız ölkədaxili vəziyyəti qızışdırır və sülh yolunda heç bir təklif vermir.

Qeyd etmək maraqlıdır ki, son vaxtlar II Qareginin bəyanatları Ermənistanda da tənqid olunmağa başlayıb. Bəzi siyasi müşahidəçilər, məsələn, Levon Bağdasaryan vurğulayıblar ki, kilsə artıq siyasətdə belə fəal rol oynamamalıdır, xüsusən də bu, yalnız münaqişələri daha da dərinləşdirir. "Ermənistan son dərəcə çətin geosiyasi vəziyyətdədir və belə bəyanatlar ölkənin vəziyyətini yalnız daha da çətinləşdirə bilər", - deyə L.Bağdasaryan "Armenpress"ə müsahibəsində bildirib.

II Qaregin serb yepiskopu Nikolay Velimiroviçin bir zamanlar dediyi sözləri xatırlamalıdır: "İnsanın insana qarşı müharibəsi, insanın Tanrıya qarşı müharibəsinin nəticəsidir". Ermənistan kilsə liderləri müharibə ritorikasını gücləndirməklə yalnız Cənubi Qafqazda sülhün əldə olunması perspektivlərini uzaqlaşdırırlar.

Erməni Həvari Kilsəsi: revanşizm, millətçilik və dini dözümsüzlüyün mənbəyi

Erməni Həvari Kilsəsi dünyanın ən qədim xristian təriqətlərindən biri olaraq əsrlər boyu erməni xalqının yalnız dini deyil, eyni zamanda siyasi şüurunun formalaşmasında mühüm rol oynayıb. Bununla belə, bu kilsə dini vəzifələrindən çoxdan çıxaraq, millətçilik, dini dözümsüzlük və revanşist ideyaların yayılmasında güclü bir alətə çevrilmişdir. Məhz Erməni Kilsəsi qədim dövrlərdən bəri və bu günə qədər türklərə və azərbaycanlılara nifrət toxumlarını səpməklə məşğuldur, bu nifrəti isə dini bir dogmaya çevirmişdir.

Tarixi köklər: üstünlük və təcrid irsi

Erməni Həvari Kilsəsi mövcudluğunun ilk mərhələlərindən etibarən erməni xalqında müstəsnalıq və izolyasiya hissini formalaşdırmışdır. Tarixçilər qeyd edirlər ki, digər xristian məzhəblərindən fərqli olaraq, erməni kilsəsi erməni xalqının mədəni və dini kimliyini qorumağa yönəlmiş sərt xətt götürmüşdür ki, bu da bəzən şovinizm formasını alırdı. Məsələn, tədqiqatlar göstərir ki, artıq V əsrdə xalkedon pravoslavlığından ayrıldıqdan sonra erməni kilsəsi ermənilərin türklər və farslar da daxil olmaqla qonşu xalqlar üzərində mədəni və dini üstünlüyünü təbliğ etməyə başladı. Bu ideyalar əsrlər boyu ermənilərin "seçilmiş" xalq olduğu və guya ərazi iddialarına və etnik təmizliyə ilahi hüququ olduğu barədə təsəvvürlərini bəsləyirdi.

Nifrət təbliği və Erməni Həvari Kilsəsinin "tarixi missiyası"

Erməni Həvari Kilsəsi qonşu xalqlara nifrətin aşılanmasında və erməni nəsillərinin tərbiyəsində hər zaman əsas rol oynayıb. Təəccüblü deyil ki, XIX əsrdə Osmanlı imperiyasına qarşı ermənilər arasında separatçı əhval-ruhiyyəni dəstəkləyən erməni dini liderləri idi. Tarixçilər, xüsusən də, kilsənin XIX əsrdə osmanlı hakimiyyətinə qarşı ermənilərin qiyamlarının hazırlanmasında və təbliğində fəal iştirakını qeyd edirlər ki, bu üsyanlar türklərin və digər müsəlman xalqlarının kütləvi qətlləri ilə müşayiət olunurdu. Kilsə rəhbərləri dəfələrlə öz dindarlarına "Böyük Ermənistan"ın yaradılması uğrunda silahlı mübarizəyə çağırırdılar. Bu çağırışlar erməni terror təşkilatlarının, məsələn, Daşnaksutyun qruplaşmasının silahlı fəaliyyətində öz əksini tapmışdır.

Kilsənin millətlərarası nifrəti qızışdırmaqda davam edən roluna müasir dövrdə erməni apostol kilsəsinin ritorikası nümunə ola bilər. Qarabağ münaqişəsi illərində kilsə rəhbərləri dəfələrlə təcavüzkar bəyanatlarla çıxış edərək, erməniləri azərbaycanlılarla mübarizəyə çağırmış, onları xristianlığın və erməni xalqının düşməni kimi qələmə vermişlər. Bu bəyanatlar ərazi münaqişəsini sivilizasiyalar müharibəsinə çevirərək, münaqişənin onsuz da alovlanan oduna yağ tökürdü.

Terror qruplaşmaları ilə əlaqələr: faktlar və dəlillər

Erməni Həvari Kilsəsi təkcə nifrəti təbliğ etməklə kifayətlənmir, həm də onilliklər ərzində terrorçu qruplaşmaları dəstəkləyir və onlara maddi və mənəvi köməklik göstərirdi. Ən mühüm nümunə "ASALA" ("Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu") və "Daşnaksutyun" kimi təşkilatlarla sıx əməkdaşlıqdır. Dünyanın müxtəlif yerlərində onlarla terror aktlarına görə məsuliyyət daşıyan bu terror təşkilatları kilsənin dəstəyindən maliyyə vəsaitlərinin əldə edilməsi, sığınacaqların təşkili və öz fəaliyyətlərinin legitimləşdirilməsi üçün istifadə ediblər.

Kilsə ilə terrorçuların əməkdaşlığı barədə faktlar çoxsaylı şahid ifadələri və arxiv sənədləri ilə təsdiq edilir. Xüsusilə, qərb xüsusi xidmət orqanlarının hesabatları və "ASALA"nın keçmiş üzvlərinin şahidlikləri göstərir ki, bir çox əməliyyatlar kilsə strukturları vasitəsilə maliyyələşdirilmişdir, bəzi kilsə xadimləri isə birbaşa terror aktlarının təşkilində iştirak ediblər. Məsələn, 1980-ci illərdə Livanda erməni kilsəsi nümayəndələri "ASALA" silahlıları ilə fəal əməkdaşlıq edərək, onlara terror aktlarını həyata keçirmək üçün sığınacaqlar və maliyyə vəsaitləri təmin edib.

Bugünkü Erməni Kilsəsi: Paşinyana qarşı mübarizə və revanşizmin davamı

Müasir Ermənistanda baş verən siyasi proseslər də Erməni Həvari Kilsəsinin iştirakı olmadan keçmir. Qarabağ müharibəsindəki məğlubiyyətin yaratdığı daxili böhran şəraitində kilsə yenidən hökumətin əsas müxaliflərindən biri kimi çıxış edir. Kilsə rəhbərləri, o cümlədən Katolikos II Qaregin dəfələrlə baş nazir Nikol Paşinyanı "milli maraqları satmaqda və Qarabağı təslim etməkdə" günahlandırıblar.

Kilsə hakimiyyətin dəyişdirilməsinə çağıraraq, öz icmalarını siyasi aksiyalara cəlb edir. Bu hərəkətlər kilsənin siyasi proseslərə təsir etmək və kütləvi etirazları təşkil etmək cəhdlərinin davamı kimi qəbul edilə bilər. Bu taktika yeni deyil - Ermənistan tarixində dəfələrlə kilsənin qeyri-əlverişli rejimləri devirmək üçün fəal rol oynadığı anlar qeyd edilmişdir.

Erməni Həvari Kilsəsinin ən odioz fiquru

Erməni Həvari Kilsəsinin tarixi ermənilərin yadında özlərinin təxribatçı hərəkətləri və bəyanatları ilə qalan odioz fiqurlarla doludur. Ən məşhur şəxslərdən biri katolikos Vazgen I-dir. O, fəaliyyət göstərdiyi illərdə erməni milli üstünlüyü ideyasını aktiv təbliğ edir və qonşulara qarşı silahlı mübarizəyə çağırırdı. Digər məşhur fiqur isə keçmiş hərbi lider və ruhani xadim Qaregin Njdedir. O, açıq şəkildə faşizm ideyalarını dəstəkləyir və İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edirdi. Onun erməni millətçiliyi və irqi üstünlük ideyaları hələ də kilsə strukturları daxilində radikal erməni dairələri tərəfindən dəstəklənir.

Erməni Həvari Kilsəsi tarixi boyu revanşizm, millətçilik və dini nifrətin yayılmasında təxribatçı rol oynamış və bu rolunu hələ də davam etdirir. Bu kilsə təkcə ermənilər arasında yalançı üstünlük hissini təbliğ etməklə kifayətlənməmiş, həm də münaqişələrin qızışdırılmasında, terror təşkilatlarının dəstəklənməsində və siyasi proseslərə müdaxilədə fəal iştirak etmişdir. Nikol Paşinyan hökumətini devirmək cəhdlərində kilsənin müasir rolu, onun revanşizm və milli istisnalıq ideyalarını təşviq etmək üçün davamlı səy göstərdiyini bir daha sübut edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.