Siyasət

"Onlar müşahidəçi yox, casuslardır" - Rusiya səfirindən qalmaqallı bəyanat

6 Sentyabr 2024 21:03
Baxış: 1 421

Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərən Avropa İttifaqının Missiyasını (EUMA) guya monitorinq fəaliyyəti adı altında Moskva, Bakı və Tehrana qarşı kəşfiyyat məlumatları toplamaqda ittiham edib.

Milli.Az bildirir ki, bu barədə TASS xəbər verir. Lakin Kopırkin bu iddiaları dəstəkləyəcək heç bir sübut təqdim etməyib.

S.Kopırkin bildirib: "Bu missiyanın etdiyi yalnız monitorinq fəaliyyəti adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplamaqdır."

O əlavə edib ki, "Ermənistan hazırda qarşılaşdığı bir çox risklərdən qaça bilərdi, əgər İrəvan 2022-ci ilin sentyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycanla sərhədin sabitləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirmək təklifini qəbul etsəydi. Bu, ciddi təşəbbüslər idi, müdafiə yardımı, monitorinq missiyasının yerləşdirilməsi və sərhəd qoşunlarının hazırlanmasında kömək daxil idi. Təəssüf ki, Ermənistan rəhbərliyi ölkə sərhədlərini heç bir şəkildə qorumayan Avropa İttifaqı missiyasını dəvət etməyi seçdi."

S.Kopırkin bildirib ki, Cənubi Qafqazın gələcəyini bölgə ölkələri və onların qonşu tərəfdaşları müəyyən etməlidir.

"Ortaq evimizə heç kim kənardan sülh və rifah gətirməyəcək. Uzunmüddətli regional təhlükəsizlik, sabitlik və sosial-iqtisadi inkişaf baxımından Qərbin kollektiv planları bu bölgəni hərbiləşdirmək və Aİ və NATO-nun hərbi-siyasi təsirini genişləndirmək məqsədinə tamamilə ziddir," - o əlavə edib.

Xatırladaq ki, Avropa İttifaqının mülki müşahidə missiyası (EUMA) 2023-cü ilin fevralında fəaliyyətə başlayıb və Ermənistanın sərhəd bölgələrində vəziyyəti sabitləşdirməyi, etimad yaratmağı və Aİ-nin Ermənistanla Azərbaycan arasında normallaşma səylərinə dəstək verməyi hədəfləyir. EUMA Qafan, Gorus, Cermuk, Yexeqnadzor, Martuni və İcevanda altı bazadan fəaliyyət göstərir. 100-dən çox işçi Ermənistanın Azərbaycanla sərhədi boyunca patrul xidməti həyata keçirir. 2023-cü il dekabrın 11-də Aİ-nin ali diplomatı Josep Borrell müşahidəçilərin sayını 138-dən 209-a çatdırmağı planlaşdırdıqlarını elan edib. 2024-cü ilin yanvarında Ermənistan hökuməti Aİ-nin mülki missiyasının statusu haqqında sazişi təsdiqləyib və bu, mart ayında ölkə parlamenti tərəfindən ratifikasiya edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.