Siyasət

Paşinyan nəyə və niyə güvənir?

17 İyun 2024 16:03
Baxış: 1 035

Ermənistan Qərbə meylli siyasət yürütdüyünü və diplomatiyasının da ABŞ, Fransa və Avropa İttifaqına yönəlmiş marşrut üzrə inkişaf etdirməyə çalışdığını nümayiş etdirir. İrəvanın belə taktikası hansı nəticələr verə bilər?

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanla şərti dövlət sərhəddindəki üç kənddə olub.

O, Şurnuxu kəndində inşa edilmiş 13 evin açarlarını yerli sakinlərə təqdim edib.

Daha sonra isə N.Paşinyan ampluasına sadiq qalaraq, "real və uydurma Ermənistanla" arasındakı fərqlərdən bəhs edib, arxiyepiskop Baqratın (Vazgen Qalstanyan) əslində erməni kilsəsi, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyan, habelə erməni diasporunun marioneti olduğunu söyləyib, sonda da uşaqlara dondurma və şokolad paylayıb.

Ermənistanda iqtidarda olan "Mülki Müqavilə" partiyasının parlament fraksiyasının katibi Artur Hovannisyansa bu gün bəyan edib ki, ölkənin ali qanunverici orqanının növbədənkənar iclasında iştirak etməyəcəklər.

"Müxalifətin gündəmi saxtadır və Ermənistanın dövlət maraqlarına əsla cavab vermir. Parlamentin növbədənkənar iclası da iştirakımız olmadan baş tuta bilməz. Bəli, qanuna müvafiq olaraq çağırılacaq, amma yetərsay olmadığından baş tutmayacaq", - A.Hovvanisyan deyib.

"Mülki Müqavilə" sözünün üstündə durub və parlamentin bugünkü iclasını boykot edib.

Erməni kilsəsi, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyanla onların başçılıq etdikləri "qarabağlılar klanı", ABŞ-Fransa-Rusiya triosundakı erməni icmasının rəhbərləri və Ermənistanda kənardan maliyyəşən kiçik müxalifət qruplarının müvəqqəti koalisiyasına başçılıq edən arxiyepiskop Baqrat, yaxud əsl ad və soyadı Vazgen Qalstanyan olan keşiş baş nazir postunda özünü gördüyünü deyir. Halbuki onu irəli çıxaranların real məqsədi Robert Köçəryanı hakimiyyətə gətirməkdir.

Nikol Paşinyan bunu bilir və əslində, keşiş Baqratı özünə rəqib hesab etmir.

Onun yaxın perspektivdə hədəfləri Baqratın arxasında duran qüvvələrdir.

Rusiyadakı erməni icmasının ən böyük diaspor təşkilatı olan Rusiya Ermənilər İttifaqının (REİ) sədri Ara Abramyan aşkar şəkildə keşiş Baqratı dəstəkləyib və bununla da N.Paşinyana meydan oxuyub.

İrəvandakı hakimiyyət daxili siyasi mübarizə müstəvisində diaspor qurumlarının və müxtəlif ölkələrdəki erməni icmalarının proseslərə kobud müdaxiləsi həmişə qıcıqla qarşılasa da, bu dəfə isteblişmentin reaksiyası daha sərt olacaq.

A.Abramyanın təsir imkanlarının minimuma endirilməsinə göstəriş verilib və həmin istiqamətdə artıq ilkin addımlar da atılır.

Nikol Paşinyanın əsas məqsədi erməni kilsəsinin siyasi intriqalarına son qoymaqdır və o, malik olduğu inzibati resursların istisnasız olaraq hamısını işə salaraq katolikos 2-ci Qareginin mövcud hakimiyyətin devrilməsinə yönəlmiş planlarını alt-üsit etmək üçün bütün gücündən istifadə edəcək.

Robert Köçəryanla Serj Sarqsyanın duetinə gəldikdə isə, onların hakimiyyətə qayıtmaq şansları total sıfıra bərabərdir. Hazırda Ermənistanda davam edən etiraz aksiyalarında "Paşinyan - istefa!" tələbləri səslənsə də, elə həmin qışqıran ermənilərin total əksəriyyəti Robert Köçəryanı korrupsioner, yalançı, tamahkar və yaramaz insan hesab edirlər.

Serj Sarqsyansa ümumiyyətlə, baş nazir postuna iddiaların reallaşma ehtimalı baxımından siyasi meyitdir.

Rəsmi İrəvan müxalifətin xzəiflədilməsi və Qərbə meylli siyasətin yürüdülməsi kimi strategiyasının səbəbi kimi ölkənin təhlükəsizliyinin təminatını göstərir.

Halbuki Azərbaycanın Ermənistana şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, yekun sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası və yeni loqistik marşrutların istifadəyə verilməsi təki proseslər başa çatandan sonra Paşinyanın iddiası məntiqi əsasını itirəcək. Ən azı ona görə ki, sadalanan proseslərin uğurla məntiqi nəticəyə çatdırılması Azərbaycanla Ermənistan arasında normal dövlətlərarası münasibətlərin qurulmasını ehtiva edəcək.

Bundan başqa, Cənubi Qafqaz regionunda Ermənistan üçün heç bir real təhlükə yoxdur. Azərbaycan ermənilərə qarşı yeni müharibəyə başlamaq niyyətində deyil. İran İrəvanın təhlükəsizliyinin qarantı olduğunu sürəkli bəyan edir. ABŞ, Fransa və Avropa İttifaqının təhlükəsizlik vədlərinə rəğmən, Rusiya Ermənistana qarşı sərt cəza tədbirlərinə əl atmaq fikrinin daşıyıcısı rolunu oynamır. Gürcüstan Ermənistan üçün heç bir potensial təhdid kəsb etmir. Türkiyəyə gəldikdə - Ankara üçün İrəvan yalnız Azərbaycan-Ermənistan problematikası baxımından maraqlı olub.

Belədə Nikol Paşinyanın və onun komandasının MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərk edərək NATO və Avropa İttifaqı ilə maksimum yaxınlaşma strategiyasını reallaşdırmağa meylli olmaları məntiqsiz təsir bağışlayır.

Əgər Ermənistan üçün bölgədə geosiyasi, siyasi və hərbi risklər yoxdursa, Azərbaycanla münasibətlərin qismən də olsa, normallaşması ermənilərin stabil həyatını şərtləndirirsə, Paşinyan iqtidarının indiki xarici siyasəti, yumşaq desək, intellektual zəmindən çox uzaqdır.

Ermənistan rəhbərliyinin qatı anti-Rusiya ritorikasının fasiləsiz güclənməsinə və intensivləşməsinə rəğmən, İrəvandakı siyasi elitalar da etiraf edirlər ki, ölkə iqtisadiyyatı MDB daxilində Rusiyaya çox bağlıdır və əksər sahələrdə, hətta Rusiyadan tam asılıdır. Mövcud şəraitdə İrəvanın Moskva ilə təmasları minimallaşdırması və aşkar şəkildə Qərbə üz tutması faktiki mümkün deyil. İqtisadiyyat Rusiyanın hesabına iflasa uğramırsa, təbii qazdan və yanacaqdan tutmuş, ərzağadək ucuz qiymətə Rusiyadan alınırsa, Qərbə doğru addımlayaraq geridə qəzəbli Rusiyanı qoymaq absurd qərar təsiri bağışlayır.

Nikol Paşinyan və onun komandası hələ də ermənilərə Qərblə yaxınlaşmanın, xüsusilə də Fransa və Avropa İttifaqı ilə sözdə olsa da, sıx əməkdaşlığın olmasının ölkəyə konkret hansı faydalar verdiyini deyə bilmirlər.

Çətindir, çünki bu faydalar əslində yoxdur.

Təsəvvür edək ki, Ermənistan əvvəlcə KTMT-ni, daha sonra Avrasiya İqtisadi Birliyini və Avrasiya Gömrük İttifaqını tərk edir, Rusiyadan çox ucuz qiymətə mal və məhsul almaq imkanlarını itirir, əvəzində Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusunu qazanır.

İrəvan belədə nəyi itirəcək, nəyi qazanacaq?

Ermənistan məhsullarını satmaq, yəni ixrac etmək üçün bazarlardan, ucuz qiymətə idxal etdiyi təbii qazdan, neftdən, yanacaq-sürtkü materiallarından, urandan və s. mədhrum olacaq, bölgə ölkələri ilə münasibətləri gərginləşəcək, Rusiyanın cavab reaksiyasını gözləmək məcburiyyətində qalacaq.

Əvəzində silahlı qüvvələrini ABŞ, Fransa və Avropa İttifaqından alacaq köhnə, müasir tələblərdən uzaq silahlarla və hərbi texnika ilə təmin edəcək, ordusunu NATO standartlarına keçirməyə başlayacaq, Qərbdən güzəştli kreditlər və qrantlar alacaq.

Hamısı bu.

Göründüyü kimi, Ermənistanın itkiləri əldə edə biləcək illüzor gəlirlərdən dəfələrlə çox olacaq və Nikol Paşinyan baş nazir postuna yiyələndiyi 2018-ci ildən bəri ən ağır risklərlə üzləşəcək.

İrəvandakı siyasi elitaların və hakimiyyətin həmin çağırışların öhdəsindən gəlmək bacarıqları isə məlum olduğu kimi, yoxdur.

Müxalifətin etiraz aksiyalarının kinetik enerjisinin azlığına və sosial bazanın zəifliyinə güvənərək əmin davranan Paşinyan kənar risklərlə qarşılaşanda nə edəcək - bilinmir.

İrəvandakı hakimiyyət heç olmasa, bunu düşünməlidir.

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.