Siyasət

Makron nokauta salındı: Avropa İttifaqında nə dəyişəcək?

11 İyun 2024 13:02
Baxış: 893

Avropa İttifaqına daxil olan 27 ölkənin vətəndaşlarından ibarət birpalatalı Avropa Parlamenti AİM-nin siyasi strukturudur.

Aİ-nin təsis sənədlərinə müvafiq olaraq Avropa Parlamenti Aİ Şurası ilə birlikdə qanunverici, büdcə, siyasi nəzarət və məşvərət funksiyalarını həyata keçirir.

Plenar iclaslarının Strasburqda keçirildiyi, katibliyinin Lüksemburqda yerləşdiyi, komissiyalarının isə Brüsseldə fəaliyyət göstərdiyi Avropa Parlamentinin heyəti hər 5 ildən bir seçilir.

Aİ-nin 27 ölkəsində Avropa Parlamentinə seçkilər proporsional sistem üzrə keçirilir. Seçilmiş deputatların sayı 720 nəfərdir.

Avropa Parlamentiə keçirilmiş son seçkilərlə bağlı ümumi duruma nəzər salmazdan əvvəl, nəticələrin nələr vəd etdiyini təxmin etməyə çalışaq.

Əsas məsələ budur ki, seçkilərdə radikal sağçı və mərkəzçi-sağçı partiyalar ciddi uğurlara nail olsalar da, onların arasında sıx kooperasiya və birlik yoxdur.

Avropa Parlamentində və ümumiyyətlə, Avropa İttifaqının siyasətində sas dəyişikliklər "yaşıl siyasət"lə, yəni ətraf mühitin mühafizəsi tədbirləri ilə bağlı olacaq.

Aİ-də mühacirlərlə bağlı siyasətin sərtləşməsini düşünmürük, çünki qanunsuz mühacirlərin sayını azaltmaq və axınını səngitmək üçün Brüssel illər əvvəl Türkiyə və Tanzaniya kimi ölkələrlə, daha sonra Liviya və Mərakeş təki Şimali Afrika dövlətləri ilə anlaşmalar imzalayıb.

Aİ-nin Şərqə doğru genişlənməsi prosesi, xüsusilə də Ukraynanın və Moldovanın İttifaqa qəbulu məsələsi daha uzaq perspektivlərədək yubana bilər.

Etiraz edəcək əsas ölkələr fermerləri Aİ-dən əhəmiyyətli həcmdə dotasiya alan Fransa, Belçika, Polşa, Slovakiya, Çexiya və Rumıniya olacaqlar. Taxıl istehsalı böyük olan Ukraynanın Avropa İttifaqına qəbul olunması həmin fermerlər üçün arzuolunmaz perspektivlər vəd edir.

Müdafiə xərclərinə gəldikdə isə, sağçıların və radikal sağçıların uğurlarına rəğmən, Aİ-nin siyasətində ciddi dəyişikliklər təxminlənmir. Ukraynada gedən hərbi əməliyyatlar müdafiə xərclərini Aİ üçün prioritet məsələlərdən birinə çevirib.

Seçkilərin nəicələrinə gəldikdə - mərkəz sağçı Avropa Xalq Partiyası mövqelərini daha da möhkəmləndirib. Son hesablamalara görə, AXP Avropa Parlamentindəki 720 mandatdan 184-nə yiyələnib və ötən seçkilərlə müqayisədə 10 mandat daha çox qazanıb.

Sonrakı yerləri sol-mərkəzçi "Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı" (139 yer) və liberal-mühafizəkar "Avropanı Yeniləyərək" (Renew) qrupu (80 yer) tutublar. Beləliklə, mərkəzi və mühafizəkar yönlü partiyalar Avropa Parlamentində 400-dən çox mandat əldə ediblər.

Fransa və Almaniyadakı uğurlara rəğmən, sağ-mərkəzçi və radikal sağçı partiyalar Avropa Parlamentindəki yerlərinin sayını əhəmiyyətli dərəcədə artıra bilməyiblər. Belə ki, "Avropa Mühafizəkarları və İslahatçıları" Alyansı 73, "İdentiklik və Demokratiya" isə 58 mandata yiyələniblər.

"Avropanın Birləşmiş Solları" koalisiyası 38 mandat qazanıbsa, heç bir fraksiyanın üzvü olmayan deputatlar 98 yer alıblar. "Yaşıllar" isə ciddi uğursuzluğa düçar olublar: ötən seçkilərdə 71 mandat aldıqları halda indi onların mandatlarının sayı 52-dir.

İfrat sağçı və radikal partiyalar isə bayram edirlər. Məsələn, Almaniyada səslərin 15,6 faizini qazanmış sağçı-populist "Almaniya üçün Alternativ" partiyası Avropa Parlamentində 14 yerə sahiblənib.

Ümumiyyətlə isə, Almaniyadakı seçkilərdə iqtidardakı Xristian-Demokratik İttifaq və Bavariyadakı Xristian-Sosialist Birlik koalisiyası 30,3 faiz səslə ilk yeri tutub. Almaniya Sosial-Demokrat Partiyası isə tarixi boyu ən pis nəticə göstərərək səslərin cəmi 14,1 faizin alıb.

Fransada ifrat sağçıların "Milli Birlik" alyansı səslərin 31,5 faizini, prezident Emmanuel Makronun lider olduğu "İntibah" partiyası isə 14,5 faizini qazanıb. Məhz bu səbəbdən E.Makron Avropa Parlamentinə seçkilərin nəticələri bəlli olan kimi ölkə parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxılması və növbədənkərar seçkilərin keçirilməsi barədə fərman imzalayıb.

Fransada Milli Assambleyaya seçkilərin ilk mərhələsi iyunun 30-na, ikinci mərhələ isə iyulun 7-nə təyin olunub. Mari Le Penin lider olduğu "Milli Vəhdət" seçkilərdə parlament çoxluğuna nail olarsa, Emmanuel Makronun daxili siyasətə təsir imkanları minimuma enəcək.

Belçikada da sağlar qalib gəlib.

"Flamand marağı" səslərin 13,9 faizini toplayıb. Baş nazir Aleksander de Kronun başçılıq etdiyi "Açıq Flamand Liberallarıvə Demokratları" Partiyası 5,4 səslə fiaskoya uğrayıb. Nəticədə baş nazir istefa verib.

Hollandiyada radikal sağçı Gert Vildersin Azadlıq Partiyası 6 mandata yiyələnibsə, Kiprdə ifrat sağçı ELAM partiyası tarixində ilk dəfə Avropa Parlamentində təmsil olunmaq hüququ əldə edib.

Sağçılar İtaliyada ("İtaliyalı Qardaşlar" - səslərin 28,5 faizi), İspaniyada ("Xalq Partiyası" - 34,! faiz) və Avstriyada ("Avstriya Azadlıq Partiyası" - 25,7 faiz) da qalib gəliblər.

Beləliklə, Fransa, Almaniya və İtaliyada radikal sağçı siyasi qüvvələrin uğurları onlara Avropa Parlamentində deputat mandatlarının faktiki olaraq 25 faizinə yiyələnməyə imkan verib.

Avropa İttifaqı ölkələri arasında ifrat sağçıların və radikalların ən ciddi uğura nail olduqları ölkə Fransadır. Avropa Parlamentində Fransa üçün nəzərdə tutulmuş 81 mandatlıq kvotanın 30 mandatına yiyələnmiş "Milli Vəhdət" Partiyası faktiki olaraq rəsmi Parisin fiaskosu sayıla bilər.

Bütün bunlara rəğmən, Avropa İttifaqındakı sağ mərkəzçilər, sol mərkəzçilər, liberallar və "yaşıllar" 720 mandatdan 460-na yiyələnərək çoxluğu qoruyub saxlayıblar.

Üstəlik, sağçılar arasında da ciddi fikir ayrılıqları və toqquşmalar var.

Belə ki, "Milli Vəhdət"in lideri Mari Le Pen "Almaniya üçün Alternativ"i sərt tənqid edərək, partiyasından olan deputatların Avropa Parlamentində "ifrat dərəcədə radikalizmə yuvarlanmış almanlarla koalisiya yaratmayacaqlarını" bəyan edib.

"İdentiklik və Demokratiya" alyansı Avropa İttifaqında hərbi inteqrasiyaya qarçı çıxır, italyan sağçılar isə tam əksinə, Avropa İttifıqının birgə ordusunun yaradılmasına çağırırlar.

Beləliklə, seçkilərin Avropa İttifaqının strategiyasında və siyasətində köklü, genişmiqyaslı dəyişikliklərə səbəb olmayacağını deyə bilərik.


Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.