Siyasət

"Azərbaycanla Misirin əlaqələri yüksək səviyyədədir"

10 İyun 2024 13:55
Baxış: 349

Misir Afrikanın, Yaxın Şərqin və İslam dünyasının ən böyük və ən önəmli ölkələrindən biridir. Bu baxımdan, Bakı ilə Qahirə arasında əlaqələrin intensivləşməsi, qarşılıqlı münasibətlərin yeni bir mərhələyə qədəm qoyması Aralıq dənizindən Qara dənizədək kifayət qədər geniş bir ərazidə sabitliyin qorunmasına, sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, hazırda Yaxın Şərqdə və Afrikada cərəyan edən prosesləri, Misirin son bir neçə il ərzində bölgədə dah aktiv bir siyasi xətt yürütdüyünü və Misirdə "Afrikanın və ərəb ölkələrinin taxıl bazası və ya habı", eləcə də, ənənəvi nəqliyyat dəhlizləri marşrutlarının diversifikasiyasını nəzərdə tutan çoxsaylı layihələri nəzərə alsaq, Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərinin tarixi və strateji əhəmiyyət daşıdığını vurğulamaq mümkündür.

"Bu amilin özünü İlham Əliyev və Əbdülfəttah əs-Sisinin mətbuata bəyanatlarında da büruzə verdi. Misir Prezidenti öz bəyanatında qarşılıqlı əməkdaşlığın bir sıra mühüm istiqamətlərinə - inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrinə diqqət çəkdi, həmçinin, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səyləri dəstəklədiyini bildirdi. Əbdülfəttah əs-Sisinin bu yanaşması, üçüncü tərəflərin ziddiyyətli və manipulyativ informasiya təxribatlarına baxmayaraq, Azərbaycanla Misirin Cənubi Qafqazın sülh gündəliyinə ortaq baxışın olduğunu bir daha təsdiqlədi və həmçinin, sübuta yetirdi ki, Bakı və Qahirə qarşılıqlı əməkdaşlığın ən yüksək səviyyəyə yüksəldilməsində maraqlıdırlar.

Yaxın Şərqdəki proseslərə münasibətdə də hər iki ölkənin vahid mövqe nümayiş etdirmələri, münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən, BMT Baş Assambleyasının qətnamələrinə istinad etmələri bu istiqamətdə də hər hansı bir fikir ayrılığının olmadığını nümayiş etdirdi.

Prezident İlham Əliyev mətbuat üçün bəyanatında qeyd etdi ki, iki ölkənin liderinin beynəlxalq məsələlərin müzakirəsi zamanı bir daha bəlli olub ki, Azərbaycanla Misirin bütün beynəlxalq məsələlərdə fikirləri üst-üstə düşür. Hazırda beynəlxalq gündəliyin kifayət qədər ziddiyyətli və gərgin olduğunu, mövqelərin haçalandığını və uzlaşdırılmasının mümkünsüz göründüyü bir zaman kəsiyində, qənaətimə görə, bu, çox ciddi uğur hesab oluna bilər".

Şərhçi qeyd edib ki, Prezident İlham Əliyev Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi, eləcə də, paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin qurulması ilə bağlı ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən mövqeyini bir daha, həm də Qahirədə ifadə etməsi sübuta yetirdi ki, Azərbaycan Fələstin xalqının taleyi üzərindən öz iddialarını təmin etməyə çalışan bəzi dairələrdən fərqli olaraq, siyasi şouların deyil, ciddi və nəticəyönümlü siyasi proseslərin iştirakçısı olmağa üstünlük verir və ədalət prinsiplərini bütün digər amillərdən yüksəkdə tutur.

"Düşünürəm ki, Azərbaycan Prezidentinin Misirə səfəri çərçivəsində müzakirə predmeti olan və inkişaf perspektivi ifadə olunan ən mühüm istiqamətlərdən biri də nəqliyyat dəhlizləri ilə bağlıdır. Məlum olduğu kimi, həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir və Azərbaycan ərazisində sözügedən istiqamətlərdə yüklərin daşınması üçün bütün infrastruktur yaradılıb.

Misir, Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirliyi və Efiopiya ilə birlikdə bu ilin yanvarından BRİKS-in tamhüquqlu üzvləri olduqdan sonra, nəqliyyat dəhlizlərinin yeni marşrutlarının diversifikasiyası, bu məqsədlə infrastruktrun təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirir. Bu məqsədlə Misirin İordaniya və İraqla birlikdə Trans-Ərəb nəqliyyat dəhlizinin yaradılması istiqamətində atdığı addımları xüsusilə qeyd etmək lazımdır. Bu dəhlizin ərsəyə gəlməsi ilə Afrika və Ərəb ölkələri daha intensiv və rentabelli yük daşımalarını həyata keçirə və təbii ki, Azərbaycan ərazisindən keçən hər iki nəqliyyat dəhlizinə çıxış əldə edə biləcəklər.

Bütün bunlar, Azərbaycanla Misir arasında əməkdaşlığın həm yaxın, həm də uzaq perspektivlərinin olduğunu bir daha təsdiqləyir", - deyə siyasi şərhçi qeyd edib.

Siyasi şərhçi Ramil Hüseynov bildirib ki, Azərbaycan və Misir arasındakı münasibətlər dostluq və əməkdaşlıq əsasında inkişaf edir.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət, energetika, turizm və digər sahələrdə əməkdaşlıq imkanları mövcuddur.

"Azərbaycan və Misir ənənələri, mədəniyyətləri və tarixi bir-birinə bənzəyən iki ölkədir. Hər iki ölkədə də ədəbiyyat, musiqi, və mədəniyyət sahələrindəki münasibətlər də qeyri-rəsmi və rəsmi səviyyədə təşviq olunur. Azərbaycan və Misir arasındakı diplomatik münasibətlər son dərəcə yaxşıdır. İki ölkə beynəlxalq təşkilatlar və forumlar kimi beynəlxalq məsələlərdə də birgə çalışırlar və bir-birinin maraqlarını dəstəkləyirlər.

Həm Azərbaycan, həm də Misir bölgədə strateji tərəfdaşlarını genişləndirməyə maraq göstərir və bir-biri ilə əməkdaşlığı daha da gücləndirməyə çalışırlar. Bu münasibətlər iki ölkənin beynəlxalq arenada daha aktiv iştirakını təmin edir və regionlarda sülh və istiqlalın qorunmasına yardım edir", - deyə o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.