Siyasət

Müstəmləkəçi Paris bir xalqı məhv etmək istəyir: Bakı buna etiraz edir

16 May 2024 14:46
Baxış: 958

Fransanın "dənizötəsi" ərazisi, yəni müstəmləkəsi olan Yeni Kaledoniyada tətbiq edilmiş komendant saatına və fövqəladə vəziyyətə rəğmən, etiraz aksiyaları səngimək bilmir.

Paytaxt Numeadakı hava limanını Fransanın xüsusi təyinatlı hərbçiləri qapadıblar, bütün uçuşlar ləğv olunub.

Fransa prezidenti Emmanuel Makron təcili olaraq Milli Müdafiə və Təhlükəsizlik Şurasının toplantısını çağıraraq, "iğtişaşlarla ən sərt şəkildə mübarizə aparılmasının zərurəliyi" ilə bağlı göstəriş verib.

Yeni Kaledoniyada etiraz aksiyalarının səbəbi Parisin neokolonializm siyasətini yeni səviyyəyə çıxarması, yerli əhali olan kanakların onsuz da minimallaşdırılmış hüquqlarının daha da məhdudlaşdırılması və onların faktiki olaraq ikinci dərəcəli insanlar səviyyəsinə endirilməsidir.

Mayın 14-də Parisdə ölkə parlamentinin aşağı palatasının deputatları Yeni Kaledoniyada iki gündən bəri aramsız davam edən etiraz aksiyalarını alovlandıran qanun layihəsini təsdiqləyiblər.

Sənədi bundan sonra parlamentin Milli Yığıncağı (aşağı palata) və Senatının (yuxarı palata) nümayəndələrinin birgə iclasında müzakirə gözləyir.

Lehinə 351, əleyhinə 153 deputatın səs verdiyi qanun Yeni Kaledoniyada "qanunverici islahatlar"ı nəzərdə tutur.

"İslahatlar" Yeni Kaledoniyada yerli qanunvericilik və ərazi-idarəetmə orqanlarına seçkilərdə "yeni seçicilər"ə, yəni Yeni Kaledoniyada 10 ildən çox yaşamış şəxslərə seçmək və seçilmək hüquqlarının verilməsini ehtiva edir.

İş ondadır ki, Numey anlaşmasına görə, Yeni Kaledoniyada seçicilərin (elektorat) tərkibi 1998-ci ildən bəri dondurulub. Rəsmi Paris isə bundan narazıdır, çünki son 10 ildə Yeni Kaledoniyada məskunlaşan və heç biri aborigen xalqın mənsubu, yəni kanak olmayan şəxslər seçkilərdən kənar qalırlar.

Fransa prezidenti Emmanuel Makron təşəbbüsü "üzvi, təbii demokratik proses çərçivəsindəki islahat" kimi qələmə verir. Yeni Kaledoniyanın yerli xalqı olan kanaklar isə Parisin yeni qanun vasitəsilə onları siyasətdən, ən əsası isə yerli qanunvericilik və ərazi-idarəetmə orqanlarından daha da uzaqlaşdırmaq, neokolonializm ilgəyini daha da sıxmaq planı kimi qiymətləndirirlər.

Mayın 14-dən 15-nə keçən gecə etiraz aksiyalarına başlayan kanaklara Yeni Kaledoniya arxipelaqındakı fransız hərbçilərlə polislər divan tutmağa başlayıblar.

Artıq 3 kanak həlak olub. Onlardan biri aldığı güllə yaralarından küçədəcə keçinib.

Fransanın Yeni Kaledoniyadakı ali komissarı Lui Le Franın dediyinə görə, sən demə, atəşi polislər və ya jandarmlar yox, "özünü müdafiə etmək istəyən şəxslər açıblar".

Bu mifik "şəxslər"in kimliyi barədə heç bir rəsmi açıqlama verilməyib.

Fransanın daxili işlər naziri, habelə Fransanın Dənizötəsi Ərazilər Nazirliyinin başçısı olan Jerald Darmanen "iğtişaş iştirakçılarının yüzlərlə günahsız insanı yaraladıqlarını" bəyan edib.

Bununla da kifayətlənməyən Darmanen tamamən absurd və idiotik bəyanatla çıxış edib.

"Yeni Kaledoniyada baş verən iğtişaşlarda Azərbaycanın əli var və onun daxili işlərinə qarışır. Separatçılar Azərbaycanla bəzi məsələlərdə danışıqlar aparmaq üçün ora gediblər", - J.Darmanen "France-2" telekanalına müsahibəsində deyib.

Rəsmi Bakı Fransanın daxili işlər naziri Jerar Darmaninin "France-2" telekanalına müsahibəsində Azərbaycana qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi fikirləri tamamilə rədd etdiyini bəyan edib.

Azərbaycan XİN-i Fransa tərəfinin ilk növbədə Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pislədiyini və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edildiyini bildirib: "Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı".

Rəsmi Bakı onu da vurğulayıb ki, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir: "Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq".

Yeni Kaledoniyada isə artıq 140 nəfər həbs olunub.

Paytaxt Numeanın cənubundakı Plam bölgəsində guya jandarma hücum edərək onu ağır yaralamaqda suçlanan 6 nəfər həbs olunub, işgəncələrə məruz qalıb.

Plama Fransa Silahlı Qüvvələrinin Sakit Okean dəniz piyadaları alayı yeridilib.

Bundan başqa, Yeni Kaledoniyaya artıq Fransa Jandarm Qüvvələrinin xüsusi təyinatlıları (GİGN) və DİN-nin Xüsusi Təyinatlı Qüvvələrinin (RAİD) 400 əməkdaşı yeridilib.

Yeni Kaledoniya Fransanın "xüsusi status"a malik dənizötəsi inzibati-ərazi vahididir.

Sakit Okeanın cənub-qərb hissəsində yerləşən, təqribən 19 min kvadrat kilometrlik ərazisi olan adalardan ibarət Yeni Kaledoniyanın 270 min əhalisi var.

1853-cü ildən bəri Fransanın müstəmləkəsi olan bu məkanda xrom, kobalt, molibden, mis, qızıl və nikel çıxarılır. Dünya nikel ehtiyatlarının təxminən 11 faizinə malik olan Yeni Kaledoniyanı fransızlar sözün əsl mənasında vəhşicəsinə istismar edirlər.

1988 və 1998-ci illərdə imzalanmış Matinyon və Numey anlaşmalarına görə, rəsmi Paris yerli kanaklara guya daha çox müstəqillik və hətta muxtariyyət verdiyini vurğulasa da, reallıq tam əksinədir.

Kanaklar müstəqil olmaq, müstəmləkə statusundan qurtulmaq, Fransanın neokolonialist siyasətinin yerli reallığına son qoymaq istəyirlər.

Yeni Kaledoniyada müstəqilliklə bağlı indiyədək 5 referendum keçirilsə də, hamısının nəticələri Paris tərəfindən saxtalaşdırılıb.

1988 və 1998-ci illərdəki referendumun rəsmi "nəticə"lərinə görə, guya Yeni Kaledoniya sakinlərinin müvafiq olaraq 57 və 71 faizi muxtariyyət statusu ilə razılaşıblar.

2018-ci ildə keçirilmiş referendumda yerli sakinlərin 56,7 faizi, 2020-ci ildə - 53,3 faixi, 2021-ci ildəki referendumda isə artıq 96 faizi (!) müstəqilliyin əleyhinə "səs veriblər".

Halbuki Yeni Kaledoniya 1986-cı ildən müstəmləkə siyasətindən azad edilmiş xalqlar siyahısına daxil edilib. Həmin vaxtdan etibarən müstəqillik mübarizəsinə başlayıb. Lakin Fransa hələ də onlara qarşı kolonializm siyasətini davam etdirir. Yerli kanaklar dəfələrlə bəyan ediblər ki, Fransanın bu siyasəti nəticəsində öz mənsubiyyətlərini itirmək təhlükəsi yaşayırlar.

Xatırladaq ki, Azərbaycan beynəlxalq arenada dekolonizasiya prosesini təşviq edir, müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı mübarizəsini və neokolonializmə müqavimətini dəstəkləyir. Ölkəmiz neokolonializmə qarşı mübarizəni prioritet elan edib.

Bildirilib ki, dəyərlərini gələcək nəsillərə ötürmək üçün mübarizə aparırlar və bu istiqamətdə Azərbaycanın təşəbbüslərini təqdir edirlər. "Azərbaycan bizim üçün nümunə, böyük qardaş rolunu oynayır", - Bakıda olan Kaledoniya nümayəndə heyətinin üzvlərindən biri demişdi.

Ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naisselin hazırda Yeni Kaledoniya adasını öz müstəmləkəsi kimi idarə edən Fransanın yerli kanak xalqına qarşı yürütdüyü imperialist siyasətindən, hüquqlarının pozulmasından söz açıb, onların azadlıq mübarizəsindən və bu mübarizədə üzləşdiyi çətinliklərdən bəhs edib.

O bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır:

"Azərbaycana təşəkkür edirik, çünki bu ölkə bizi mübarizədə ilhamlandıran tərəfdir. Azərbaycan bizim üçün həqiqi bir nümunədir".

O.Naisselin Azərbaycan parlamenti ilə bağlanan əməkdaşlıq memorandumu Yeni Kaledoniyaya bir çox sahələrdə yeni qapılar açacağını bəyan edib. Onun sözlərinə görə, müstəmləkə altında milli mənsubiyyəti qoruyub saxlamaq çox çətindir:

"Fransa isə, əlbəttə, bunu istəmir və təzyiq göstərir. Bizim əsas məqsədimiz mədəniyyətimizi, dəyərlərimizi qoruyub saxlamaqdır. Fransa öhdəliklərinə hörmət etmir, tərəfsiz qalmır. Fransanın bizim ölkəmizdəki seçkiyə müdaxiləsi xalqımızın mənafeyinə uyğun deyil. Bu bizim ölkəmizdəki demokratik mühitə və stabilliyə mənfi təsirini göstərə bilər".

Sadaladığımız olaylardan dolayı Yeni Kaledoniyadakı etiraz aksiyalarında Azərbaycan bayrağının dalğalanması, kanakların Azərbaycana minnətdarlıq etmələri əsla təsadüfi deyil.

Təbii ki, rəsmi Paris də Bakının nekolonializmə qarşı mübarizəyə siyasi və mənəvi dəstək verməsindən çox narahatdır.

Zatən, müstəmləkəçilərin maskaları yırtılanda onlar nə zaman razı qalıblar ki...

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.