Siyasət

Heydər Əliyevin rəhbərliyi ilə azərbaycanlı gənclərin yaratdığı möcüzə - Baykal Amur Magistralı - FOTO

20 Aprel 2024 16:12
Baxış: 752

Trend öz dövrünün ən nəhəng logistika layihəsi olan Baykal Amur Magistralı barədə məqaləni təqdim edir:

Rusiyada Sibir və Uzaq Şərqi birləşdirən Baykal-Amur Magistralının (BAM) tikintisi birbaşa olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sibir və Uzaq Şərq regionlarının bütün təbii sərvətlərindən istifadə olunmasına, zəruri ehtiyac duyulan ərazilərə çatdırılmasına, ən əsası, həmin bölgədə həyatın canlanmasına şərait yaradan, eləcə də, həm Sakit Okean regionu, həm də Avropa ölkələri arasında ən qısa marşrut olan və ümumi uzunluğu 4324 kilometr olan bu nəhəng layihənin reallaşdırılması birbaşa ümummilli lider Heydər Əliyevin gərgin əməyinin, misilsiz xidmətlərinin nəticəsidir.

Öz dövrü üçün bu layihə imkansız kimi görünürdü. Sibir və Uzaq Şərq zonasının əlverişli olmayan sərt iqlimi, ərazilərin mürəkkəb geoloji struktura malik olması bir sıra böyük çətinliklər yaradırdı.

Hələ magistral boyunca yeni şəhər və qəsəbələrin, yaşayış məntəqələrinin, dəmiryolu stansiyaların, habelə digər infrastrukturun yaradılması da nəzərdə tutulurdu. Diqqətçəkən başqa bir cəhət isə magistralın tikintisinə bütün ittifaq respublikalarının cəlb olunması idi. Hər respublikanın bu nəhəng tikintidə üzərinə düşən vəzifə müəyyənləşdirilmişdi.

Azərbaycan Respublikasının payına magistralın 210-cu kilometrliyində qəsəbə salınması düşmüşdü. Yaşayış məntəqəsi Ulkan adlandırılacaqdı. Deyilənə görə, qəsəbənin layihəsi azərbaycanlı arxitektorlar tərəfindən hazırlanmışdı. Gənc və enerjili, qurmaq, yaratmaq həvəsli minlərlə azərbaycanlı bu misilsiz təşəbbüsə qoşularaq Sibirə yollanmışdı.

Layihə o qədər əhəmiyyətli idi ki, hətta fərqlənən işçilər üçün "Baykal-Amur Magistralının tikintisinə görə" medalı da təsis edilmişdi.

Həmin illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev magistral tikintisində iştirak edən və ilk inşaat dəstəsinin bu ərazilərə 1975-ci ilin əvvəllərində gələn azərbaycanlıların fəaliyyəti ilə yaxından maraqlanırdı.

SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Sov. İKP MK Siyasi Bürosunun üzvü təyin oldunduqdan sonra ulu öndər Heydər Əliyev əsrin nəhəng tikintisi Baykal-Amur Magistralının inşası üzrə yaradılmış dövlət komissiyasının sədri oldu.

Şübhəsiz ki, işin gərginliyi gün kimi aydın idi. Bir çox yerlərdə xətlər bataqlıqlardan, meşə massivlərindən keçməli idi. Yeraltı suların qazılan tunellərə axması inşaatçıları ciddi çətinliklərlə üz-üzə qoyurdu. Nəticədə, həmin problemlərin aradan qaldırılmaması həm vaxt itkisi yaradır, həm də işin həcmini artırırdı.

Baykal-Amur magistralının (BAM) tikintisini sürətləndirmək məqsədilə Heydər Əliyev 1984-cü il iyunun 3-dən 10-dək regionda oldu, fəhlə və mütəxəssislərlə görüşdü, tikinti obyektlərinə baxış keçirdi. İyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında Heydər Əliyevin Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar məruzəsi dinlənildi.

Əslində, bu səfəri BAM tikintisində dönüş nöqtəsi də hesab etmək olar. Həm də bu, Baykal-Amur Magistralının tikintisi müddətində yüksək elita nümayəndəsi və Siyasi Büro səviyyəsində ilk rəhbər səfəri idi. Həmin səfərdə Heydər Əliyevi müşayiət edən nazirlik və aidiyyəti komitə nümayəndələri onun tikintidə işlərin keyfiyyətinə necə xüsusi diqqət yetirdiyini, sıravi adamlarla necə səmimi söhbətlər etdiyini, onların problemləri ilə necə maraqlandığının şahidi idilər.

Bu qayğı ağır şəraitdə işləyən, min bir çətinliklərlə üzləşən fəhlələri daha da ruhlandırır, işin sürətini artırırdı. Heydər Əliyevin Siyasi Büro üzvü kimi təhlükəsizlik qaydalarına tam riayət etmədən su ilə dolmuş, bəzən torpaq laylarının qopduğu 7 kilometrlik tunellə dizə qədər suyun içində irəliləməsi və heç vaxt belə vəziyyətə düşməyən nümayəndələri də ardınca aparması gözlənilməz olmaqla yanaşı, həm də heyrətlə qarşılanmışdı.

SSRİ Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini işləmiş Nikolay Baybakov bu barədə sonralar deyirdi:

"Biz BAM-in tikintisinin gedişi barədə Siyasi Büroda bir neçə dəfə məruzə etmişdik. Heydər Əliyev dəfələrlə tikinti obyektində olmuşdu. Ona mane olanlar, əleyhdarlar da var idi. Bəziləri hesab edirdilər ki, birxətli yol tikmək lazımdır. Heydər Əliyev bütün opponentlərinə əsaslandırılmış cavablar verir, öz nöqteyi-nəzərini müdafiə edirdi. Ümumiyyətlə, o, prinsipial adam idi... Zənnimcə, təkcə Azərbaycanın deyil, həm də bütün SSRİ-nin xalq təsərrüfatının inkişafına böyük töhfə verib".

Ulu öndər Heydər Əliyevin birbaşa nəzarət etdiyi BAM-ın tikintisi öz çətinliyi və ziddiyyətləri ilə seçilirdi. Miqyasına görə dünyada analoqu olmayan layihə böyük olduğu qədər də çoxsaylı problemlərə malik idi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə tikintisi geniş vüsət alanmagistralın 210-cu kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edildi və onun ətrafında Ulkan qəsəbəsi salındı. Həmin qəsəbənin salınması isə birbaşa Ulu Öndərin nəzarəti altında həyata keçirilirdi.

Onu da əlavə edək ki, Azərbaycandan ilk inşaat dəstəsi bu ərazilərə 1975-ci ilin əvvəlində gəlib. O vaxt Ulkan qəsəbəsinin yalnız adı var idi. İndi bu yerlər tanınmaz dərəcədə dəyişib, yeni insan məskəni salınıb. Azərbaycanlıların da iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmiryol xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırıldı.

Əməkdar mühəndis, "Anqoya" layihəsinin baş mühəndisi və konstruktoru olmuş Təyyar Hüseynli xatirələrində deyirdi:

"Baykal-Amur dəmiryol magistralının (BAM) tikintisi gedirdi. "Ulkan" qəsəbəsi dəmiryol vağzalı ilə birlikdə respublikamız tərəfindən müvəffəqiyyətlə inşa edilmişdi. Sonra ikinci bir stansiyanın - "Anqoya"nın da tikintisi bizim respublikaya həvalə olundu. "Ulkan"ın layihəsi tam şəkildə bizim institutda işlənsə də, "Anqoya"nın layihəsi Rusiyanın Novosibirsk şəhərinin "Sibqiprotrans" layihə institutunda işlənmiş və təsdiq edilmişdi.

Respublikamızın qarşısında isə bu layihə əsasında stansiyanın yalnız tikintisinin aparılması məsələsi qoyulmuşdu. Ulu öndər Heydər Əliyev bu illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı və BAM-ın tikintisinə rəhbərlik birbaşa ona həvalə edilmişdi.

Azərbaycan KP MK-nın göstərişi ilə "Anqoya" stansiyasının vağzalı və qəsəbənin ictimai-ticarət mərkəzi Azərbaycan klassik milli memarlığı üslubunda yenidən layihələndirilib inşa edilməli idi. Bizə aydın idi ki, bu birbaşa dahi Azərbaycan oğlu Heydər Əliyevin tapşırığıdır".

1984-cü ildə Baykal-Amur Magistralı, əsasən, istifadəyə verilsə də, inşaat işləri davam edir, yeni marşrut xətləri çəkilirdi. Azərbaycanlı inşaatçılar tərəfindən inşa olunmuş "Anqoya" stansiyasının 40 il bundan əvvəl istifadəyə verilməsi həm inşaatçılar, həm də yerli sakinlər üçün əsl bayrama çevrildi.

2008-ci il iyulun 18-də Baykal-Amur Magistralında Şərqi Sibir dəmiryolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib, burada Ulu Öndərin xatirə lövhəsi açılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.