Siyasət

Vaşinqton Bakıya “təzyiq” etmək istəyir: əzilən və itirən Ermənistan olacaq

16 Noyabr 2023 13:23
Baxış: 1 700

Dünən ABŞ Konqresinin Nümayəndələr Palatasında beynəlxalq münasibətlər komitəsinin təşəbbüsü ilə "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr keçirilib.

Komitənin rəsmi saytında yer almış məlumata görə, dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayen və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avrasiya və Avropa Bürosunun administratorunun müavini Aleksandr Sokolovski çıxış ediblər.

Dinləmələrin təşkilatçısı ABŞ konqresinin Avropa məsələləri üzrə alt komitəsinin sədri, respublikaçı senator Tomas Kin idi.

Ceyms O-Brayenin dediyinə görə, bütün təmaslarda Azərbaycana Ermənistan daxilində güc tətbiqinin tamamilə qəbuledilməz olacağı barədə aydın siqnallar vermişik.

"Azərbaycan rəhbərliyi bizi əmin etdi ki, onların belə bir niyyəti yoxdur. Biz qoşunların hərəkətini və bu cür proqramların mövcudluğunu göstərə biləcək hər hansı siqnalları çox diqqətlə izləyirik. Və dediyim kimi, biz dedik ki, sülh danışıqları uğur qazanmayana qədər münasibətlərimizin normal olması şansı yoxdur. Atdığımız addımlara gəlincə, bunlardan biri odur ki, biz bir çox yüksək səviyyəli əlaqələri ləğv etmişik və bizə Azərbaycanı dəstəkləmək imkanı verən 907 saylı qətnamədən yayınma təşəbbüsü ilə çıxış etmək fikrində deyilik. Biz onu da qeyd etdik ki, tranzit dəhlizinin tikintisinin mümkünlüyü birbaşa sülh sazişinin bağlanmasından asılıdır", - o, söyləyib.

O-Brayenin dediyinə görə, Dövlət Departamenti Qarabağdan "didərgin düşmüş" insanlarla şəxsi söhbətlər vasitəsilə "Dağlıq Qarabağ"da baş verənlərin üzə çıxarılması səylərini dəstəkləyir, lakin həmin söhbətlərdən hansı nəticələrin əldə edildiyini açıqlamaq istəmir.

O-Brayen qeyd edib ki, ABŞ "19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş müşahidə olunmayınca Azərbaycan üçün hər şeyin normal olmayacağını açıq şəkildə bəyan edib".

O, daha sonra Azərbaycan ərazisindəki Rusiya Sülhməramlı Kontingentinin (RSK) fəaliyyətini sərt tənqid edib: "Rusiyalı sülhməramlılar işlərinin öhdəsindən gələ bilmədilər. Biz alternativ həll təqdim etməyə hazırıq. Ən yaxşı variant Ermənistanla Azərbaycana alternativ seçim, yəni Qərblə işləmək imkanı yaratmaqdır".

Azərbaycanın Qarabağ bölgəsinin inadla və qərəzli şəkildə, bilərəkdən "Dağlıq Qarabağ" adlandırıldığı dinləmələr ABŞ-dakı erməni icmasının lobbi təşkilatlarının səyləri nəticəsinlə təşkil olunmuşdu.

Birləşmiş Ştatlardakı ermənçi icmasının ən böyük diaspor təşkilatı olan Amerika Erməni Milli Assambleyasının (ANCA) rəhbərliyi üç gün əvvəl bir neçə konqresmen və senatorla görüş keçirirərək "qarabağlı ermənilərin taleyi"ni müzakirə ediblər.

Noyabrın 1-də isə Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns senator Tom Kinlə görüşərək qarabağlı ermənilərin kütləvi şəkildə Azərbaycanı tərk edərək Ermənistana yollanmalarını "təhlil" ediblər. Bu zaman Makuns və Kin qarabağlı ermənilərin könüllü köçünü "Azərbaycan tərəfindən tətbiq edilən etnik təmizləməyə məruz qalma" kimi dəyərləndiriblər.

Erməni lobbisinin fəaliyyətinə gəldikdə isə, aktivlik artıb. Belə ki, əvvəllər də Senatda və Nümayəndələr Palatasında bir neçə dinləmə keçirilmişdi. Ermənipərəst senatorlarla konqresmenlərin təşkil etdikləri həmin dinləmələrin istisnasız olaraq hamısının məqsədi Vaşinqtonu Bakıya sanksiyalarla cəzaların tətbiqinə əl atmağa vadar etməkdi.

Son dinləmə isə ümumiyyətlə, Azərbaycana qarşı subyektivizmlə qərəzin apofeozu sayıla bilər.

Azərbaycan 2023-cü ilin sentyabrında bütün ərazisində suverenliyini, sərhədlərinin toxunulmazlığını və bütövlüyünü təmin edib. Ölkəmizdə "Dağlıq Qarabağ" adlı ərazi-inzibati vahidi yoxdur. Xankəndindəki separatçı rejim isə könüllü olaraq fəaliyyətinə son qoymağa vadar edildiyindən ermənilərin "Dağlıq Qarabağ Respublikası" və ya "Artsax respublikası" kimi absurd narrativləri səsləndirildikləri ilk gündən marazm idisə,, hazırda ümumiyyətlə, puçdur.

Vaxtilə Ermənistanın işğalında və qarabağlı erməni separatçıların kontrolundakı ərazilərsə artıq Qarabağ İqtisadi Zonasının tərkib hissəsidir.

Bu səbəbdən "Dağlıq Qarabağ" ifadəsi təki uydurma toponimdən artıq Ermənistanın özündə belə, istifadə edilmir.

Bütün bunlara rəğmən, ABŞ Konqresinin Nümayəndələr Palatasında və xüsusilə də beynəlxalq münasibətlər üzrə Komitədə inadla, israrla, qərəzlə "Dağlıq Qarabağ" deyilir və hətta "Dağlıq Qarabağın gələcəyi" ilə bağlı dinləmə də keçirilir.

Azərbaycanın tərkib hissəsi olan ərazinin gələcəyi ümumiyyətlə, necə olmalıdır və necə ola bilər? Təbii ki, ölkəmizin bütün digər əraziləri kimi.

Amerikalı senatorlar və ya konqresmenlər hansı haqla, məntiqlə və ya hüquqla Azərbaycan ərazisinin bir qismini "Dağlıq Qarabağ" adlandıraraq "dinləmə" keçirirlər - bəlli deyil. Çünki bu aksiya beynəlxalq hüquqla tam ziddiyyət təşkil edir.

Konqresdəki son dinləmə açıq göstərir ki, ABŞ və Avropa İttifaqı Ermənistana nəzarət uğrunda Rusiya Federasiyası və İranla geosiyasi qarşıdurmanı daha aktiv, daha radikal mərhələyə keçiriblər.

Vaşinqton və Brüssel artıq açıq deyirlər ki, onların Cənubi Qafqaz bölgəsində əsas məqsədləri Moskva ilə Tehranın regiondakı təsir imkanlarını minimuma endirilməsi, sonra isə Rusiya və İranın bölgələn çıxarılmasıdır.

Üstəlik, regional logistikaya da nəzarəti ələ keçirmək istəyən Qərbin fəallığı təbii, Moskva və Tehranı qıcıqlandırır.

Rusiya Federasiyasının hakimiyyəti XİN vasitəsilə üstüörtülü bəyan edib ki, bölgədə Moskvanın mövqelərinin zəiflədilməsinə edilən cəhdlər çox sərt cavab reaksiyası ilə qarşılaşacaq.

Ceyms O-Brayenin dinləmədəki çıxışı da zahirən Azərbaycanla bağlı olsa da, mahiyyət etibarilə Rusiyaya və İrana ünvanlanmış xəbərdarlıqdır.

O-Brayen dəqiq və səlis şəkildə bəyan edib ki, Birləşmiş Ştatların bölgəmizdəki əsas marağı Nikol Paşinyan hakimiyyətini Rusiya və İranla açıq qarşıdurmaya sövq etməkdir. Məqsəd guya "Ermənistan ərazisindən keçəcək yeni loqistiuka marşrutlarına İrəvanın özünün nəzarət etməsinin təminatı"dır.

Diplomatik kazuistikadan dilimizə tərcümədə O-Brayen vurğulayıb ki, ABŞ nəyin bahasına olursa-olsun, Cənubi Qafqaz bölgəsindəki yeni transregional marşrutlara Rusiyanın, yaxud İranın nəzarətinə imkan verməyəcək.

O-Brayen ermənilərin könlünü almaq üçün bildirib ki, sən demə, hətta, ABŞ Azərbaycana silah və hərbi texnika satmayacaq, amerikalı yuksəkçinli məmurlar da Bakıya rəsmi səfərlər etməyəcəklər. O vaxtadək ki, Azərbaycan Ermənistanla yekun sülh müqaviləsini imazalamasın: yalnız imzalanmadan sonra "münasibətlər düzələ bilər".

ABŞ Ermənistan vətəndaşlarını müdafiəsinə, təhlükəsizliyinə və inkişafına təminat verdiyini bəyan edir.

Postsovet məkanında indiyədək Gürcüstanla Ukrayna da belə təminatlar almışdılar. Hər iki ölkənin mövcud vəziyyəti göz qabağındadırsa, əlavə şərhə ehtiyac varmı?!

Ermənilər yenə ABŞ-ın, Fransanın və Avropa İttifaqının şirin vədlərinə inanaraq unudurlar ki, transregional marşrutlar üzərində nəzarət uğrunda mübarizədə onlar birmənalı olaraq Qərbin tərəfini tutsalar, Rusiya ilə İranın cəzaları çox ağır olacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan indi Rusiya və İranla münasibətlərin gərginləşdirilməsi taktikasını seçib. Daha dəqiq olsaq, Paşinyanı bu seçimə Qərb vadar edib.

Amma Paşinyan administrasiyası vasitəsilə Ermənistanda Qərbin möhkəmlənməsinə nə Rusiya, nə də İran sakitliklə, laqeydcəsinə tamaşa etməyəcəklər.

Ermənilər indi yaxşıca düşünməlidirlər: bir tərəfdə Qərbin, digər tərəfdə Rusiya və İranın olacağı açıq geosiyasi qarşıdurma harada yaşanacaq, bu proses Ermənistanın dövlət kimi mövcudluğuna necə təsir edəcək?

Ermənilər daha yaxşı anlasın deyə sadə dildə başa salaq: bütün bunlar birotaqlı, kiçik mənzilə fillə hippopotamı buraxaraq onların arasındakı davanı seyr etməkdir.

Ev sahibi belə davada sağ qala bilərmi?

Nikol Paşinyanın strategiyası Ermənistan və ermənilər üçün çtx təhlükəli fəsadlar vəd edir.

Qaçılmaz fəsadlar..

Çünki qlobal Qərblə Şərq arasındakı qarşıdurmanı Ermənistana çəkmək erməniləri seçim qarşısında qoymaqdır.

Belə seçimdə istənilən variant itki deməkdir.

... Vaxtilə Gürcüstan və Ukrayna da ABŞ-ın tam təhlükəsizlik, inkişaf və total dəstək vədlərinə inanmışdılar. Nəticədə gürcülərlə ukraynalılar ərazilərinin əhəmiyyətli hissələrini itirdilər və proseslər zamanı bir amerikalı da zərər görmədi.

Gürcülərlə ukraynalılardan fərqli olaraq...

Konqresdəki son dinləmə habelə, ABŞ-ın Cənubi Qafqazdakı diplomatiyasının fiaskosudur. Sadəcə olaraq, Vaşinqton məğlubiyyətini regionda təsir savaşı, Rusiya və İranı bölgədən kənarlaşdırmaq cəhdlərini isə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasında maraq qismində qələmə verir.

Yeni heç nə yoxdur: Qərbin yezuit prinsipli diplomatiyası "parçala və hökm sür" anlamını yenilənmiş formada təqdim edir.

Birləşmiş Ştatlar etiraıf etmir ki, yeni qlobal geosiyasətdə, modern dünya düzənində ABŞ artıq dünya jandarmı deyil. Britaniya, Rusiya, Türkiyə, Pakistan, Çin, İran, Afrika və ərəb ölkələri indi aktiv şəkildə ABŞ ilə Avropa İttifaqını, xüsusilə də Fransanı bu qüvvələr üçün ənənəvi rahat bölgələrdən sıxışdırıb çıxarırlar.

Ermənilər bunu, nə yazıq ki, dərk etmirlər...

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.