Siyasət

Pazl tamamlandı - Son hissə də yerinə oturdu...

28 Sentyabr 2023 21:30
Baxış: 2 029

44 günlük müharibədən sonra çoxlarının yarımçıq qaldığını düşündüyü proseslər tamamlandı. Sosial şəbəkələrdə yazılan "Bəs Xankəndi, Xocalı, Xocavənd?" sualları cavabını tapdı. Artıq Azərbaycan pazlının son parçası da yerinə oturdu. Bu gün Xocalıda, Ağdərədə, Xocavənddə bayrağımız dalğalanır, Xankəndində polisimiz hərəkət edir, FHN yanğınsöndürmə işləri həyata keçirir. 

Səhər saatlarında Qarabağdakı qondarma rejim özlərini buraxdıqlarını elan edib. Separatçıların rəhbəri Samvel Şahramanyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğuna xitam verilməsi haqqında "qərar" imzalayıb. Həmçinin, keçmiş qondarma rejimin "xarici işlər naziri" Davit Babayan məlumat yayaraq Azərbaycana təslim olacağını açıqlayıb. Bundan başqa, gün ərzində Ruben Vardanyanın DTX tərəfindən əli qandallı görüntüləri yayılıb. Ona verilən ilkin həbs cəzası da bəlli olub.

Proseslərin bu istiqamətdə irəliləməsi Bakının xeyrinədir. Belə ki, bugün separatçıların özünü buraxdığını elan etməsi onların gələcək iddiaları qarşısında qoyula biləcək fakta çevrilir. Heç kim zəmanət verə bilməz ki, onlar yenə qondarma "artsax" kimi iddialarla çıxış etməyəcək. Ən azından erməni xisləti hər bir azərbaycanlıya məlumdur. Belə halın yaşanacağı halda Bakının nə cavab verəcəyi aydın məsələdir.

Onların ehtimal edilən iddialarından digəri isə Qarabağlı ermənilərin torpaqlarımızı tərk etməsi ilə bağlıdır. Bu gün onların təqdim etdiyi rəqəmlərin şişirdilməsi bunu deməyə əsas verir. Görünür onların mübaliğəli rəqəmləri təqdim etməkdə niyyəti "Qarabağda 120 min erməni yaşayır" yalanını "sübut" etməkdir.

Artıq Qarabağın erməni sakinlərinin qeydiyyat prosesi başlayıb. Azərbaycan Respublikası Prezident Adminstrasiyasından verilən məlumata görə reinteqrasiya üçün portal yaradılıb, müraciətlər üçün əlaqə telefonları təqdim edilib. Rəsmi Bakı həmin şəxslərə müraciət edərək bildirib ki, Qarabağda qalıb, pasportumuzu daşıyacaq şəxslərin daha yaxşı yaşayışı üçün hərcür şərait yaradılacaq.

Bugünkü gündə 200 illik erməni layihəsi darmadağın olub, ərazi bütövlüyümüz tam təmin olunub. Şəhidlərimizin qanı, canı bahasına əldə olunan bu zəfər yeni tarixin başlanğıcı, tarixi nailiyyətimiz olan Qondarma "Dağlıq qarabağ Respublikası"nın ləğvi uğurlu diplomatik siyasətin nəticəsidir.

Bəxtiyar Umarlı
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.