Siyasət

Prezident Konstitusiya Məhkəməsinin hakimlərini və əməkdaşlarını təbrik edib

4 İyul 2023 18:40
Baxış: 1 212

Konstitusiya Məhkəməsinin 25 illik yubileyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu dövrə təsadüf edir və bu, dərin simvolik məna kəsb edir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri, bu təsisatın dövlət hakimiyyəti orqanları sistemində mühüm yeri və rolu müəyyən olunmuşdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına məktubunda yer alıb.

Məktubda deyilir: "Ötən illər ərzində Konstitusiya Məhkəməsi səmərəli fəaliyyəti ilə və qəbul etdiyi qərarlarla Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə, milli qanunvericiliyin, dinamik dəyişən ictimai münasibətlərə uyğun olaraq, Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etməsinə dəyərli töhfə vermişdir".

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə hüquqi dövlət və konstitusionalizm ideya və prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməyəcək.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini və əməkdaşlarını 25 illik yubiley münasibətilə təbrik edib, konfransın işinə müvəffəqiyyətlər arzulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.