Siyasət

Ermənilər Zəngəzur quyusuna düşüblər

5 İyun 2023 14:07
Baxış: 2 195

Rusiyadan asılılıqdan qurtulmaq niyyətində olan Ermənistan imzaladığı sənədlərə və üzərinə götürdüyü öhdəliklərə etinasız yanaşır ki, bu da İrəvan üçün çox ciddi problemlər vəd edir

"Azərbaycanla iqtisadi və nəqliyyat əlaqələrinin gələcəkdə bərpa ediləcəyi təqdirdə nəqliyyat əlaqələri üzərində nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına verilməsindən Ermənistan imtina edib".

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə deyib.

"Nəqliyyat və kommunikasiya marşrutlarında blokadanın aradan qaldırılması məsələsində bütün cəlb olunmuş tərəfdaşlara artıq aydın olduğunu düşündüyüm detal var. Sərhədlər və sərhəd xidmətləri üzərində tam nəzarəti Ermənistan həyata keçirəcək. Yəni Ermənistanın kontekstində blokadanın aradan qaldırılması sərhəd xidmətinin yalnız Ermənistan tərəfindən reallaşdırılması deməkdir", - A.Qriqoryan deyib.

Onun sözlərinə görə, Ermənistanın mövqeyi "çox aydındır": "Ümid edirəm ki, Azərbaycanla Rusiya bunu nəzərə alıblar və məhz vruğulanan prinsip əsasında irəlilyə doğru hərəkət edəcəklər".

Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan tərəfindən imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində yazılıb: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir".

Rusiya baş nazirinin müavini Aleksey Overçukun dediyinə görə, Azərbaycan, Rusiya və Ermənistan hökumət başçılarının müavinlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündə konkret nəticələr əldə olunub.

Həmin nəticələr arasında Azərbaycanla Ermənistan arasında Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz marşrutu ilə dəmiryol daşımalarının başlanması ilə bağlı razılaşmadır.

"Əsas müzakirə mövzusu isə Zəngəzur dəhlizidir. Bu marşrut sadəcə, Bakı və Naxıçvanı yox, Rusiya və Türkiyənin də böyük iqtisadiyyatlarını dəmiryolu və avtomobil yolu ilə bağlayacaq", - A.Overçuk deyib.

Göründüyü kimi, Zəngəzur dəhlizi ilə bağlı rəsmi İrəvan əsassız olmaqla yanaşı, aqressiv və təhlükəli ritorika seçib.

Armen Qriqoryanın Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi şərtlər və iddialar onun fərdi təşəbbüsü, yaxud mövqeyi deyil.

Efirdə Ermənistanın baş naziri Nikol Paşinyanın fasiləsiz dəyişən və bəzən diametral fərqli forma alan mövqelərindən ən yenisi açıqlanıb.

Qərbdən, xüsusilə də Fransadan aldığı təlimatları həyata keçirməyə çalışan Paşinyanın yaxın perspektivdə əsas məqsədi Ermənistanın Rusiyadan asılılığını minimuma endirməkdir. Bunun üçünsə ilk əvvəl Rusiyanın Ermənistandakı hərbi mövcudluğu zəiflədilməli, sonra isə sıfıra endirilməlidir.

Rəsmi İrəvan etiraf etmək istəməsə də, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını özünün geosiyasi, iqtisadi və siyasi perspektiv planlarına ciddi maneə hesab edir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ölkə ərazisindəki sərhədçilərini də ballast kimi görən İrəvan Türkiyə ilə olan dövlət sərhədinin mühafizəsini özü reallaşdırmaq istəyir. Eyni zamanda, Paşinyan və komandası Azərbaycanla olan şərti dövlət sərhədinin mühafizəsini də bütünlüklə erməni sərhədçilərə həvalə etmək niyyətindədir.

Zəngəzur dəhlizi ilə bağlı deyilənlər isə bəhs etdiyimiz planların üstqatı, zahiri örtüyüdür. Batində Ermənistanın Rusiyadan asılılıqdan qurtulmaq, forpost statusu ilə vidalaşmaq istəyi durur.

Armen Qriqoryanın dedikləri də ilk baxışdan göründüyü kimi bilavasitə Zəngəzur dəhlizi ilə bağlı deyil. Onun sözləri də Bakıdan daha çox Moskvaya ünvanlanıb.

"Sərhədlərimizi Ermənistan sərhədçiləri qorumalıdır" şərti də faktiki və praktiki olaraq Zəngəzur dəhlizində yükdaşımaların bilavasitə Ermənistan tərəfindən yoxlanması tələbidir. Bu isə üçtərəfli bəyanatın şərtləri ilə yanaşı, Moskvanın planlarına kəskin ziddiyyət təşkil edir.

Qriqoryan Ermənstanın Zəngəzur dəhlizi layihəsi ilə yanaşı, Rusiyanın ölkəsindəki hərbi mövcudluğuna qarşı da çıxdığına işarə vurur.

Onun müsahibəsi həm də Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaq cəhdidir ki, Moskva Cənubi Qafqazda "forpostu" statusundan qurtulmaq istəyən bu səfil və yoxsul ölkənin müstəqillik istəkləri ilə razılaşan deyil.

Ermənistan yekun sülh sazişini imzalamamaq üçün bütün vasitələrə əl atır. Məsələn, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı rəsmi İrəvanın son günlərdə ortaya atdığı "proses 1975-ci il xəritələri əsasında həyata keçirilməlidir" tələbi vaxtı uzatmaq istəyindən başqa heç nə deyil.

Demarkasiya və delimitasiya proseslərinin konkret bir, yaxud bir neçə xəritəyə əsaslandırılması primitivlikdir. Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilib.

Eyni prosedurları Ermənistanla şərti dövlət sərhədinin qanuni formaya salınmasına da tətbiq etmək olar.

Ermənistan tərəfinin üçtərəfli bəyanatın 9-cu bəndinə zidd olaraq, hələ də Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini bərpa etməməsi, müxtəlif bəhanələrlə prosesi uzatması, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasını təmin etmək əvəzinə siyasi polemikaya yol açması Ermənistanın prosesə maneçiliyinin bariz nümunəsi kimi qəbul ediliəlidir.

Rusiyanın hərbi birləşmələrini ölkə ərazisindən çıxarmaqa çalışan rəsmi İrəvanın bu məqsədlə Zəngəzur dəhlizi layihəsindən istifadə etmək qərarı düşünülə biləcək yanlış seçimlər və səhv qərarlar arasında ən pisidir.

Paşinyan hakimiyyəti özünü faktiki olaraq könüllü şəkildə Zəngəzur quyusuna salır.

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.