Siyasət

Aİ-nin uğursuz missiyası - Bölgədə vəziyət necə dəyişəcək?

25 Yanvar 2023 22:57
Baxış: 432

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanın göndərilməsi barədə razılıq verib.

Qərarda missiyanın məqsədinin Ermənistanın sərhəd rayonlarında stabilliyə nail olmaq, yerli səviyyədə əməkdaşlığı yoluna qoymaq və Aİ-nin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səyləri dəstəkləyən şəraitin təmin olunmasından ibarət olduğu deyilir.

Missiyanın ilkin mandatı iki illik nəzərdə tutulacaq, operativ qərargahı isə Ermənistanda yerləşəcək.

Xatırladaq ki, 2022-ci il 17 oktyabr tarixində Aİ xarici işlər nazirlərinin Şurası öz iclasında Azərbaycanla sərhədin Ermənistan tərəfinə Cənubi Qafqaz regionundakı vəziyyətin monitorinqi, təhlili və hesabat təqdim olunması üçün təqribən 40 nəfər ekspert müşahidəçi göndərmək barədə qərar qəbul etmişdi. 2022-ci il 19 dekabr tarixində Ermənistandakı Aİ missiyasının monitorinqinin mandatı bitmişdi.

Bu missiya ilə bağlı məsələlər Azərbaycan tərəfi ilə razılaşdırılmalı idi, lakin Aİ bunu etmək istəmədi və fərdi qaydada missiyanı göndərmək qərarını verib.

Bəs belə olan halda Aİ-nin missiyası bölgədə vəziyyətə necə təsir edə bilər?

Məsələni şərh edən rusiyalı ekspert, "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Avropa İttifaqının (Aİ) missiyası qanuni deyil və hüquqi nəticə verməyəcək. Qərarlar asanlıqla qəbul edilmir və dünyadakı mövcud geosiyasi vəziyyətlə diktə olunur.

"Cənubi Qafqaz birincisi neft-qaz kimi resurslar baxımından, ikincisi isə logistika, o cümlədən nəqliyyat logistikası baxımından son dərəcə vacib regiondur. Fransanın isə bu regiona həmişə marağı olub. Təbii ki, bunu Fransa və Ermənistanın mövcud siyasi elitaları arasındakı son dərəcə sıx münasibətlərlə əlaqələndirmək lazımdır. Missiyanın özünə gəlincə, o qanuni deyil və hüquqi nəticə verməyəcək, ona görə ki, hələ də İrəvanın ucbatından Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demilitasiyası və demarkasiyası aparılmayıb. Bu səbəbdən Ermənistanın dövlət sərhədləri olmadığından, o, sərhədləri qeyri-müəyyən olan ölkədir. Buna görə də, indiki halda Ermənistan bu missiyanı dəvət etməklə tərkibini və müvəqqəti formatını genişləndirərək əlində Azərbaycana qarşı təzyiq vasitəsi saxlamağı nəzərdə tutur və bu vasitəni manipulyasiya etməklə, həmçinin Fransa və Aİ ilə tərəfdaşlıq etməklə özü üçün əlverişli siyasi, iqtisadi və hərbi mövqe qazanmağa çalışır",- siyasi analitik qeyd edib.

Fransız jurnalist, Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brən isə qeyd edib ki, birinci missiyanın sonunadək Azərbaycan Avropa İttifaqı ilə sülh danışıqlarını davam etdirdi. Bununla belə, xüsusilə, Ermənistanın tərəfini açıq-aşkar tutan, beləliklə də Minsk qrupu nəzdində arbitr rolundan imtina edən Fransanın təzyiqi ilə Avropa İttifaqı münaqişənin həllində öz neytrallığını açıq şəkildə nümayiş etdirmədi.

"Avropa missiyasının göndərilməsi xəbəri elan olunduğu həmin gün Fransa prezidenti Fransadakı Erməni Təşkilatları Koordinasiya Şuralarının Milli Qərərgahının həmsədrləri Murad Papazyan və Ara Toranyanı Yelisey sarayında qəbul edib. Hazırda "Les nouvelles d'Arménie" saytının direktoru olan Ara Toranyan Fransada bir çox hücumların, xüsusən də 1983-cü ildə Orli hava limanında törədilmiş sui-qəsdin təşkilatçısı olmuş ASALA təşkilatının tərəfdarı olan MNA hərəkatının 80-ci illərdə sözçüsü idi. Fransada millətçi Daşnak partiyasının liderlərindən biri olan Papaziana gəlincə isə o, hətta Ermənistanda təhlükəli fəal kimi qiymətləndirilir və Ermənistana girişinə qadağa qoyulub",- deyə Brən yekun olaraq vurğulayıb.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva isə əlavə edib ki, "Avropa İttifaqının (Aİ) Ermənistana missiya göndərməsi bu ölkənin öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır.

"Missiya sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün istifadə edilməməlidir", - deyə o əlavə edib.

Nəticə etibarilə Aİ-nin Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistanda normallaşma prosesini pozmaq cəhdlərinin artması, o cümlədən Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşündə əldə olunmuş irəliləyişə ciddi zərər vurmuş oldu. Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı.

Asif Mehman

Trend

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics