Siyasət

Laçın dəhlizindəki yolkəsən, quldur dəstə... - Kreml onları ayağına bağlamasa...

7 Dekabr 2022 15:14
Baxış: 6 571

10 noyabr üçtərəfli bəyanatı ilə Ermənistanı fiaskodan xilas edən Rusiya üzərinə götürdüyü öhdəliklərə əməl etmək niyyətində deyil. Belə görünür ki, sənədlərin imzalanmasından geridə qalan 2 il ərzində Ermənistan baş nazirinin də öhdəlikləri və verdiyi vədləri günü bu günə kimi əməl etməməsində elə ən başlıca məsuliyyət Kremlə aiddir. 

Çünki hər iki tərəf konkret olaraq üzərlərinə düşən məsələlərlə bağlı destruktivlik nümayişindən çəkinmirlər. Rusiya tərəfi Bəyanatın 4-cü bəndində qeyd edildiyi kimi "Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir" müddəasını bu günə kimi heçə sayır. Onlar nəinki qanunsuz erməni silahlı birləşmələrinin kontingentin müvəqqəti səlahiyyət zonalarında əllərini yanlarına sallayaraq sərbəst hərəkətinə mane olmurlar, üstəlik terrorçuların bölgəyə gəlməsinə indinin özündə də şərait yaradırlar və Xankəndini "şeytan yuvası"na çevirmək istiqamətində (Erməni əsilli rus milyarder Ruben Vardanyanı Xankəndinə köçürüb, "nazir" təyin edilməsində Moskvanın rolu danılmazdır) bütün imkanlardan yararlanmaq niyyətində kimi görünürlər.

Təyinatının əksinə olaraq Laçın dəhlizindən gah silah və minaların daşınmasına, gah qanunsuz məskunlaşma və qeyri-qanuni səfərlərin reallaşmasına, gah da müvəqqəti nəzarətindəki qızıl yataqlarından Azərbaycanın yeraltı sərvətlərinin talanması prosesini var sürəti ilə davam etdirilməsi məqsədilə istifadəyə göz yuman Kontingent, belə görünür ki, bir tək azərbaycanlıların öz doğma yurd-yuvasına ayaq basmasından çox narahatdırlar. 

Bəs niyə?

Üç gün əvvəl Azərbaycanın ekoloji monitorinq qrupunun sülhməramlıların yerləşdikləri ərazilərə səfəri separatçılardan çox kontingentin və rəhbərliklərinin yuxusunu qaçırdıb. Cəmi 10-15 silahsız ekoloq qarşısında panik duruma düşən sülhməramlıların nədən narahat olduqları gün kimi aydındır. Sülhməramlıların Qarabağdakı ömürlərinin qısalığından...

44 günlük İkinci Qarabağ müharibəsindən sonra güc-bəla ilə, min bir zülm-zillətlə ordan-burdan yığıb müvəqqəti nəzarət zonalarındakı ərazilərə gətirdikləri erməni ailələrinin "azərbaycanlılar artıq sülhməramlıların nəzarət zonasına daxil olublar" düşünərək tələm-tələsik min bir yolla həmin əraziləri tərk edəcəyindən narahatlıq keçirən Rusiya, bununla da sülhməramlıların Qarabağdakı talehlərinə aydınlıq gələcəyindən çox qorxurlar. 

Bu gün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin və "AzərGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlər aparılması üzrə danışıqların növbəti mərhələsi üçün səfəri zamanı azərbaycanlı jurnalistlərin həmin ərazilərə daxil olmasına yaradılan süni maneələr, əngəllər, sülhməramlıların özlərini o yerlərin ağası kimi aparmaq cəhdləri bu qorxunun artıq hansı həddə olduğunu nümayişkəranə şəkildə göstərir. 

Görünür, bu yerlər Rusiya sülhməramlıları üçün o qədər doğmalaşıb ki, Rusiya sülhməramlı kontingentinin komandanı General-mayor Andrey Volkov Azərbaycan jurnalistlərinə sülhməramlıların müvəqqəti nəzarət zonası heab edilən Azərbaycan ərazisinə keçməyə maneə törətməklə yanaşı, onlara "эта не территория ..." (Bura ? ərazisi deyil) deyərək sözünü yarıda kəsməklə, Qarabağa hansı məqsədlə gəldiklərini belə gizlətməkdə çətinlik çəkib.

Çünki onun bu cümlə ilə hansı fikri ifadə etmək istədiyi də, niyə yarıda kəsdiyi də bəllidir. 

Azərbaycanlı jurnalistlərin Ermənistanı Qarabağla birləşdirən yoldan və orada "keşik" çəkən rusiyalı hərbi kontingentin davranışı barədə son kadrlarını izləyəndə Rusiyanın şovinist siyasətçisi Vladimir Jirinovskinin  bağıraraq həmin o çıxışı xatırlamaq lap yerinə düşər. Jirinovski Rusiya sülhməramlı kontingentinin Qarabağa daxil olmasını "Biz Qarabağa 5 ilə gəlmədik, rus hərbçiləri orada ömürlük qalacaq" cümlələri ilə dəyərləndirməsi əslində, Kremlin bu "qoca" vasitəsilə digər qlobal siyasi proseslərlə bağlı məsələlərdə olduğu kimi məqsədini mesajı imiş. 

Azərbaycanlı jurnalistlərə və ekoloqlara qarşı ətdən divar olmağa çalışan, hətta üzərlərinə xidməti avtomobillərini sürən və silahını göstərərək təhdid dolu mesajlar verərək yolundan döndərməyə çalışan sülhməramlı kontingent nümayəndələri elə bu ərəfədə Ukrayna müharibəsində savaşın ilk günlərindən Rusiyaya qarşı ən kəskin mövqe nümayiş etdirən Fransanın hökümət təşkilatlarının və dövlət adamlarının Qarabağa qeyri-qanuni səfərlərini bəs necə olur ki, gözrməzdən gəlir, buna imkan verir?

Axı bura Azərbaycan ərazisidir. Hətta bunu Rusiya lideri Vladimir Putin də üçtərəfli bəyanata atdığı imza və müharibədən sonrakı çıxışlarında təkrar-təkrar qeyd edib. 

Əgər bu cür davranışla Fransa tərəfi beynəlxalq hüququn ərazi bütövlüyünün riayət edilməsi və dövlətlərin daxili işlərinə müdaxilə etməməsi ilə bağlı prinsiplərini pozmaqda davam edirsə, Rusiya tərəfi heç də bu məsələdə onlardan az günahsız deyil. Çünki rəsmi Bakı sülhməramlıların məhz Laçın dəhlizi vasitəsilə bütün gəliş-gedişə nəzarətə birbaşa cavabdeh olan hərbi birləşmə kimi Qarabağa gətirilməsinə razılıq verib.  

Rusiya bu cür mövqeyi ilə Bakının etimadını ciddi şəkildə sarsıdır. Baxmayaraq ki, artıq az qala hər çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı tez-tez Alma-Ata bəyannaməsinə istinad edərək açıqlamaları ilə diqqət mərkəzinə düşür. 

Əslinə qalsa, Lavrovun təqdir etməyə çalışdığı Alma-Ata bəyannaməsinə vaxtilə elə Rusiyanın özü riayət etməyib. 2008-ci ildə Gürcüstanın, 2014-cü və 2022-ci ildə Ukraynanın ərazi bütövlüyünü pozub, torpaqları işğal edib. Halbuki Rusiya Alma-Ata bəyannaməsinə sadiq qalsaydı qonşu dövlətlərin ərazilərini işğal etməməli idi. Amma Rusiya anlamalıdır ki, Azərbaycan indi nə onun üçün Gürcüstan, nə də Ukraynadır. 

Bu mənada Rusiya rəsmiləri ya etdiyi açıqlamalara bir az daha diqqətlə nəzər salmalı, ya da hərəkətlərinə bir çəki-düzəm verməlidirlər. Özünü xüsusilə son vaxtlar hər addımbaşı Azərbaycanın müttəfiqi adlandıran Rusiya əməli ilə sözünün nə qədər bir-birinə zidd olduğunu o qədərmi görməzdən gəlir?!

Ceyhun Bayramovun Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən əvvəl Rusiya Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatda "Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı, eyni zamanda müttəfiqidir" ifadəsinə yer verildi. Digər yandan isə sülhməramlı kontingent Qarabağda saxladıqları qanunsuz erməni silahlı birləşmələrinə "polis" paltarı geyindirməklə onları leqallaşdırmağa cəhd edir.

Cənab Lavrov, əgər Rusiya həqiqətən də Azərbaycanın "müttəfiqidirsə" Qarabağdakı erməni separatçılarını niyə tərksilah etmir?

Lakin biz tamam fərqli mənzərəinin şahidiyik: Rusiyanın Qarabağdakı hərbi kontingenti əksinə erməni separatçılarıyla əməkdaşlığı genişləndirir, özlərini onların himayədarı kimi aparır. Digər tərəfdən Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı məntəqələri erməni dilində adlandırması da rəsmi Bakıya qarşı Moskvanın növbəti təxribatıdır. Bütün bunları nəzərə alsaq "Rusiya Azərbaycanın müttəfiqidir" fikri özünü heç cürə doğrultmur və nə qədər boğazdan yuxarı olduğu göz önündədir.

Azərbaycan Qarabağda həm yolu, həm də ermənilərin yaşadıqları məntəqələri nəzarətə götürmək üçün indidən çalışmalara başlamalı və bölgədəki rusiyalı hərbçilər buna mane olmamalıdırlar. Təbii ki, bunun Bakının istədiyi nəticə ilə yekunlaşması üçün var gücü ilə hədəfə doğru ardıcıl, seriya "zərbələr" endirmək lazım. Necə ki, damcı da bir nöqtəyə çox dəyəndə qayanı dələ bilir. 

Açıq görünür ki, Bakının təzyiqləri qarşısında Rusiya əvvəlki tək tab gətirə bilmir, arqumenti yoxdur. Rusiyanın Azərbaycanın Laçın dəhlizində post qurmasını istəmədiyi də gün kimi aydındır. Amma Bakının tələbləri qarşısında duruş gətirməkdə çətinlik çəkməyə başlayan rəsmi Moskvanın sona qədər bu təzyiqlər önündə müqavimət göstərəcəyi inandırıcı deyil. Bu məsələdə Azərbaycanın mövqeyindəki qərarlılığı ilə yanaşı, ABŞ və Türkiyənin də mövqeyi də həlledici ola bilər. 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.