Siyasət

Bu qətnamə göstərir ki, Fransa əslində dünyanın mübarizə apardığı radikal separtizmi dəstəkləyir - Sevil Mikayılova

1 Dekabr 2022 14:32
Baxış: 606

Fransa Senatının ardınca Milli Assambleyasının da qəbul etdiyi qərəzli qətnamə Parisin ölkəmizə qarşı məkrli siyasətə başlamasını açıq şəkildə sərgiləyir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova qeyd edib ki, bu qətnamə də əvvəlki sənəd kimi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə qarşı ədalətsiz yanaşmadır.

"Sual doğuran məqam Fransanın niyə görə məhz indi dəyərləri yadına salması, işğalı və ölkələrin ərazi bütövlüyünə təcavüzün yol verilməz olduğunu "dərk etməsi"dir.

30 il Azərbaycana qarşı siyasət aparan, 20 faiz əraziləri işğal atlında saxlayan, mütəmadi olaraq Azərbaycana qarşı ərazi iddiaları səsləndirən, "Yeni torpaqlar uğrunda, yeni müharibə" devizi ilə çıxış edən Ermənistana qarşı Fransa tərəfindən heç bir irad göstərilmədi.

Buna görə də Fransanın humanizm və ədalətdən danışmağa mənəvi haqqı yoxdur", - deyə S.Mikayılova əlavə edib.

Deputatın sözlərinə görə, Fransa hələ də dekolonizasiya kateqoriyasına aid edilən bir sıra əraziləri qanuni sahiblərinə qaytarmır. Fransanın uzun illər davam edən işğalçılıq, talançılıq siyasəti bu gün formasını dəyişsə də, eyni məzmunda davam edir. Fransanın tarixi öz xalqına belə utanc gətirən cinayətlərlə doludur.

"Öz ölkəsinin maraqlarını bir ovuc erməni lobbisinin maraqları üzərində qurması, milli maraqlarını erməni siyasətinə qurban verməsi Fransa üçün utancvericidir. Belə çıxır ki, Fransa uzunillik xarici və daxili siyasi mübarizədə qazandığı dəyərləri ayaqlar altına atır. Terrorçu, işğalçı, təcavüzkar siyasət aparan ölkəni hər cür dəstəkləmək və özünə ən yaxın tərəfdar seçməklə Fransa əslində dünyanın mübarizə apardığı radikal separatizmi dəstəkləyir. Bununla da Avropa dəyərlərindən uzaqlaşdığını sərgiləyir. Fransa parlamentarilərinin bu addımları bölgədə sülh prosesini zərbə altına qoyur, Cənubi Qafqazda təhlükəsiz mühitin formalaşmasına mane olur.

Fransalı parlamentarilərə bildiririk ki, ikili standartlar və selektiv yanaşma ağızdolusu danışdıqları və təbliğ etdikləri demokratik dəyərləri aşındırıb. İndi siz neokolonizm, neofaşizm, islamafob, irqçi, millətçi və türkəfob ideyaların qatı təbliğatçısına çevrilmisiniz. Apardığınız bu məkrli siyasət Avropanın təhlükəsizliyinə qarşı yönəlib və son nəticədə özünüzə qarşı çevriləcək", - S.Mikayılova vurğulayıb.

Deputat əlavə edib ki, bütün bu cəhdlər dövlətimizin qətiyyətini sarsıda bilməz, Azərbaycan dövlətinin prinsipial mövqeyi dəyişməz olaraq qalır və Azərbaycanın irəli sürdüyü 5 şərt əsasında imzalanacaq sülh müqaviləsi Cənubi Qazfqazda davamlı sülhü təmin edə bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.