Siyasət

Paşinyan Brüsselə niyə “fransalı bacısı” ilə getmək istəyir: Bu təxribat regionda yeni savaşa çağırışdır

26 Noyabr 2022 08:02
Baxış: 971

Rəsmi İrəvanın, Cənubi Qafqazın "qapıları" Azərbaycan tərəfindən üzünə qapadılan Fransanı yenidən sülh prosesinə qaytarmaq cəhdləri Ermənistana baha başa gələ bilər... Azərbaycanın sülhdən savaşa keçid prinsiplərinə bağlı "yol xəritəsi" mövcuddur, rəsmi Bakı Rusiya və Fransadan fərqli olaraq, Ermənistanın "kaprizləri" ilə oynamağa həvəs göstərməz...

Cənubi Qafqazda sülh prosesi arxa plana keçmək üzrədir. Halbuki, Brüssel və Praqa görüşlərində müəyyən anlaşmalar əldə olunmuşdu. Hətta bu ilin sonlarına qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalana biləcəyi ilə bağlı nikbin ehtimallar irəli sürülürdü.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ancaq son proseslər onu göstərir ki, həmin nikbin ehtimallar artıq tədricən öz əhəmiyyətini ciddi şəkildə itirməyə başlayıb. Xüsusilə də, Rusiya və Fransanın Cənubi Qafqazdakı sülh prosesinə kobud müdaxiləsi regionda savaş təhlükəsinin ön plana keçməsinə yol açmaqdadır. Üstəlik, həm Rusiya, həm də Rusiya regional sülh prosesinin pozulmasında birmənalı şəkildə Ermənistandan "geopolitik alət" kimi istifadə edir.

Rusiyada prezident Vladimir Putinin vasitəçiliyi ilə keçirilən sonuncu Soçi görüşündən sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqları növbəti dəfə dalana dirənmiş kimi görünür. Kreml Cənubi Qafqazda sülh dövrünün başladılmasında qətiyyən maraqlı deyil. Çünki bu halda, Rusiya Cənubi Qafqazdakı mövqelərini itirərək, regionu həmişəlik tərk etmək məcburiyyətində qala bilər.

Nə qədər də qəribə də olsa, Cənubi Qafqazda sülh prosesinin pozulması məsələsində Rusiya və Fransanın maraqları tamamilə üst-üstə düşür. Bu iki ölkə səhnəarxasında demək olar ki, ortaq davranaraq, Ermənistanı sülh danışıqlarından uzaqlaşdırmağa çalışırlar. Rusiyanın rəsmi İrəvana verdiyi təxribatçı vədlərə paralel olaraq, Fransa da Ermənistanı bütün imkanlardan istifadə edərək, dəstəklədiyini vurğulayır.

Bir müddər öncə Fransa prezident Emmanuel Makron Azərbaycana qarşı yolverilməz ittihamlar irəli sürmüşdü. Fransanın həmişə Ermənistanın yanında olacağını vurğulamışdı. Bunun qarşılığında Azərbaycan Prezidenti İlham Əliyev Fransanın dövlət başçısını "küçə leksikonu"ndan istifadə etməkdə qınamışdı. Eyni zamanda, Azərbaycan lideri rəsmi Paris tərəfsiz olmadığı üçün Fransanın Cənubi Qafqazdakı sülh prosesində iştirakına imkan verilməyəcəyini də vurğulamışdı.

Bundan sonra baş verənlər Azərbaycan Prezidenti İlham Əliyevin Fransa barədə verdiyi qərarın tamamilə doğru olduğunu növbəti dəfə təsdiqlədi. Çünki prezident E.Makron başda olmaqla, Fransa hökuməti Ermənistanı himayə etməklə yanaşı, Azərbaycana qarşı düşmənçilik siyasətini daha da gücləndirdi. Hətta Fransa Senatı Azərbaycanın əleyhinə növbəti dəfə qondarma iddialarla qətnamə də qəbul etdi. Və bununla da Fransanın Azərbaycan-Ermənistan sülh danışıqlarına ümumiyyətlə, yaxın buraxılmasının yolverilməz olduğunu qətiləşdirdi.

Təbii ki, Rusiya ilə yanaşı, Fransanın da belə açıq şəkildə qərəzli mövqe tutması artıq regional sülh prosesinə mənfi təsirlərini göstərməyə başlayıb. Belə ki, dekabrın 7-də keçirilməsi nəzərdə tutulan növbəti Brüssel görüşünün baş tutmayacağı dəqiqləşmək üzrədir. Və bunun əsas günahkarı da məhz Fransa ilə "bacılıq münasibətləri"ndən məmnun olan Ermənistan sayıla bilər.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev son açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın Brüssel görüşünü pozduğunu bəyan edib. Azərbaycan lideri bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan Brüssel görüşündə yalnız Fransa prezidenti E.Makronun da qatılacağı təqdirdə, iştirak etməyə razılaşıb. Və belə bir şərtin irəlü sürülməsi rəsmi Bakı üçün yolverilməzdir.

Birincisi, Brüssel görüşləri Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilir. Fransa prezidenti E.Makronun bu müzakirə formatına heç bir aidiyyatı yoxdur. Rəsmi Parisin Fransanın Ermənistan üzərindən bu formata yerləşmək cəhdləri absurddur. Və bu, Brüssel prosesində indiyə qədər əldə olunmuş müsbət nəticələri böyük təhlükə altına ata bilər.

Digər tərəfdən, Fransa birmənalı şəkildə ermənipərəst dövlət olduğundan Brüssel prosesinə qatılması mümkün deyil. Çünki bu halda, qərəzli Fransa ucbatından tərəfsizlik prinsiplərinin kobud şəkildə pozulması nəticəsində Brüssel formatında balans dəyişə bilər. Yəni Brüssel prosesində yalnız tərəfsiz vasitəçilərin sayəsində sülh maqaviləsinin imzalanmasına doğru addım atmaq mümkündür. Fransa isə tərəfsiz olmadığını və ermənipərəst mövqe tutduğunu hətta gizlətməyə belə, ehtiyac duymur.

Nəhayət, Azərbaycan lideri İlham Əliyev prezident E.Makronun məlum qərəzli açıqlamalarından sonra Fransanın daha heç vaxt Cənubi Qafqazda sülh prosesinə qatıla bilməyəcəyini bəyan edib. Yəni rəsmi Bakı Fransanın Cənubi Qafqaza yaxın düşməsinə heç bir halda, imkan vermək niyyətində deyil. Və belə görünür ki, Ermənistan da məhz bu məqamdan yararlanmaqla, Brüssel görüşündə iştirakdan yayınmağa cəhd göstərir.

Məsələ ondadır ki, baş nazir N.Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin E.Makron üçün "regionun qapıları"nı həmişəlik qapatdığını bilir. Ona görə də prezident E.Makronun Brüssel görüşündə iştirakı ilə bağlı şərt irəli sürməklə, əsasən iki məqsəd güdür. Birinci hədəf ondan ibarətdir ki, rəsmi Bakıya təzyiq göstərilərək, Fransa üçün "regionun qapıları"nın yenidən açılmasına nail olunsun. İkinci məqsəd isə əgər, bu, mümkün olmursa, Ermənistanın kapitulyasiyası ilə yekunlaşacaq sülh danışıqlarından yayınmaq üçün müvəqqəti bəhanə qazanmaqdır.

Göründüyü kimi, baş nazir N.Paşinyan növbəti dəfə avantürist davranışları ilə sülh danışıqlarını uzatmağa çalışır. Erməni baş nazir fransız bacısı olmadan Azərbaycan lideri ilə sülh danışıqları masası arxasında oturmaqdan çəkinir. Çünki anlayır ki, sülh danışıqlarında şərtlər məhz Azərbaycan lideri tərəfindən diqtə olunur. E.Makronun iştirakı sayəsində rəsmi Bakının təzyiqlərini nisbətən yumşalda biləcəyinə ümid bəsləyir. Bu mümkün olmayacağı təqdirdəsə, heç olmasa, sülh danışıqlarının qeyri-müəyyən müddətə bloklamağı hədəfləyir.

Ancaq baş nazir N.Paşinyanın anlamaq istəmədiyi daha önəmli bir məqam da mövcuddur. Belə ki, Rusiya da, Fransa da Ermənistanın "kaprizləri" ilə oynaya bilər. Rəsmi Bakı isə bu barədə ümumiyyətlə, düşünmür. Azərbaycanın ixtiyarında özünə sərfəli "yol xəritəsi" mövcuddur. Yəni rəsmi İrəvan sülh danışıqlarından yayınmağa çalışarsa, bu halda, Ermənistanı yeni hərbi əməliyyatlarla başa salmaq mümkündür. Və bu halda, nə Rusiya, nə də erməni baş nazirin "fransalı bacısı" Ermənistanı Azərbaycanın "dəmir yumruğu"ndan qoruya bilməyəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.