"Lion Centre" MMC-nin direktoru Ramil Aslanov Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxslərindən şikayətçidir.
Globalinfo.az-a müraciət edən iş adamı komitə sədrinin qəbulunda olsa və qarşılaşdığı problemlərin həlli barədə göstərişlər verilsə də, DGK-nın bəzi vəzifəli şəxslərinin məsələyə biganə və qərəzli yanaşdığını deyib.
O, Dövlət Gömrük Komitəsi Hüquqi Təminat İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Tural Həsənlinin rəhbəri olduğu şirkətə qarşı qərəzli münasibət bəslədiyini iddia edib:
"Xarici iqtisadi fəaliyyətlə məşğul olan direktoru olduğum "Lion Centre" MMC fəaliyyətini ölkəmizin qanunvericiliyini və hüquqi aktları rəhbər tutmaqla həyata keçirir. Lakin gömrük orqanının ayrı-ayrı vəzifəli şəxslərinin şirkətimizə qarşı xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi səbəbindən hüquqlarımızı müdafiə etmək üçün dəfələrlə müxtəlif qurumlara, o cümlədən Gömrük Komitəsinə və məhkəmələrə müraciət etmişik. Həmçinin dəfələrlə DGK-nin sədri Şahin Bağırovun qəbulunda olmuş, qarşılaşdığımız problemləri onun da diqqətinə çatdırmışam".
R.Aslanov bildirib ki, Ş.Bağırov dəfələrlə üzləşdiyi problemlərin həlli üçün qurumun aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə göstərişlər verib:
"Təəssüf ki, DGK sədrinin verdiyi göstərişlərin əksəriyyəti gömrük orqanının bəzi vəzifəli şəxsləri tərəfindən icra edilmir. Bu vəzifəli şəxslərdən biri də Komitənin Hüquqi Təminat İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Tural Həsənlidir. Onun timsalında rəhbərlik etdiyim şirkətə və şəxsən mənə qarşı şəxsi qərəzli münasibət açıq aşkar göz önündədir. Ümumiyyətlə, gömrük orqanlarında mənim kimi bir çox iş adamlarına qarşı qanunsuzluqlar edilir. Belə ki, iş adamlarına qarşı həyata keçirilən süründürməçiliklər onların fəaliyyətinə mane olur və nəticədə iqtisadiyyatımıza zərbə dəyir. Son olaraq şirkətimin qarşılaşdığı problemlərin həlli məqsədilə Şahin Bağırovun şəxsi göstərişi əsasında 29 oktyabr 2025-ci il tarixdə saat 10:10-da DGK-nin Katibliyinin rəisi, gömrük xidməti polkovniki Elvin Məmmədov tərəfindən qəbul olundum. Həmin qəbulda iştirak edən Hüquqi Təminat İdarəsinin rəisi Tural Həsənli həmişəki qeyri-obyektiv mövqeyini yenə də sərgilədi, qaldırdığımız məsələlərə hüquqi qiymət verməli olduğu halda, xidməti səlahiyyətlərinin hüdudlarından aşkar surətdə kənara çıxan hərəkətlər edərək bəzi gömrük orqanları vəzifəli şəxslərini müdafiə etdi, MMC-yə qarşı bəzi vəzifəli şəxslər tərəfindən süni şəkildə yaradılan problemlərə görə "Lion Centre" MMC-nin direktoru qismində məni günahlandırdı. Həmçinin təqdim etdiyim sübut və faktlara hüquqi qiymət verməyərək qəbul prosesi davam etdiyi halda, oturduğu yerdən qalxaraq oranı tərk etdi və şirkətimizin qarşılaşdığı problemlərin təxirəsalınmadan həll olunması məqsədilə Şahin Bağırovun göstərişinin icrasına bilərəkdən bilavasitə mane oldu".
İş adamı əlavə edib ki, 01251000204009 nömrəli gömrük bəyannaməsi ilə birgə Bakı Baş Gömrük İdarəsinin Vüsal Ələkbərov adlı gömrük rəsimləşdirməsini həyata keçirən vəzifəli şəxsi tərəfindən gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsi ilə 19 may 2025-ci il tarixdə 15:51-də geri qaytarmaqla CDD2512176348 nömrəli "Gömrük dəyərinə düzəliş edilməsi üçün bildiriş"də gömrük dəyərinin hesablanması üçün əsas səhf olaraq göstərilib:
"Lakin Vüsal Ələkbərov üstündən 1-3 dəqiqə sonra, yəni saat 15:53:34 yenidən bəyannaməni bəyannaməçiyə qaytarmaq qərarı verib. Səbəb kimi əlavəyə malın kodunu 4016995200XİF MN koduna sinifləşdir ifadəsini yazıb. Ancaq ən maraqlı məqam ondan ibarətdir ki, 2-3 dəqiqə öncə ayrı mövqedə olduğunu bilavasitə sistem üzərindən "skrin" edib onlara göstərdikdə və fərqli, qanunsuz, əsassız mövqeyi tərəfindən mübahisələndirdiyində mənim əsaslı iddialarıma məhəl qoyulmur və vəzifələrindən sui-istifadə edərək açıq aşkar hədə-qorxu gələrək, məni günahkar çıxardaraq, təqdim etdiyim dəlil və sübutlara məhəl qoymayaraq gömrük əməkdaşının əməllərində qanun pozuntusunun olmamasını sübut etməyə çalışırlar. Eyni zamanda, 29 sentyabr 2025-ci il tarixli M88/25 saylı məktubumuzda qeyd etdiyim 01251000346543 saylı gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan olunan malların 21 avqust 2025-ci il tarixdə gecə saat 20:00 tez-tələsik CDD252210810779 nömrəli "Gömrük dəyərinə düzəliş etməsi üçün Bildiriş"-in mənim tərəfimdən sistemdə imtina edərək, gömrük orqanı tərəfindən ləğv edilərək buraxılmağına baxmayaraq gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə malların 22 avqust 2025-ci il tarixdə saat 15:13-də buraxıldığına dair yalan informasiya daxil edildiyi və televiziyada ATV kanalı ilə etdiyim haqlı şikayətə 21 avqust 2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin yenə də Hüquqi Təminat İdarəsinin əməkdaşı Vilayət Mehrəliyev tərəfindən həqiqətə uyğun olmayan, işgüzar nüfuzuma və şəxsiyyətimə xələl gətirən yalan informasiya verib. Lakin bugünki gün yenə də Dövlət Gömrük Komitəsi Aparatı rəhbərinin müavini Kənan Əsədov mənə ünvanladığı məktublarda qeyd etdiklərini tam şəkildə anlamayaraq nə yazdığını özü belə bilmir, eyni mövqedən Tural Həsənli söylədiklərinin fərqinə belə varmır, mənasız, əsassız informasiya verməyə davam edir".
MMC rəhbəri bildirib ki, T.Həsənli "Lion Centre MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı "Gömrük dəyərinə düzəliş edilməsi haqqında bildirişin ləğv edilməsi" tələbinin təmin olunması haqqında Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli e-2-1(112)-6899/2025 nömrəli Qərarından da apellyasiya şikayəti verərək məhkəmənin hüquqi aktını ləğv etdirməyə də çalışır:
"Məhkəmə prosesi zamanı sübut olunub ki, gömruk orqanlarında çalışan əməkdaşlar hansısa bir qərar qəbul edərkən ziddiyyətli qərarlar qəbul edirlər. Yəni gömrük orqanının bir struktur vahidinin qərarı digər bir struktur vahidin qərarı ilə üst-üstə düşmir. Bu da gömrük orqanları strukturları arasında kommunikasiyanın olmamasına dəlalət edir. Göründüyü kimi, DGK-nin idarə rəisi, gömrük xidməti polkovnik-leytenantı Tural Məhərrəm oğlu Həsənli ölkəmizdə sağlam gömrükçü-sahibkar münasibətinin formalaşmasına qarşı çıxır. Əgər onun hələ Hüquqi Təminat İdarəsinin rəisi vəzifəsini icra etməyə başladığı 15 fevral 2024-cü ildən etibarən xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən gömrük orqanlarına qarşı məhkəmələrə edilən şikayətlərin statistikası aparılarsa, bilavasitə görünər ki, şikayətlərin artması, eləcə də iddiaçıların məhkəmələr tərəfindən haqlı olaraq təmin olunmuş şikayətləri üzrə cavabdehlər tərəfindən apellyasiya və kassasiya şikayətləri verilməklə xarici iqtisadi fəaliyyət iştirakçılarını öz işlərindən ayırmaqla günlərini məhkəmə orqanlarında keçirmələri, həmçinin məhkəmələrin iş yükünün artmasını təmin etmək, bununla da ölkəmizin milli və iqtisadi suverenliyini təmin edən gömrük orqanlarını nüfuzdan salmaq onun "danılmaz xidmətləri"ndəndir".
Qeyd edək ki, R.Aslanov bir müddətdir gömrük bəyənnamələrinin elan edilməsi və malların dəyərləndirilməsi məsələsi ilə bağlı DGK ilə problem yaşayır. Bir neçə dəfə məhkəmələr onun lehinə qərar çıxarsa da, tərəflər arasnındakı mübahisələr davam edir.
Yazıda adı keçən DGK əməkdaşlarının mövqeyini dərc etməyə hazırıq.
Milli.Az





