Siyasət

Zəfər xronikası: İlham Əliyevin “Əl-Cəzirə”yə müsahibəsi - VİDEO - FOTO

2 Oktyabr 2022 00:04
Baxış: 1 241

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin oktyabrın 2-də "Əl-Cəzirə" televiziya kanalına müsahibə verib.

Trend müsahibəni təqdim edir.

Jurnalist: Azərbaycan Respublikasının Prezidenti, "Əl-Cəzirə"yə müsahibə verdiyiniz üçün Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sizi görməyə çox şadam.

-Ermənistan və Azərbaycan arasında hazırkı münaqişə 20 ildən artıqdır ki, başlayıb. Müəyyən irəliləyişlər və geriləmələr olmuşdur, lakin bu vaxta kimi sülhə nail olunmamışdır. Niyə görə bu münaqişə bu qədər uzun çəkir?

-Əsas səbəb odur ki, Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Çünki 1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə BMT Təhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd etdiyim kimi, əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır. Bir çox hallarda mən bu məsələni qaldırmışam və demişəm ki, Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaq üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Lakin mənim müraciətlərimə müvafiq şəkildə cavab verilməmişdir və indi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir.

-Beləliklə, Siz deyirsiniz ki, Azərbaycan beynəlxalq müstəvidə narahatlıq doğuran hüquqi məsələlərə görə layiq olduğu beynəlxalq səviyyədə dəstəyi almır?

-Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var. Dediyim kimi, beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir. Beləliklə, münaqişənin həlli üçün hüquqi çərçivəmiz var, lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, biz burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir.

-Siz Ermənistanı bu müharibəni, bu münaqişəni başlamaqda günahlandırırsınız. Bir çoxları iddia edə bilər ki, Ermənistan öz cari ərazisini və 2018-ci ildəki məxməri inqilabdakı qələbəni nəzərə alaraq münaqişənin başlamasına risk etməzdi. Buna Siz nə deyərdiniz?

-Bu cür təhlillərin səbəbinin nə olduğunu bilmirəm. Lakin biz burada nə görürük, biz yerlərdə nə baş verdiyini görürük. Əgər son iki ildə "inqilab"dan sonra Ermənistanın nə etdiklərinə və nə bəyan etdiklərinə nəzər salsaq görərik ki, onlar bizi həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərimizə və hərbi mövqelərimizə hücum ediblər. Onların bunu nə üçün etdiklərini başa düşmək çox çətin idi. Onlar ağır artilleriya ilə bizə hücum etdilər. Hərbi qulluqçular arasında ilk itkiləri Azərbaycan tərəfi verdi. Bizim dörd hərbi qulluqçumuz və 76 yaşlı bir kəndli dərhal öldürülmüşdür. Beləliklə, biz cavab tədbiri görməli idik. Cavab verdikdən və onlar acı məğlubiyyətlə üzləşdikdən sonra geri çəkildilər, atəşkəs üçün yalvarmağa başladılar. Onda da mən dedim ki, bizim Ermənistanın ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur. Biz onları geri oturdan kimi və onlar istədiklərini həyata keçirə bilmədiklərini başa düşən kimi toqquşmalar dayandı. Toqquşmalar yalnız dörd gün davam etdi. Sonra avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdılmışdır və bu diversiya qrupunun başçısı yaxalanmışdır. Hazırda o, istintaq altındadır. O, mülki vətəndaşlarımıza və hərbi qulluqçularımıza qarşı terror aktları törətmək üçün göndərildiyini bildirən ifadələr verir. Bunu biz etməmişdik, bunu onlar etdilər. Sonra sentyabrın 27-də baş verənlər bu siyasətin məntiqi davamıdır. Bundan əlavə, biz onların bəyanatlarına, söylədiklərinə nəzər salsaq, onların bizi təhrik etməsi açıq-aşkar görünür. Bir il bundan əvvəl Ermənistanın baş naziri "Qarabağ Ermənistandır" bəyan etmişdir və bu bəyanat danışıqları tamamilə mənasız edir. Çünki danışıqlar masasında olan əsas məsələlərdən biri işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasıdır. Əgər o, "Qarabağ Ermənistandır" deyir və onun anlayışına görə Qarabağ təkcə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti deyil, buraya bütün işğal olunmuş ərazilər daxildir. Bu, onların bu əraziləri geri qaytarmaq istəmədikləri, bu, danışıqların sonu deməkdir.

-Ermənistan nəyə görə risk edib təxribata əl atıb?

-Birincisi, hesab edirəm ki, onlar danışıqlar prosesini tamamilə məhv etmək istəyirdilər. Sonra onlar etdikləri kimi, buna görə bizi günahladırmaq və "baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün deyil" söyləmək istəyirdilər. Hesab edirəm ki, səbəblərdən biri də onların daxili çətinlikləri ola bilər. Çünki biz indi Ermənistanda baş verənləri bilirik. Onlar çox ciddi siyasi böhrandan əziyyət çəkirlər. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır. Faktiki olaraq, Ermənistanda diktatura rejimi yaradılmışdır. İnqilabdan sonra baş nazirin verdiyi bütün vədlər kağız üzərindədir. Heç nə icra edilməmişdir. Orada adambaşına görə pandemiya ilə əlaqədar vəziyyət dünyada ən pis vəziyyətlərdən biridir. Beləliklə, diqqəti yayındırmaq lazım idi və o, bunu edə bildi. İndi isə o, nə etməyə çalışır? Guya Azərbaycanın təcavüzü qarşısında cəmiyyəti bir araya gətirmək və öz şəxsi hakimiyyətini gücləndirmək istəyir. Beləliklə, onların fikrincə, hər şey çox məntiqlidir, lakin onlar çox böyük səhv etdilər. Bundan əlavə, təcavüzdən bir neçə gün əvvəl mən BMT Baş Assambleyasında çıxış etdim və dedim ki, onlar müharibəyə hazırlaşırlar və onları dayandırmaq lazımdır. Bu da baş verdi.

-Bundan əvvəl Siz dediniz ki, Ermənistan ordusu işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxmalıdır, indi regionda hansı məqsədləriniz var?

-Kim, biz?

-Bəli, Azərbaycan olaraq.

-Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi "Dağlıq Qarabağ respublikası"nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır. Hesab edirəm ki, Ermənistan hökuməti özlərinin qlobal arenada "əhəmiyyətinə", onlara göstərilə biləcək mümkün beynəlxalq dəstəyə həddindən artıq böyük qiymət veriblər və bizi təhrik etməklə, bizə hücum etməklə böyük səhvlərə yol veriblər. İndi də onlar ciddi məğlubiyyət acısını yaşayırlar.

-Siz Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar masasına getməyi qəbul edərdinizmi?

-Əslində, danışıqlar dayanıb. Çünki onun "Qarabağ Ermənistandır" ifadəsindən sonra mən danışıqlar üçün heç bir imkanın olmadığını dedim. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün məndən xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin. Mən dedim ki, yaxşı, gəlin cəhd edək. Biz sülh yolunu tapmaq istəyirik, ona görə də biz uzun illərdir ki, gözləyirdik və bu yayındırıcı yanaşma olmasaydı, yəqin danışıqlar davam edəcəkdi. Bu bəyanatdan sonra mənim Ermənistanın baş naziri ilə görüşüm oldu. Lakin görüşlər tamamilə mənasız idi, rəsmi xarakter daşıyırdı. O, mənə əraziləri geri qaytarmayacaqlarını deyirdi. Əgər onlar bunu etmək istəmirlərsə, əgər onlar neçə illər ərzində Minsk qrupu tərəfindən hazırlanmış prinsiplərə qarşı çıxırlarsa və danışıqları məhv edirlərsə bundan sonra nədən danışmaq olar ki? Danışıqlar birtərəfli qaydada aparıla bilməz. Bizim tərəfdaşımız olmalıdır. Lakin Ermənistanın simasında bizim hələ danışıqlarda tərəfdaşımız yoxdur.

-Onda danışıqlar masasına qayıtmaq üçün Azərbaycanın ilkin şərti kimi Ermənistanın işğal olunmuş ərazilərdən çıxmasını deyə bilərikmi?

-Əslində, Ermənistanın baş naziri bizə qarşı ilkin şərtlər irəli sürüb. Yeri gəlmişkən, düşünürəm ki, bu da növbəti təxribatdır. Bir neçə ay öncə o, Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini bizə və Minsk qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan "Dağlıq Qarabağ hökuməti" ilə danışıqlar aparmalıdır. Bunu təkcə biz yox, həm də Minsk qrupu rədd etdi. Çünki bu, iyirmi ildən çox müddət ərzində hazırlanmış danışıqların formatını tamamilə dəyişir. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Beləliklə, o, bizə qarşı ilkin şərtlər irəli sürür və biz onları rədd etdik. Onun bunu etmə səbəbi ondadır ki, o, danışıqların dayanmasını və status-kvonun dəyişməz olaraq saxlanmasını istəyirdi. Bizə gəldikdə, biz həmişə danışıqlara hazırıq. Biz heç vaxt danışıqlardan imtina etməmişik. Əvvəlki illərdə danışıqlar prosesində çətin vaxtlar yaşamışıq. Heç də hər şey rəvan getmirdi. Lakin Ermənistanın əvvəlki rəhbərləri ilə bizim prosesimiz olub və biz mərhələli yanaşmanı işləyib hazırlamışdıq. Əks halda, biz bu qədər uzun illər bu prosesdə iştirak etməzdik. Bu, faydasız vaxt deyildir. Hesab edirəm ki, biz çox böyük irəliləyişə nail olmuşduq. Mən bu prosesdə 2003-cü ildən bəri iştirak edirəm. Mən Ermənistanın iki sabiq prezidenti ilə işləmişdim. Biz irəliləyişə nail olduq, bu, asan deyildi. Bizdə çox müxtəlif fikirlər var idi, lakin biz mərhələli şəkildə irəliləyirdik və indiki məqamda əldə etdiklərimizi işləyib hazırlamışdıq. Paşinyan hakimiyyətə gəldikdən sonra nəinki ondan əvvəl olanları məhv etdi, o, ondan əvvəl sanki Ermənistanın mövcud olmadığı və indi yeni Ermənistanın yaradıcısı kimi davranmaq istəyirdi. O, işlənilmiş bütün prinsipləri məhv etdi. Buna görə bütün məsuliyyət onun və onun hökumətinin üzərindədir.

Yeri gəlmişkən, Ermənistanda rasional insanlar bunu başa düşür. Onlar Ermənistan əhalisinə xəbərdarlıq edərək bu şəxsin onların ölkəsini fəlakətə apardığı ilə bağlı bəyanatlar verirlər. Danışıqlarda belə davranmaq olmaz, Azərbaycanı belə təhrik etmək olmaz.

Digər bir təxribat Azərbaycanın qədim Şuşa şəhərində qondarma "Dağlıq Qarabağ lideri"nin qondarma "andiçmə" mərasiminin təşkil olunması idi. Heç bir digər qondarma "Dağlıq Qarabağ lideri" bunu etməmişdir. O, bunu nəyə görə etdi? Azərbaycanlıların hisslərini təhqir etmək üçün. Sonra onlar qondarma "Dağlıq Qarabağın parlamenti"ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün? Azərbaycanlılara qarşı daha bir təhqir. Onlar işğal olunmuş ərazilərdə Livandan olan erməniləri açıq şəkildə məskunlaşdırır və bunu televiziyada nümayiş etdirirlər. Bu, Cenevrə Konvensiyanın kobud şəkildə pozulmasıdır və burada məqsəd onların bizə qarşı nifrətini nümayiş etdirmək idi. Onun etdiyi hər şey danışıqlar prosesini məhv etmək məqsədini daşıyırdı. Lakin indi onlar danışıqların aparılması üçün yalvardıqda, Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan. Erməni xalqı, - mən bir neçə gün bundan əvvəl Ermənistan xalqına müraciət etdim, - buna görə onu məsuliyyətə cəlb etməlidir. Bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik. Buna görə Ermənistan bu təhrikedici bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar "Qarabağ Ermənistan deyil" kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz baxarıq.

-Beləliklə, bu siyasi dalanda Rusiya vasitəçiliyi Azərbaycan üçün məqbuldurmu?

-Rusiya Amerika Birləşmiş Ştatları və Fransa ilə birlikdə vasitəçi olan ölkələrdən biridir. Bu prosesdə iştirak etdiyim 17 il ərzində hər üç ölkə prosesdə eyni dərəcədə iştirak edib. Prosesdə kifayət qədər yüksək səviyyədə koordinasiya var. Əlbəttə ki, Rusiyanın xüsusi mövqeyi var, çünki o, regionda Azərbaycana qonşu ölkədir, onun Ermənistanla dövlət sərhədi yoxdur. Lakin buna baxmayaraq, Rusiya Azərbaycan və Ermənistanla yaxşı münasibətləri və tarixi münasibətləri olan bir ölkədir. Buna görə əlbəttə ki, vasitəçilik etmək üçün onların rolu və bacarığı obyektiv səbəblərə görə regiondan uzaqda yerləşənlərlə və ola bilsin, son onillikdə burada nələrin baş verdiyini tam şəkildə bilməyənlərlə müqayisədə çox yüksəkdir.

Ona görə də düşünürük ki, üç ölkə birlikdə işləməyə davam etməlidir, əgər onların hamısı neytrallığı qorusa. Bu, mühümdür. Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək.

-Beynəlxalq ictimaiyyət atəşkəs çağırışları edir. Lakin həm Azərbaycan, həm də Ermənistan tərəfinin son bəyanatlarını nəzərə alaraq, Siz atəşkəslə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymamaq seçimini edirsiniz?

-Xeyr, biz buna göz yummuruq. Lakin atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu günlərdə mənə zəng vuran liderlərə bu mesajı çatdırmağa çalışıram ki, başlayan Azərbaycan tərəfi olmayıb. Biz özümüzü müdafiə etməli idik. Əgər biz bu dəfə etdiyimiz kimi cavab verməsəydik, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Hələ də itkilərimiz çoxdur. Bu səhər mən məlumat aldım ki, mülki şəxslər arasında 19 itkimiz var, onlardan 2-si uşaqdır. Mülki insanlarımız arasında 54 yaralı var. Ermənilərin artilleriya hücumu nəticəsində 300-dən çox evə ziyan dəyib və ya tamamilə dağılıb. Onlar bizim kəndlərə, insanlarımıza hücum edir, bacardıqları qədər çox azərbaycanlı öldürmək istəyirlər. Dünən onlar Ermənistan ərazisindən uzaq məsafəli raketlərdən istifadə etməyə başladılar. Bununla da onlar istifadə etdikləri bu silahları Azərbaycan üçün qanuni hədəfə çevirirlər və biz bu hədəfləri məhv etməliyik. Sonra isə onlar bizi günahlandıracaqlar ki, biz Ermənistan ərazisinə hücum edirik. Onlar bunu istəyirlər. Onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirlər ki, bu tərəflər onları müdafiə etsinlər və onlar üçün daha 30 illik qanunsuz işğalı təmin etsinlər. Atəşkəs - yaxşı, bəs, hansı şərtlərlə? Şərtlər belə olmalıdır ki, onlar ərazilərdən çıxmalıdırlar. Mən 2 gün bundan əvvəl dedim ki, qoy onlar çıxmağa başlasınlar, qoy çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik. Bu hərbi toqquşma bizim nəyimizə lazımdır? Bizə torpaqlarımızın sülh yolu ilə geri qayıtması lazımdır. Biz sülh yolu ilə həllə istəkli olduğumuzu 28 il ərzində nümayiş etdirdik. Bu 28 il ərzində toqquşmaların olduğu vaxtlar oldu və ən böyüyü indidir. Daha biri 4 il bundan əvvəl olmuşdu. Beləliklə, bu, bizim mövqeyimizdir və Ermənistan tərəfdən siyasi və hərbi təxribatlar barədə dediklərimi nəzərə alsaq, düşünürəm ki, bu, tamamilə ağlabatandır.

-Sonuncu münaqişəyə baxdıqda, Azərbaycan Ordusu cəbhədə müəyyən irəliləyişə nail olub və xüsusilə Füzuli rayonu ətrafında bəzi kəndləri geri alıb. Bu, o deməkdir ki, Azərbaycan geri qaytardığı həmin ərazilərdən geri çəkilməyə hazırlaşmır?

-Xeyr, əlbəttə ki, xeyr! Çünki bu ərazilər bizə məxsusdur. Bu ərazilər qədim torpaqlarımızdır. Bu ərazilər bizim insanların əsrlər boyu yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılıb. Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş verənlərlə bağlı internetdə şəkillər var. Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, bizim torpağımızdır. Biz onu geri almışıq, biz onu güc yolu ilə geri qaytarmışıq, biz onları itkilər verərək geri qaytarmışıq, biz heç vaxt bundan geri dönməyəcəyik. Biz orada yaşayacağıq. Bizim həmin ərazilərdən güclə çıxarılmış insanlarımız bu gün demək olar ki, 30 ildir bir arzu ilə, bir amalla yaşayır - geri qayıtmaq. Mən sizə 2016-cı ilin aprelində yenə də erməni təcavüzü nəticəsində əks-hücuma keçməklə ərazilərimizin bir hissəsini azad etməyimizlə bağlı əyani bir nümunə göstərə bilərəm. Kəndlərimizdən biri ermənilər tərəfindən dağıdılmışdı və azərbaycanlılar geri qayıda bilmirdilər, çünki ermənilərin mövqeləri dağlarda idi. Biz qaçqınlar üçün yeni kənd tikdik və hətta heç vaxt o torpağı görməyənlər, ondan sonra dünyaya gələnlər belə hamısı Cocuq Mərcanlıya qayıtdı. Mən demişdim ki, Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir. Mən demişdim ki, qayıdışımız indi başlayır. Mən əminəm ki, o ərazilərdən köçürülənlərin hamısı geri qayıdacaq. Geri qayıtmağa yol yoxdur, çünki hər şey dağılıb. Hər şey. Bir tikili belə qalmayıb. Hər şey dağılıb. Sözsüz ki, biz kömək edib şəhərləri, kəndləri yenidən quracağıq, onların əvvəlki adlarını qaytaracağıq. Çünki ermənilər bizə qarşı mədəni soyqırımı törədiblər. Onlar işğal olunmuş ərazilərdə bütün məscidləri dağıdıblar. Onlar məscidlərdə donuz və inək saxlamaqla bütün müsəlmanları təhqir edirlər. Onlar şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdiriblər. Bütün adlar qaytarılacaq. Biz öz torpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu, bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail olacağıq.

-Qafqaz çox mürəkkəb regiondur, təkcə coğrafi nöqteyi-nəzərdən deyil, həm də mədəniyyət, etnik mənsubiyyət və sosial quruluş nöqteyi-nəzərdən. Siz xalqların öz müqəddəratını təyin etmək hüququna inanırsınızmı?

-Bilirsiniz, bu, erməni təbliğatının əsas etibarilə beynəlxalq hüquq üzrə mütəxəssis olmayan sadə insanlardan ibarət beynəlxalq ictimai rəyi çaşdırmaq üçün tez-tez istifadə etdiyi məqamdır. Lakin beynəlxalq hüququn Helsinki Yekun Aktında əks olunan əsas prinsiplərinin çox aydın izahı var ki, orada ərazi bütövlüyü prinsipi üstündür. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. Lakin əgər biz geriyə baxıb BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti var. Bu gün ermənilər hər yerdə yaşayırlar. Onlar Fransada yaşayırlar, onlar Amerikada yaşayırlar, onlar Rusiyada yaşayırlar, onlar Yaxın Şərqdə yaşayırlar. Qoy onlar öz müqəddəratlarını həmin ölkələrdə istəsinlər. Əgər ermənilər özlərinə məxsus olmayan torpaqları istəsəydilər və sadəcə olaraq, əksəriyyət olduqlarına görə həmin torpaqları istəsəydilər, həmin ölkələrin rəhbərliklərinin reaksiyası necə olardı? Bu, onların uzun illər istifadə etdikləri taktikadır - gəlmək, dəstək istəmək, torpaq istəmək və sonra özlərinin qondarma qədim tarixləri barədə feyk xəbərlər hazırlamaqla və həmin torpaqları özləri üçün tələb etməklə ərazinin tarixi kimliyini dəyişməyə başlamaq. Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağlıq Qarabağdan olan ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyinetmə hüququ versinlər. Onda baxaram onların reaksiyası necə olacaq.

-Hazırda vəziyyət necədir? Ruslar, iranlılar, türklər, fransızlar, amerikalılar münaqişə ilə bağlı narahatlığını ifadə edirlər. Bu münaqişə nə vaxtsa regional ola bilərmi?

-Mən belə düşünmürəm. Zənnimcə, bunun üçün əsas yoxdur və biz bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı feyk xəbərlər icad edirlər. Lakin, eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər. Ona görə də mən elə hiss edirəm ki, hazırda, döyüş meydanında çox ciddi məğlubiyyətlə üzləşdikləri bir vaxtda, onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakin mən əminəm ki, qeyd etdiyiniz ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələr arasında Türkiyə, Rusiya, İran region ölkələridir. Digər ölkələrin bura ilə, regionla əlaqəsi yoxdur. Onlar region ölkələri deyil. Onların danışıqlara şərait yaratmaqla bağlı mandatı var, çünki bu, 1992-ci ildə baş verib. Biz, şəxsən mən Minsk qrupunun belə tərkibdə olmasına görə cavabdeh deyilik. Sözsüz ki, əgər biz sülhə şərait yarada biləcək hər hansı kontakt qrupunun tərkibi ilə bağlı bu gün qərar versəydik, əlbəttə, tərkib tamamilə fərqli olardı. Mən konkretləşdirmək istəmirəm, lakin bəzi ölkələrin qərəzli davranışı səbəbindən həmin qrupda yeri olmazdı. Beləliklə, biz, xüsusilə region ölkələrinin münaqişədən kənar durması, heç bir halda münaqişəyə müdaxilə etməməsi üçün əlimizdən gələni etməliyik və Ermənistana xəbərdarlıq etməliyik - işğalı dayandır. İşğalı dayandır və onda siz xeyrini görəcəksiniz. Onda siz uzun illər ərzində bu təcavüz səbəbindən Ermənistan rəhbərliyinin Ermənistanı məhrum etdiyi iqtisadi, investisiya, enerji və nəqliyyat sahələrində regional layihələrə inteqrasiya edəcəksiniz. Beləliklə, biz bu münaqişənin mümkün qədər tez bir zamanda dayanması, həllin mümkün qədər tez tapılması üçün əlimizdən gələni etməliyik. Biz "bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik" kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir.

-Ankaranın bu münaqişəyə hərbi nöqteyi-nəzərdən öz təyyarələri və sair ilə cəlb olunmasına dair Ermənistanın iddiaları barədə nə deyə bilərsiniz?

-Bu, yalan məlumatdır. Bunun sübutu yoxdur. Mən bununla bağlı artıq bəyanatlar vermişəm. Türkiyə bizim qardaş ölkəmizdir. Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Qardaşım, Prezident Ərdoğan dəfələrlə çox mühüm bəyanatlar verib. Dünən parlamentin açılış sessiyasında çıxış edərkən o, daha bir mühüm bəyanat verdi ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Biz bu dəstəyi hiss edirik. Biz türk qardaşlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq. Lakin Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb. Ermənistanın artıq mediada yer almayan feyk xəbərlərindən biri odur ki, Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbərdir. Sübut haradadır? Sübut yoxdur. Yerə enən və havaya qalxan hər bir təyyarə kompüterdədir. Hər kəs nə baş verdiyini görə bilər. Mən təəccüblənirəm niyə Minsk qrupunun həmsədr ölkələri - Fransa, ABŞ, Rusiya buna münasibət bildirmir. Onlar bu feyk xəbərə münasibət bildirmir. Onların bəziləri Azərbaycan və Türkiyənin buraya terrorçular dəvət etməsi kimi başqa feyk xəbərlərə münasibət bildirir.

-Mən məhz bu barədə soruşmaq istəyirdim, cənab Prezident. Ermənistan, həmçinin Türkiyəni suriyalı müxalif döyüşçüləri Azərbaycana gətirməkdə ittiham edir.

-Bu, tamamilə feyk xəbərdir. Eynilə Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması kimi feyk xəbərdir. Onların Su-25 təyyarəsi qəzaya uğrayıb. Mənə məlumat verilmişdi ki, o, pilotun təcrübəsizliyi ucbatından dağa çırpılıb.

-Amma onlar bunu sübut etmək üçün dəlillərinin olduğunu deyirlər.

-Qoy göstərsinlər. Haradadır dəlil? Təkcə Ermənistan deyil, əfsuslar olsun, mən dünən eşitdim ki, Fransa Prezidenti də bəyanat verib. O, ayın 27-də axşam mənə zəng vurmuşdu, mən ona bunun səhv, yanlış olduğunu dedim. O, bu bəyanatı heç bir dəlil olmadan verib. Qoy o, bizə dəlil versin, sübut versin. Yalnız sözlərdir. Biz də çox söz deyə bilərik, amma demirik, məsuliyyətli davranırıq. Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə özümüz edirik. Bizim qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu kimi döyüşməyə gəlirsə bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır. Bu ittihamlar tamamilə əsassızdır. Biz onları rədd edirik və dəlillərin ortaya qoyulmasını tələb edirik.

- Siz də Ermənistanın gətirdiyi əcnəbi muzdlularla bağlı dəlilləri ortaya qoyacaqsınızmı?

-Bizdə artıq bəzi kəşfiyyat məlumatları var və bundan əlavə dünən mənə göstərdilər ki, internetdə videolar var, Yaxın Şərqdən olan insanlar erməni əsgərləri ilə birlikdə oturub, onların formasını geyiniblər, onlarda Ermənistan milli bayrağı var, onlar birlikdə oturub müzakirə aparırlar. Səsi yoxdur, lakin düşünürəm ki, bu, yetərlidir. Onlar buna görə məsuliyyət daşımalıdırlar.

-Diplomatiya nə vaxtsa işləyə bilərmi? Yoxsa, sizin üçün yeganə həll müharibədir?

-Mən artıq demişəm ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə, ərazilərin bir hissəsindən vaxt cədvəlinə müvafiq olaraq dərhal çıxmağa başlasa, - əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik, - diplomatiya işləyə bilər. Yeri gəlmişkən, Ermənistanda bu hökumət hakimiyyətə gəlməmişdən əvvəl biz danışıqlar masasındakı məsələləri müzakirə edəndə ilk bənd o idi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Bu, bərpa olunmalıdır. Bizim tələbimiz budur və düşünürəm ki, bunu tələb etməyə haqqımız var.

-Azərbaycan Prezidenti İlham Əliyev, "Əl-Cəzirə"yə müsahibə verdiyiniz üçün çox sağ olun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.