Siyasət

“Rusiya nüvə silahı tətbiq etsə, bir neçə saata...” - Müsahibə

1 Oktyabr 2022 19:27
Baxış: 1 883

"Şərq-Qərb" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ fəal şəkildə Ermənistan-Azərbaycan prosesinə qoşulur. Bir tərəfdə Rusiya, bir yanda Avropa Birliyi, digər tərəfdə də İran və Fransanın bölgədə özünə yer tapmağa çalışdığı vaxtda Amerikanın bu həmləsi hansı gəlişmələrə yol aça bilər?

- ABŞ-ın bölgəyə maraq göstərməsi, xüsusilə də regiona təsir etmək üçün mühüm alətlərdən biri olan Ermənistan-Azərbaycan prosesinə qoşulması tamamilə təbiidir. Rusiyanın Ukraynada öz hədəflərinə tam çata bilməməsi də bunu şərtləndirən amillərdən biri oldu.

Rusiyanın Ukraynadakı əsas hədəfi bu ölkənin "nasist-millətçi" hökumətini dəyişmək deyildi. Əlbəttə, bu da vardı, amma indiki vəziyyətdə Putinə bir "uğur" lazım idi ki, bununla "Rusiyanın gücü"nü dünyaya göstərsin. Əsas hədəf Ukraynanın sahilboyu ərazilərini, yəni Azovdan Qara dənizədək bütün Şərqi Ukraynanı işğal etmək idi. Bununla Krıma quru yolu açmağı və Ukraynanın Qara dənizlə əlaqəsini və ya başqa sözlə, Şərq-Qərb Dəhlizini kəsməyi planlaşdırırdı.

Amma Rusiya orada uğursuzluğa düçar oldu. Rusiyanın Ukraynadan əvvəl yanvarda Qazaxıstanda keçirdiyi əməliyyatın istədiyi kimi baş tutmamasından, ardınca Çinin bu prosesə qoşulması ilə həmin bölgədən də xeyli dərəcədə sıxışdırılıb çıxarılmasından sonra Şərq-Qərb Dəhlizini kəsmək üçün sonuncu cəhd kimi Cənubi Qafqaz bölgəsi qalırdı.

Cənubi Qafqazdakı durum da nə qərbdəkindən (Ukrayna), nə də şərqdəkindən (Mərkəzi Asiya) sadədir. Hətta deyərdim ki, daha mürəkkəbdir. Çünki burada ABŞ, Avropa Birliyi, Türkiyə və Rusiya ilə yanaşı, İran və Fransa da var. Fransa və İran burada müəyyən mənada sinxron addımlar atmağa çalışırlar. Digər yandan, Rusiya daim İranla tərəfdaş olduğunu göstərməyə cəhd edir. Eyni zamanda, İran xarici siyasətdə ən uzun yeri Çinlə əməkdaşlığa verir. Təkcə İranın yürütdüyü çoxvektorlu xarici siyasət bölgədəki durumu daha da mürəkkəbləşdirir. ABŞ-ın da supergüc olaraq bu prosesi qoşulması təbiidir.

Azərbaycanda belə bir məsələ müzakirə mövzusudur ki, ABŞ Ermənistana dəstək verir. Bu müzakirələrə rəvac verən əsas amil də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri oldu.

Əvvəla, onu deyim ki, bu səfər hələ bir neçə ay əvvəldən planlaşdırılıb. Deyərdim ki, bu səfər sırf təsadüfən Ermənistan-Azərbaycan sərhədindəki qarşıdurmadan sonra baş tutdu. Səfərdə məqsəd Ermənistanı ABŞ-ın tərəfdaşı kimi dəstəkləmək deyildi. İrəvana gələn Pelosinin iki məqsədi vardı: birincisi, Rusiyanın devirmək istədiyi Nikol Paşinyana ABŞ-ın dəstək verdiyini göstərmək, ikincisi isə Demokratlar Partiyasının gələcək seçkilərdə bundan yararlanmasına zəmin yaratmaq idi. Söhbət Amerikadakı erməni diasporunun seçkilərə maliyyə dəstəyini və səslərini almaqdan gedir.

Bu mənada, istər onu müşayiət edən nümayəndə heyətinin tərkibi, istərsə də onların İrəvanda verdikləri bəyanatlar demokratların anlaşılan ermənipərəst populist ənənəsinin nümunəsi idi.

Erməni mediası və siyasətçilərinin iddialarının əksinə olaraq, ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıq qeyri-mümkündür. Çünki Ermənistan hüquqi və faktiki baxımdan Rusiyanın hərbi tərəfdaşıdır, müttəfiqidir. Rusiyanın Ermənistan ərazisində hərbi bazaları var. Bu vəziyyət dəyişməyənə qədər Ermənistan və ABŞ arasında hərbi əməkdaşlıqdan söhbət gedə bilməz.

Ötən illərə və konkret rəqəmlərə baxsaq, ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlıq daha genişdir, nəinki Ermənistanla. Ümumiyyətlə, demək olar ki, indiyədək ABŞ-la Ermənistan arasında hərbi əməkdaşlıq olmayıb. Bu yöndə gəzən söz-söhbətlər ya bilgisizlikdən, ya da ABŞ-Azərbaycan münasibətlərinə zərər vermək istəyindən qaynaqlanır.

ABŞ-ın prosesə qoşulmasına gəldikdə, bu yöndə onunla Avropa Birliyi arasında heç bir ziddiyyət yoxdur. Dövlət Departamenti və Ağ Ev də bəyan etdi ki, ABŞ Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir. Ukraynada olduğu kimi, Azərbaycan və ya Cənubi Qafqazda onların mövqeləri tam üst-üstə düşür. ABŞ-ın bu prosesə qoşulması sülh danışıqlarına dəstək olmaqla yanaşı, Rusiyanın yenidən burada fəallaşmasına rəvac verəcək. Biz bunu artıq görürük.

Bakı və İrəvan arasında ünsiyyətin intensivləşməsindən sonra Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin Azərbaycana səfəri diqqət çəkdi. Volodin Bakıda olarkən nəqliyyat və kommunikasiya xətlərinin açılması, Xəzərlə bağlı birgə siyasətin həyata keçirilməsi və 22 fevral Moskva Bəyannaməsinin ratifikasiya edilməsi məsələlərini qaldırdı. Spiker Sahibə Qafarova ona cavabında ölkədə rus dilində ünsiyyətin və təhsilin geniş yayılmasından, mədəni sahədə əməkdaşlıqdan və sairədən danışdı.

Görünən budur ki, Bakı heç də təsəvvür və təqdim edilən qədər rusiyapərəst siyasət yürütmür. Azərbaycanın siyasəti ehtiyatlı və çoxvektorludur. Düşünürəm ki, Vaşinqtonda buna anlayışla yanaşırlar.

- Gərginliyin artdığı vaxtda Hindistanın Ermənistana silah satması da gözlənilməz oldu. Sizcə, bu, Pakistanın Azərbaycana verdiyi dəstəyə cavabdır, ya Hindistanın əliylə Ermənistana silah daşınacaq?

- Düşünürəm ki, burada heç bir yenilik və qeyri-adi bir şey də yoxdur. Əlbəttə, Hindistan Ermənistana münasibətini Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində nəzərdən keçirir. Bu gün Hindistanın Ermənistan siyasəti 250-255 milyon dollarlıq silah alışı ilə aktuallaşır. Amma biz əvvəllər də görmüşük ki, Hindistan rəsmiləri Ermənistana açıq dəstək veriblər. Bu da təbiidir. Əgər Türkiyə-Azərbaycan-Pakistan hərbi əməkdaşlığı varsa, şübhəsiz ki, Hindistan bu situasiyada heç bir halda Azərbaycana nə dəstək verə, nə də neytral qala bilər. Guya bölgəyə təsir göstərmək üçün Ermənistandan bir vasitə kimi istifadə etməyə, paralel olaraq, öz silahlarını satmağa çalışır.

Açıqlanan məlumata inansaq, Hindistanın Ermənistana təklif etdiyi silahlar indiyədək heç bir ölkəyə satılmayıb. Ümumiyyətlə, Hindistan hansısa yerli istehsal silahına görə o qədər də məşhur, silah bazarında yeri olan ölkə deyil.

Amma mən sizə başqa bir faktı deyə bilərəm. Məsələn, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan "Barak 8" və "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemləri 44 günlük müharibədə Mingəçevir, Gəncə, Bakı, Şuşa və digər şəhərlərə atılan raketlərin zərərsizləşdirilməsində effektli şəkildə istifadə olunub. Həmin "Barak 8" sisteminin istehsalçısı təkcə İsrail deyil. Bu, İsrail-Hindistan birgə istehsalıdır. Yəni Azərbaycan da Hindistanın istehsal prosesində iştirak etdiyi silahlardan alıb.

Bir sözlə, Hindistanın bu addımının arxasında böyük bir gücün dayandığını düşünmürəm. Məsələn, inanmıram ki, ABŞ bunu özü edə bilmir, Hindistanın əliylə həyata keçirir. Bu, Hindistanın özünün verdiyi qərardır. Burada bizim üçün riskli olan yeganə məsələ budur ki, Ermənistana satılan yaylım atəş sistemləri 40-60 kilometr məsafədəki hədəfləri vura bilir. Amma iki ilə yaxındır ki, Hindistanda bunların 90 kilometrədək hədəfləri vura bilən reaktiv mərmiləri sınaqdan keçirilir. Bunun da tezliklə Ermənistana veriləcəyini düşünmürəm.

Mövcud anlaşmada nəzərdə tutulan silahların Ermənistana verilməsi uzun çəkəcək. Yaxın altı ay və ya bir ildə baş tutarsa, bu, təəccüb doğuracaq.

- Rusiya Krımdan sonra Ukraynanın daha dörd bölgəsini ilhaq etdi. Kremlin bu qərarı müharibənin gedişinə necə təsir göstərə bilər?

- Bu addım heç nəyi dəyişməyəcək. Bu, beynəlxalq aləm və hüquq tərəfindən yalnız başqa bir dövlətin ərazisinin işğalı və qanunsuz ilhaqı kimi tanınacaq və artıq tanınır. "Referendum" adlandırılan bu şou və Putinin bunu geniş nitqlə elan etməsi və söyləməsi ki, Ukraynanın həmin ərazilərə "təcavüz"ü Rusiyaya təcavüz kimi qəbul ediləcək - bunların hamısı nağıldır. Bu, yalnız Rusiyanın daxili auditoriyasına hesablanmış şoudan başqa heç bir şey deyil. Çünki Ukrayna ordusu hələ 2014-cü ildə ilhaq edilmiş Krımı dəfələrlə atəşə tutub və Rusiya hərbi hava qüvvələrinin oradakı mühüm hərbi bazalarını, silah anbarlarını və aerodromunu vurub. Rusiya buna cavab olaraq nə etdi ki, indi də nə edə.

Bunun müharibənin gedişatına yalnız bir təsiri olacaq - Rusiya bir qədər də təcrid ediləcək və Ukraynanın daha motivasiyalı döyüşməsinə gətirib çıxaracaq. Onu da bildirirlər ki, guya Ukraynanın bu ərazilərdə hərbi əməliyyatlarına cavab olaraq Rusiya nüvə silahından istifadə edə bilər. Bu, belə deyil. Hətta Rusiyanın özünün hərbi doktrinası buna imkan vermir. Hələ onu demirəm ki, nüvə silahının istifadə edilməsi hərbi cinayətdir.

Düşünmürəm ki, Rusiyada Putindən savayı kimsə buna imza atmağa hazırdır. Yəni bu son nəticədə bumeranq effekti verəcək və Rusiyanın özünə qarşı işləyəcək.

- Bəs Rusiya heç nəyi nəzərə almayaraq, nüvə silahına əl atsa, nə baş verəcək?

- Putin son çıxışında da ona eyham vurdu ki, ABŞ iki dəfə Naqasaki və Xirosimada nüvə silahından istifadə edib və artıq presedent yaradıb. Bunun mesajı o idi ki, Rusiya da istifadə edə bilər. Amma bu mümkün deyil. İlk növbədə, ona görə ki, Rusiyanın hərbi doktrinasında nüvə silahından ilk istifadə hüququ öz təsbitini yalnız Rusiya dövlətinin mövcudluğuna təhlükə yarandıqda tapır. Bu, tamam başqa bir situasiyadır. Başqa dövlətin ərazisində müharibə aparmaq Rusiya dövlətinin mövcudluğuna təhlükə demək deyil. Amma Putin son çıxışında dəfələrlə "mövcudluq" məsələsinə toxundu.

Digər yandan, nüvə silahının tətbiqinə razılıq verməli olan şəxslərin (Rusiya qanunvericiliyinə görə, belə şəxslərin sayı ən azı dörd nəfərdir) bunun üçün yazılı razılığı olmalıdır, üstəgəl, onlar şifrələri verməlidir. Belə görünür ki, Putin bu təşəbbüsündə təklikdə qalacağını anlayır.

Ümumiyyətlə, bunun qeyri-mümkün olacağını düşünürəm. Rusiya daxilində elə bir situasiya yaranmalıdır ki, buna hər kəs razılıq versin. Bugünkü situasiya isə ona cavab vermir, əksinə, baxmayaraq ki, bunun əlamətləri tam şəkildə özünü göstərmir, amma Rusiya hakimiyyətində parçalanma gedir. Hakimiyyət uğrunda hərbçilərlə Kreml arasında yaranmış konflikt, hərbçilərlə FSB arasındakı soyuqluq nüvə silahının tətbiqinə imkan vermir. Buna da ən azı müdafiə naziri və Silahlı Qüvvələrin baş qərargah rəisinin razılığı olmalıdır.

Əgər hakimiyyət uğrunda mübarizə gedirsə, heç kim gələcəkdə hərbi cinayətkar kimi iqtidara gəlmək istəməz. Bu baxımdan onların buna qarşı çıxması anlaşılandır.

Putinin son çıxışında tez-tez "Rusiyanın mövcudluğuna təhdid" və buna bənzər ifadələri təkrarlamasından və davranışından göründü ki, o da publikaya oynayır, cəmiyyətdən dəstək almağa çalışır. İnanmıram ki, bu mümkün olsun.

Amma deyək ki, birdən bu baş tutarsa, onda Rusiyaya adekvat cavab veriləcək. Elə Ukraynaya verilən silahların həcmini və keyfiyyətini artırmaqla Rusiyanı məğlub etmək olar. O cümlədən Rusiya üçün həyati önəm kəsb edən Qara dəniz hövzəsində...

Bir sıra Qərb eksperti də hesab edir ki, Rusiya nüvə silahı tətbiq etsə, bir neçə saat ərzində Rusiyanın Qara dəniz donanması yer üzündən silinəcək. Özü də adi silahlardan istifadə olunmaqla. Yəni bunun məsuliyyətini hər kəs anlayır və bu, o qədər də asan məsələ deyil. Bu kimi ifadələr daha çox təbliğat, qorxutmaq, hədə və təhdid xarakteri daşıyır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.