Siyasət

Rusiyanın Qarabağ planı ÇÖKÜR - Kreml Ukraynada PUSQUYA DÜŞDÜ

11 May 2022 14:25
Baxış: 4 727

Son günlər Ermənistanda Paşinyan əleyhdarlarının etiraz aksiyaları keçirməsi və bununla paralel olaraq Azərbaycanla sərhəddə erməni silhalı birləşmələrinin mövqelərimizi davamlı olaraq atəşə tutmasından belə anlaşılır ki, Bakı ilə İrəvan arasında sülh sazişi ilə bağlı Brüssel razılığı heç də hər kəsin ürəyincə deyil. 

Belə təəssürat yaranır ki, Rusiyanın bütün diqqətini Ukraynadakı müharibəyə yönəltdiyi bir məqamda Ermənistanda baş verən hadisələr hakimiyyətin dəyişməsindən çox, Bakı ilə İrəvan arasında uzunmüddətli sülh sazişinin imzalanmasının yubadılması məqsədinə xidmət edir. Moskva bu yolla vəziyyəti tam nəzarətə götürəcəyi zamana kimi əldə saxlamaq niyyətindədir. Çünki hazırda Moskvanın başı qarışıqdır və bu sülh sazişinin bağlanması indiki şəraitdə Moskvanın maraqlarına heç cürə uyğun gələ bilməz. Doğrudur, Rusiya bu iki ölkə arasında davamlı sülhü istəməyən ən birinci dövlətlərdəndir. Çünki nə zaman işinə necə yarayırsa, proseslərin məcrasını ona uyğun dəyişməyə artıq vərdiş edib. 

Amma Ukraynanın dirəniş göstərərək Kremlin "3-5 günə qələbə" planının üstündən xətt çəkməsindən sonra Qərb və ABŞ-ın da Rusiya-Ukrayna müharibəsinə baxışını nəzərə çarpacaq dərəcədə dəyişməsi deməyə əsas verir ki, Rusiyanın başı Şərqi Avropadakı müharibəyə hələ çox qarışacaq. Bu isə onun hansı nəticə ilə müharibədən ayrılacağı ehtimallarını bir xeyli dərəcədə sual altına qoyur. Qərbin, ABŞ-ın Ukraynanı son zamanlar yeni hərbi texnikalarla tədarükü və tətbiq edilən misli-bərabəri görülməmiş hərtərəfli sanksiyalar Moskva üçün vəziyyətin getdikcə daha dözülməz həddə çatacağından xəbər verir. 

ABŞ lideri Co Baydenin iki gün əvvəl Ukraynaya hərbi yardımla bağlı Lend-liz qanununu imzalaması bu iddiaları daha da artırır. Nəzərə alsaq ki, bu qanun məhz İkinci Dünya müharibəsindəki qələbənin ildönümü günü imzalandı, bu o deməkdir ki, Ağ Ev Rusiyanın çöküşünü məhz "Böyük vətən müharibəsi"ndəki qələbənin qeyd edildiyi tarixdən başlatmaqla Rusiyaya subliminal mesaj verdi. Çünki İkinci Dünya müharibəsi zamanı SSRİ-ni məhz lend-liz xilas etmişdi.

Lend-liz sənədi özündə Ukraynaya məhdudiyyətsiz silah verilməsini əks etdirir, başqa sözlə desək, Ukraynaya silah verilməsinə mane olan bütün qanuni məhdudiyyətlər aradan qalxır, o zaman Rusiyanın işinin indən belə nə qədər çətin olacağını anlamaq çətin deyil.

Bir az da irəli getsək, Co Baydenin dünənki bəyanatlarına da istinad etsək, demək olar ki, müharibə Rusiyanın məğlubiyyətinin rəsmiləşəcəyi vaxta kimi davam edəcək:

"Ukrayna müharibədən qalib çıxacaq".

Vaşinqtonun açıqlamasına görə, Kiyevə artilleriya qurğularından başqa, hava hücumundan müdafiə sistemləri və uzaq məsafə qət edə bilən dronlar da veriləcək. Bu isə Ukraynanın hərbi arsenalını xeyli dərəcədə gücləndirmək deməkdir. Bundan fərqli olaraq Rusiyanın hərbi paradda hərbi hava qüvvələrinin nümayişindən imtinası, hərbi texnika cəhətdən əvvəlki illərlə müqayisədə ciddi qıtlığın müşahidə edilməsi əks cəbhədəki vəziyyətin nə yerdə olduğundan xəbər verir. 

Belə nəticə çıxır ki, Baydenin 9 may hazırlığı daha effektiv imiş. Lend-Liz sənədinin Rusiya-Ukrayna savaşında əsaslı dönüş nöqtəsi də hesab edilə bilər. Bununla da ABŞ prezidentinin Konqreslə məsləhətləşmədən istənilən silah sistemlərini Ukraynaya verə biləcəyini, üstəlik Baydenin Ukraynaya yardım üçün Konqresdən istədiyi məbləğdən (Bayden Konqresdən 33 milyard dollar pul ayırmasını istəmişdi - red) 7 milyard artıq - 40 milyard dollara yaxın pul ayırmağa hazırlaşdığını nəzərə alaraq demək olar ki, Rusiya çox çətin sınaq qarşısındadır. 

Proseslərin bu cür axarı isə qarşıdakı günlərdə Moskvanın Cənubi Qafqaz regionundan diqqətini, gücünü Şərqi Avropadakı ölüm-qalım savaşına yönəldəcəyi məsələsini daha da aktuallaşdırır. Bir yanda qısa zaman keçməsinə baxmayaraq İkinci Qarabağ müharibəsi zamanı savaşan ordudan da daha güclü ordu qurmağı bacaran bir Azərbaycan, sözü Qərbdə dinlənilib, istəkləri nəzərə alınan bir Azərbaycan, digər yanda isə 44 günlük savaşdakı ağır məğlubiyyətdən heç cürə özünə gələ bilməyən, hər gün daha çox kataklizm yaşayan bir Ermənistan var. 

Onu da unutmaq olmaz ki, bu gün Ermənistanda baş verənlərin başında yenə "Qarabağ klanı" dayanır və onlara olan etimad da çox aşağı səviyyədədir. Erməni xalqının müxalifətə inamının itməsini aksiya iştirakçılarının sayına nəzər salsaq görə bilərik. 

Ermənistandakı etirazlar nə qədər ciddi görünsə də, Paşinyanın hakimiyyətdən salınması real görünmür. Ən əsası isə aksiya iştirakçılarının sayı Paşinyanı devirmək üçün kifayət deyil. Bu mənzərə eyni zamanda Azərbaycanın 44 gün ərzində yaratdığlı yeni geosiyasi reallığın Ermənistanda da artıq qəbul edilməyə başladığından xəbər verir.

Bu yerdə tanınmış erməni politoloq, Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryan etdiyi açıqlamada maraqlı məqamlara toxunub: "Bilirsiniz ki, mənimlə müxtəlif ölkələrin diplomatları görüşür, vaxtaşırı olaraq xaricdə oluram, elə Brüsseldən yenicə gəlmişəm, Avropa Birliyində yüksək səviyyəli şəxslərlə görüşlər keçirdim və s. Bilirsiniz orda necə təsəvvür yaranıb? Bizə deyirlər ki, ay ermənilər, Qarabağı işğal etmişdiniz, daha bəsdir, indi geri vermək, ordan çıxmaq lazımdır, ora sizin torpaqlar deyil. Bunu olduqca ciddi şəxslər deyir və onların böyük əksəriyyəti heç də antierməni deyil! Mən deyəndə ki, axı belə bir anlayış var - xalqların öz müqəddəratını təyin etməsi, ermənilər avtonomdur, orda həmişə yaşayıblar və ilaxır... - onlarda belə bilgi yoxdur. Xüsusilə yeni nəsildə. Hansı ki, biz 1990-cı, 2000-ci illərdə bu informasiyaları ötürmüşdük. İndi o informasiyaları alan həmin insanlar yoxdur, yeni nəsil isə ancaq Azərbaycanın informasiyalarını bilir".

Belə aydın olur ki, artıq Ermənistanda ictimaiyyət nümayəndələrinin, sadə vətəndaşlarının böyük əksəriyyəti anlayırlar ki, "Qərbin bu reallığı qəbul etdiyi halda bizim nə həddimizədir ki, Azərbaycanın təklif etdiyi sülh sazişindən kənara çıxaq". Rəsmi Bakının postkonflikt dövründə müharibədəki Zəfərini daha da gücləndirdiyini özündə əks etdirən növbəti fakt isə, Ermənistandakı Paşinyan əleyhdarlarına qarşı çıxan kütlənin addımlarıdır. Belə ki, Ermənistanda müxalifətin qondarma "artsax"ın əski parçasını müxtəlif yerlərdə nümayiş etdirmək istəyinə elə ermənilərin özləri etirazlarını müxtəlif formalarda (Müxalifətin aksiyaya başladığı ilk günlərdə "Fransa meydanı"nda separatçıların "əski parçası"nı cırmışdılar. Daha sonra parlamentdə Seyran Ohanyanın "əski parçasını" tribunada sərgiləməsinə Paşinyanın deputatları "əski parçasını" götürdülər - red.) bildiriblər.

Bu FOTO İrəvanda yaşayış binalarının birinin liftində çəkilib.

Müxalifəti dəstəkləyənlər "əski parçasını" liftə yapışdırsalar da, elə yerli sakinlər tərəfindən üzəri cızılaraq Qarabağ yükündən tamamilə azad olmaq istəklərini ifadə edirlər. 

Azərbaycanın tarixi Zəfərini, ölkəmizin inkişafını, beynəlxalq nüfuzunu, fəallığını həzm edə bilməyən revanşistlər, onlara sərsəm bəyanatllar səsləndirməyə rəvac verən qüvvələr və havadarları bilməlidirlər ki, Azərbaycan bir daha işğaldan azad edilən ərazilərə düşmən ayağı dəyməyinə izn verməyəcək. Bunu elə ötən gün yenidən Prezident İlham Əliyev revanş istəyində olan Köçəryanlara, Ohanyanlara, Sarkisyanlara Şuşadan bəyan etdi:

"Biz bütün azad edilən torpaqları bərpa edirik və edəcəyik. Bu gün mən mayın 10-da mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməliydim və bir daha deməliydim ki, biz doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq". 

Dövlət başçısı bu açıqlaması ilə bir daha Ermənistandakı revanşist qüvvələrə Şuşa, Hadrut vədi verən qüvvələrə "Bizi 30 il əvvəlki kimi bu torpaqlardan çıxartmağa daha heç kimin gücü yetməz. Biz öz torpaqlarımıza daha güclü şəkildə qayıtmışıq və bu yerlərin əbədi sahibi kimi bir qarış ərazimizi də düşmənə bağışlamaq fikrində deyilik" mesajı verməklə sülhə mane olmaq cəhdləri ilə heç nəyə nail ola bilməyəcəklərini bəyan etdi. Rusiya bu məsələdə konstruktivlik göstərib ən azı üzərinə götürdüyü üçtərəfli bəyanatylardakı öhdəliklərin icrası məsələsində aktivlik göstərərsə, belə kritik zamanında geosiyasi və geoiqtisadi imkanları hər gün daha da artan Azərbaycan kimi bir qonşu dövləti itirmək təhlükəsindən xilas olmuş ola bilər. Bunun üçün Moskva bir an öncə müttəfiqlik Bəyannaməsi imzaladığı rəsmi Bakı ilə 43 bəndlik sənədi yenidən gözdən keçirsə, daha yaxşı olar. 

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics