Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.
Bu barədə Ukraynanın "Azov" alayı teleqramda xəbər verib.
Qeyd edilir ki, Mariupolda drondan zəhərli maddə atılıb.
Məlumata görə, zərərçəkənlərdə tənəffüs çatışmazlığı və digər əlamətlər var.
"Diqqət! Təxminən bir saat əvvəl Rusiya işğalçı qüvvələri Mariupol şəhərində ukraynalı hərbçilərə və dinc sakinlərə qarşı düşmən PUA-sından atılmaqla mənşəyi naməlum zəhərli maddədən istifadə edib", - "Azov"un xəbərində deyilir.
Birləşmiş Ştatlar Rusiya qoşunlarının Ukraynada iğtişaşları yatırması vasitələrini diqqətlə izləyir və təsdiqini axtarır. Lakin Pentaqon Rusiya qoşunlarının Mariupolda kimyəvi silahdan istifadə etməsi ilə bağlı xəbərləri hələlik təsdiqləməyib.
"Mariupoldan gələn xəbərlər, əgər doğrudursa, dərin narahatlıq doğurur və Rusiyanın Ukraynada kimyəvi maddələrlə qarışdırılmış gözyaşardıcı qaz da daxil olmaqla, iğtişaşlara nəzarət üçün müxtəlif vasitələrdən istifadə edə biləcəyi ilə bağlı narahatlığımızı əks etdirir", - Pentaqonun mətbuat xidmətinin məlumatında deyilir.
Böyük Britaniya isə tərəfdaşları ilə birlikdə aprelin 11-də axşam saatlarında Mariupolda kimyəvi silahdan istifadə ilə bağlı məlumatları yoxlayır. Bu barədə xarici işlər naziri Elizabet Trass bildirib.
"Rusiya qoşunlarının Mariupol sakinlərinə hücum etmək üçün kimyəvi maddələrdən istifadə etdiyi bildirilir. Təfərrüatları yoxlamaq üçün təcili olaraq partnyorlarla işləyirik", - o, tvit hesabında yazıb.
Milli.Az