Siyasət

Rusiya Qarabağa sərhədləri müəyyən etmək üçün gəlməyib

24 Yanvar 2022 12:52
Baxış: 2 444

"Dünyada bir çox dövlətlərarası münasibətləri misal gətirmək olar ki, həmin dövlətlər arasında yekun sülh müqaviləsi imzalanmayıb. Bütün bunlara baxmayaraq həmin dövlətlər arasında kommunikasiya var və həmin dövlətlərin səfirlikləri bir-birinin paytaxtlarında fəaliyyət göstərirlər. Misal olaraq Yaponiya ilə Rusiya münasibətlərini göstərə bilərəm ki, bu günə qədər Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi yoxdur. Çünki arada Kuril adaları problemi olduğuna görə ölkələr arasında deklarasiya olsa belə, qarşılıqlı olaraq səfirliklər fəaliyyət göstərsə belə və müharibə vəziyyəti bitsə belə, yekun sülh müqaviləsi imzalanmayıb". 

Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, kommunikasiyaların açılması Rusiyaya hamıdan çox lazımdır:

"Sülh müqaviləsi imzalanmadan kommunikasiyanın fəaliyyət göstərəcəyi və yaxud da delimitasiya, demarkasiya prosesinin baş verəcəyi mənə elə gəlir ki, ekspert və hakimiyyət dairələrində şübhə və təəccüb doğurmur. Belə hallar baş verə bilər. 

Rusiya Qarabağa sərhədləri müəyyən etmək üçün gəlməyib və yaxud da sərhədlərin müəyyən edilməsi Rusiya üçün problem deyil, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması Rusiyanın güddüyü maraq deyil. Rusiyanın əsas marağı Azərbaycanı və Ermənistanı Rusiyadan asılı vəziyyətdə qoya bilən Ermənistan-Azərbaycan "Dağlıq Qarabağ" münaqişəsidir. Ona görə, Rusiya üçün bu gün Ermənistanla Azərbaycan arasında sərhədlər belə müəyyən edilsə, bu iki ölkə arasında kommunikasiya bərpa edilsə, bundan ancaq udan tərəf Rusiyadır. Çünki son halda Ermənistan tərəfi anlayır ki, status məsələsi ilə bağlı Rusiyanın da, Amerikanın da, Fransanın da Minsk Qrupunun həmsədirləri olaraq maraqları üst-üstə düşür. Ona görə Ermənistan özünü beynəlxalq subyektlərlə sığortalayır.

Bu baxımdan düşünürəm ki, Rusiyanın əsas marağı indiki vəziyyətdə Rusiyada hər hansı tektonik yerdəyişmələr baş vermədiyi şəraitdə Qarabağda yaşayan ermənilərlə Azərbaycan arasında münasibətlərin bərpa olunması hələ şübhə altında olduğu müddətdə orada Rusiya sülhməramlıları qalacaq. Onlar üçün heç mandat lazım deyil. Bu baxımdan da görünən odur ki, bu gün Rusiya tərəfi heç danışıqlar prosesində Azərbaycana və Ermənistana gələn sülhməramlılara mandat vermək məsələsini belə qaldırmır. Yəni ruslar orada mandatsız da qala bilirlər. Bu baxımdan sərhədlərin açılması Rusiyanın maraqlarına zidd deyil. Hər halda bu proses kommunikasiyaların açılmasına daha müsbət təsir göstərəcək, kommunikasiya Rusiyaya lazımdır. Bir məsələni də unutmayaq ki, sərhədlərin delimitasiyası məsələsi 1 ilin, 2 ilin, heç 3 ilin də işi deyil. Bu, uzun bir prosesdir".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.