Mobil telefon

Mobil telefon alarkən hüquqlarımızı necə qoruyaq?

20 Avqust 2017 22:15
0 Şərh     Baxış: 2 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda mobil telefon bazarı genişlənir, ölkəyə gətirilən mobil telefon modellərinin sayı günü-gündən artır. Amma bu gün respublikaya leqal qaydalarla yanaşı, qeyri-leqal yollardan istifadə edib, gizli yolla mobil telefon və müxtəlif telefonlara aid aksesuarlar gətirmək istəyənlərin də sayı az deyil.

Mobil telefonlarla bağlı yaranan problemlərin həlli məqsədilə istehlakçılar ilk növbədə telefonu aldığı yerə müraciət edir. Satıcı isə bəzi hallarda hətta zəmanət müddəti ərzində istehlakçının tələbini yerinə yetirməkdən boyun qaçırır ki, bu da mübahisələrin yaranmasına səbəb olur. Bununla bağlı nə etmək olar, istehlakçı mobil telefon alarkən hüquqlarını necə müdafiə edə bilər və s. kimi suallara aydınlıq gətirəcəyik:

Satıcı. İstehlakçı mobil telefonu alarkən onun satıcısı ilə maraqlanmalıdır. 
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, satıcı istehlakçıya öz təşkilatının adı, ünvanı və iş rejimi barədə məlumatları verməli və göstərilmiş bu məlumatları mağaza lövhəsində yerləşdirməlidir. Əgər sadalanan məlumatlar mağaza lövhəsində yerləşdirilməyibsə, mağaza əməkdaşlarından mağazanın tam adı və hüquqi ünvanı öyrənilməlidir. Belə məlumatları təqdim etməyən mağazadan mobil telefon alınması məsləhət görülmür.

Telefonun sənədləri. Mobil telefonun keyfiyyətinə əmin olmaq üçün onun sənədlərinə də diqqət yetirilməlidir. Belə ki, mobil telefonların müvafiq sənədləri, o cümlədən pasportu, zəmanət talonu və uyğunluq sertifikatı olmalıdır.

Telefon haqqında məlumat. Mobil telefon alarkən mal barədə zəruri və ətraflı məlumatların verilməsini tələb etmək lazımdır. İstehlakçının müraciətinə əsasən, satıcı onu cihaz və onun istifadəsi qaydası ilə tanış etməli və bu zaman cihaz yığılmış texniki hazır vəziyyətdə istehlakçıya nümayiş olunmalıdır. Həmçinin satıcı istehlakçının müşayiəti ilə malın keyfiyyəti, onun komplektliliyi və əmtəəyə aid olan bütün sənədlərin mövcudluğunu yoxlamalıdır.

Satış sənədləri. Bundan başqa, satıcı mal ilə birlikdə istehlakçıya müvafiq sənədləri də təqdim etməlidir. Buraya, kassa çeki, istehsalçı tərəfindən müəyyən edilmiş ləvazimat komplekti və sənədlər, zəmanət talonu daxildir.

Saxta telefonlar. Saxta telefonları orijinal telefonlardan ayırd etməyə imkan verəcək digər bir üsul telefonun fərdi nömrəsi, mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə - İMEİ (International Mobile Equipment Identification) kodunun yoxlanmasıdır. Belə ki, telefonun korpusunda yazılmış İMEİ kodla qablaşdırma və ya batareyanın akkumulyatorunun altında göstərilmiş İMEİ kodlar üst-üstə düşmürsə, bu, telefonun orjinal olmadığının göstəricisidir.

Servisə müraciət. Telefonda hər hansı qüsur aşkarlandıqda ilk növbədə zəmanətli servis mərkəzinə və ya satıcıya müraciət etmək lazımdır. Yaxşı olar ki, müraciət yazılı edilsin və müraciətin çatdırılmasını təsdiq edən imza və ya qəbz olsun. Satıcı istehlakçının şifahi və yazılı müraciətlərinə cavab vermirsə, istehlakçının aidiyyəti dövlət orqanları və məhkəməyə müraciət etmə hüququ var.

İstehsal qüsuru. Mobil cihazda istehsal qüsuru aşkar edilərsə, istehlakçı ona dəymiş zərərin tam həcmdə ödənilməsini tələb etmə hüququna malikdir. Amma istehlakçı mobil cihazı yerə salıb, yaxud istehlakçının təqsiri ucbatından telefonun daxilinə nəmişlik sızıbsa, digər qüsurlar yaranıbsa, istehsalçı yaranmış qüsurlara görə heç bir zəmanət məsuliyyəti daşımır. Lakin bu halda da satıcı və ya icraçı ödənişli şərtlə malı təmir etməlidir. İstehlakçı zəmanətli təmir hüququndan istifadəyə üstünlük verdiyi təqdirdə satıcı malı qəbul edərkən zəruri sənədləşdirmə aparılmalı, burada telefonun vəziyyəti, zahiri görkəmi, fiziki zədələrin mövcudluğu, qəbul tarixi, qəbul olunarkən mövcud olan qüsurlar və mağazanın ştampı öz əksini tapmalıdır".

Təmir qəbzi. İstehlakçıya mütləq malın təhvil verildiyini təsdiq edən sənəd verilməlidir. Bu sənəd adətən akt, qüsur aktı, təmir qəbzi adlandırılır. Milli.Az ictnews.az-a istinadən bildirir ki, həmin sənəd istehlakçıda qalmalı və ya aparılan təmir işləri barədə zəmanət talonunda tarixi göstərilməklə dəqiq qeydlər aparılmalıdır. Bunların heç biri olmadıqda telefonda dəfələrlə aparılmış təmir işlərini sübut etmək çətinlik yaradır ki, bu da malın dəyişdirilməsi və ya qaytarılması tələbini irəli sürərkən problem yaradır. Məhz bu səbəbdən də bəzi servis xidməti müəssisələri telefonu təmirdən sonra istehlakçıya təhvil verərkən zəmanət talonunda qeyd aparmır, həmin aktı geri tələb edir. 

Təmirdən qəbul. Təmirdən qaytarılmış telefonu qəbul edərkən də istehlakçılara diqqətli olmaları və təhvil-təslim sənədlərinin doğru tərtibatına fikir vermələri tövsiyə olunur. Təmir edilmiş mobil telefonun iş qabiliyyəti yoxlanılmalı və istehlakçıya nümayiş etdirilməlidir.

Zəmanət şərtləri. İstehlakçıların hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsızdır. İstehlakçılar telefonun zəmanət talonunda əks olunan zəmanət şərtlərinə də fikir verməlidirlər. Bir çox hallarda bu şərtlər qanunvericiliklə ziddiyyət təşkil edir. Belə ki, malın əsas komplektləşdirici hissələrinə zəmanət verilmədiyi, zəmanət talonu itirildikdə, düzgün doldurulmadıqda, zəmanətin ləğv olunduğu və digər qanunsuz şərtlər məcburi istehlakçılara qəbul etdirilir: "Yaddan çıxartmaq lazım deyil ki, zəmanət müddətləri, müqavilə şərtləri ilə bağlı qanunvericiliyin öz tələbləri var və bu tələblərə əməl etmək hər bir sahibkarın borcudur. İstehlakçıların hüquqlarını pozan, bu və ya digər şəkildə məhdudlaşdıran müqavilə şərtləri etibarsızdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.