Hər bir ana azyaşlı körpəsini süddən ayırdıqdan sonra uşağı nə ilə qidalandırmaqda çətinlik çəkir. Körpənin bərk qidaya keçmə dövründə olduqca diqqətli olmaq, ona elə qidalar vermək lazımdır ki, orqanizmi birdən-birə yüklənməsin. Nisbətən böyük yaşlı uşaqların da qidalanması onların sağlamlığı üçün olduqca vacib amildir. Milli.Az ailem.az-a istinadən bununla bağlı sizə məşhur pediatr Günay Rəsulovanın məsləhət gördüyü yemək reseptlərini təqdim edir.
Mannalı körpə şorbası
Tərkibi:
1 stəkan su
1 desert qaşığı manna
Balqabaq
Kök
Hazırlanması:
Soyuq su, manna və tərəvəzləri suda birlikdə bişirib, axırda 1 çimdik duz əlavə edirik və yemək hazır sayılır.
Bananlı, arpalı sıyıq
Tərkibi:
Yarım banan
2 desert qaşığı tam arpa unu
1 stəkan su
1-2 çimdik darçın
2 ölçü qaşığı süni qida qarışığı (istifadə edənlər)
Hazırlanması:
Arpa unu su ilə sıyıq halına gələnə qədər bişirilir. Digər qabda banan çəngəllə əzilir. Bişən sıyığa əzilmiş banan əlavə edilir. Son olaraq darçın və süni qida qarışığı əlavə edilib, körpəyə yedizdirilir.
Qıymalı noxud şorbası
Tərkibi:
Bir kiçik kasa noxud
Bir qırmızı bibər
Bir xörək qaşığı çəkilmiş ət
Bir xörək qaşığı düyü
Hazırlanması:
Noxud (suda isladılıb qabığı təmizlənmiş), doğranmış qırmızı bibər və qıymalı ət bir qaba qoyulur, üzərinə iki barmaq keçəcək qədər su əlavə olunur, ocağa qoyulur, qaynadıqdan sonra düyü əlavə olunur. Cəmi 40 dəqiqə bişirilir. Çəngəllə əzilib püre halına salınıb, körpələrə verilir. Ən son üzərinə istəsəniz, bir çay qaşığı zeytun yağı əlavə edə bilərsiniz.
Yaşıl mərcimək şorbası
Tərkibi:
3 xörək qaşığı yaşıl mərcimək
3 xörək qaşığı bulqur
3 xörək qaşığı qatıq
1 xörək qaşığı un
1 çay qaşığı nanə
Hazırlanması:
Mərciməkləri 10 dəqiqə bişirdikdən sonra suyunu süzüb, qazana tökürük, bulqur əlavə edirik və 5 dəqiqə birlikdə qaynadırıq. Sonra bir qabda qatıq və unu çalırıq. Üzərinə nanə də əlavə edib, şorbanın içinə tökürük. Birlikdə bir az da qaynadıqdan sonra yemək hazırdır.
Nuş olsun!
Milli.Az