İranın Xarici İşlər naziri Abbas Araqçi "The Guardian" üçün qələmə aldığı məqalədə regional hadisələr, ABŞ-la münasibətlər və diplomatiyanın gələcəyi barədə Tehranın strateji mövqeyini şərh edib. Nazir vurğulayıb ki, İrana təzyiq yolu ilə qalib gəlmək mümkün deyil, lakin ölkəsi qarşılıqlı maraqlara xidmət edən ciddi və hörmətə əsaslanan danışıqlara hazırdır.
Milli.Az xəbər verir ki, Araqçi qeyd edir ki, ABŞ İsraili "etibarlı müttəfiq", İranı isə "əzəli düşmən" kimi görməkdə yanılır. Onun fikrincə, bu yanlış təsəvvür həm regiona, həm də Vaşinqtonun özünə ağır bədəllər ödədib. Nazir İsrailin "məğlubedilməzlik" imicinin sarsıldığını və bir çox amerikalının, eləcə də ərəb dünyasındakı müttəfiqlərin artıq İsrailin siyasətini sabitlik mənbəyi deyil, təhlükə faktoru kimi gördüyünü bildirib.
İranın nüvə silahı axtarışında olmadığını bir daha bəyan edən Araqçi bunu dini, etik və təhlükəsizlik prinsiplərinə əsaslanan strateji doktrina adlandırıb. O, 2015-ci il nüvə sazişindən imtina edərək tətbiq olunan "maksimum təzyiq" siyasətinin yalnız "maksimum müqavimət"lə nəticələndiyini diqqətə çatdırıb.
Nazir Tehranın danışıqlara açıq olduğunu, lakin bunun heç bir halda təslim olmaq mənasına gəlmədiyini vurğulayıb:
ABŞ etimadı bərpa etmək üçün ilk növbədə hörmətli dildən istifadə etməli və İranın hüquqlarını tanımalıdır.
Hər hansı ədalətli razılaşma sanksiyaların real və yoxlanıla bilən şəkildə ləğvini ehtiva etməlidir.
İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində dinc məqsədli nüvə texnologiyasına sahib olmaq hüququndan heç vaxt imtina etməyəcək.
Araqçi məqaləsini bu fikirlərlə yekunlaşdırıb: Regiondakı mövcud dəyişikliklər dağıdıcı münaqişə dövriyyəsini qırmaq üçün nadir bir fürsət təqdim edir. Tərəflər qarşıdurma əvəzinə diplomatiyanı seçməlidir.
Lalə Qüdrətova
Milli.Az





