İranın Ali Rəhbəri Əli Xamenei xalqı İsraillə münaqişədə qazandığı qələbə münasibətilə təbrik edib.
Milli.Az xəbər verir ki, bu barədə Ə.Xameneinin "X" hesabında paylaşım edilib.
"Mən sizi azğın sionist rejimi (İsrail nəzərdə tutulur - red.) üzərində qələbəniz münasibətilə təbrik edirəm", - Ə. Xameneinin mətbuat xidməti "X" sosial şəbəkəsində onun sözlərini sitat gətirib.
Bundan əlavə, bildirilir ki, Ə.Xamenei İran xalqına televiziya vasitəsilə müraciət edəcək.
"İranın Ali Lideri Xameneinin üçüncü mesajı bir neçə dəqiqə ərzində yayımlanacaq", - deyə onun "X" hesabında qeyd olunur.
Təxminən yarım saat əvvəl isə Ə.Xameneinin səhifəsində aşağıdakı məzmunda paylaşım edilib:
"Bütün bu təlatümlər və səslənən bəyanatlara rəğmən, sionist rejim, əslində, İslam Respublikasının zərbələri altında nokauta göndərilib və əzilib".
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bir gün sonra İran İslam Respublikası qarşı tərəfə cavab verib. Doqquz gün sonra Amerika Birləşmiş Ştatları münaqişəyə müdaxilə edərək İranın nüvə obyektlərinə zərbələr endirib. İyunun 23-ü axşam saatlarında Tehran ABŞ-nin Yaxın Şərqdəki ən böyük aviabazası olan Əl-Udeyd aviabazasına (Qətərdə yerləşir - red.) raket zərbəsi endirib. İyunun 24-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp İsraillə İran arasında atəşkəs elan olunduğunu söyləyib. /Oxu.Az
Milli.Az