Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə Polşa Respublikasından daxil olan məlumata əsasən, Çin Xalq Respublikasında fəaliyyət göstərən "Market Union Co. Ltd" şirkəti tərəfindən istehsal edilən şüşə fincanlarda kadmium və qurğuşun ağır metallarının miqrasiyası aşkarlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, bu məhsulların 6 ədədi Azərbaycan Respublikasında fəaliyyət göstərən "Sevinc Mall" ticarət mərkəzində yerləşən "Sinsay" mağazasına göndərilib.
"Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib.
Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq.
Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır, istehlakçıların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər davam etdirilir", - məlumatda deyilir.
Milli.Az





