Maraqlı

Matəm məclisləri bəzi şəxsləri niyə narahat edir?

4 Dekabr 2021 19:55
1 Şərh     Baxış: 1 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Matəm məclisləri bəzi şəxsləri niyə narahat edir?Son zamanlar gündəmi zəbt etmiş mövzulardan biri də İslam müqəddəslərinin müsibətinə ağlamağın icazəli olub-olmaması məsələsidir. Öz siyasi və ictimai nüfuzundan istifadə edən bəzi diletant şəxslər Kərbəla müsibətinə həsr edilmiş təziyə məclislərini tənqid hədəfinə alır, bu cür məclislər keçirmək ənənəsini dindən kənar elan etməyə çalışırlar. Aktual mövzulara təəssübsüz və obyektiv münasibət göstərməyə çalışan islam.az saytı bu mövzuda növbəti araşdırmanı diqqətinizə təqdim edir.

Mövzuya keçməzdən əvvəl müqəddimə olaraq bunları qeyd etmək istərdik:

Birincisi,

İslam müqəddəslərinin müsibətinə ağlamaq bəzilərinin təqdim etdiyi kimi bidət deyildir. Çünki izah verəcəyimiz kimi, tarixi mənbələrdə bunun xeyli sübutları vardır. Bidət - dini hökmlərdə öz əksini tapmayan, amma din adından təqdim edilən məsələ deməkdir. Dini hökmlərimizin əmr etmədiyi bir işi vacib dini əmr kimi çatdırmaq, şəriətin qadağan etmədiyi bir məsələni də qadağan elan etmək bidət sayılır

Halbuki, məsumların müsibətini qeyd etmək, buna ağlamaq dini mənbələrdə öz əksini tapmış və tarixi təcrübədə misallarla təsdiqlənmiş bir həqiqətdir.

İkincisi,

əgər hətta məsumların müsibətinə ağlamağı təşviq edən sübutlar olmasaydı belə, bunu qadağan edən möhkəm sübutlar da olmadığı təqdirdə bu işin haram olmasına hökm verə bilmərik. Çünki şəriətimizin əsas qanunlarından biri "ibahə", yəni "mübahlıq, halallıq, icazəlilik" qaydasıdır. Belə ki, qadağan olduğuna qəti sübut olmayan iş icazəli sayılır. Haram olduğu dəqiq bilinməyən hər şey halal hökmündədir. Dinimiz çətinlik və məhdudiyyət yox, asanlıq və azadlıq dinidir. Allah-Taala halalların içindən haramları seçib insana tanıtdırmışdır. Bəlli edilənlər haramlardır, onlardan başqa yerdə qalanlar isə halal hökmünü daşıyır. Əgər müsibətə ağlamağı qəti qadağan edən sübutlar ortada yoxdursa, onu təsdiq edən sübut da axtarmağa ehtiyac yoxdur və bu şərait ağlamağın öz-özlüyndə halal sayılması üçün kifayətdir. Amma bir daha təkrar edirik ki, məsumların müsibətinə ağlamağın caizliyi, hətta bəyənilən olması barədə sübutlar da yetərincədir.

Üçüncüsü,

öz-özlüyündə dini motiv əsasında ağlamaq heç bir dində, heç bir şəriətdə və heç bir sağlam məntiqdə qadağan edilməmişdir və edilə də bilməz. Əksinə, Qurani-Kərimdə və bütün məzhəblərin qəbul etdiyi səhih sünnədə dinə dayaqlanan səbəb üzündən ağlamaq təşviq və tövsiyə edilir. Qurani-Kərimdə ağlamaq möminlərə yaraşan xüsusiyyətlərdən biri kimi xatırlanır və möminlərin öz günahlarını yada salıb ağlamaları bəyənilir:

"Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb çox ağlasınlar!" (Tövbə, 82).

Allahın şövqündən ağlamaq Quranın təqdim etdiyi mömin obrazının əsas xüsusiyyətlərindən birini təşkil edir:

"Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz!" (Maidə, 83).

"Onlar üzü üstə səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar" (İsra, 109).

Allah xofundan, günahların cəzasından qorxaraq ağlamaq barədə hədislərimiz hər iki məzhəbin mənbələrində yetərincədir.

Həzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğu rəvayət edilir:

"Yeddi nəfər Allahın kölgəsindən başqa heç bir kölgənin olmadığı zaman (qiyamətdə) Allahın (mərhəmət) kölgəsinin altında olacaq: ...tənha yerdə (yəni riya olmadan) Allahı xatırlayaraq gözləri yaşaran şəxs".

(Səhihi-Müslim, Kitabüz-zəkat, hədis 1031;

Sünəni-Tirmizi, hədis 2391).

Əbu Hüreyrədən rəvayət edilən bu hədisin fərqli variantları Malik ibn Ənəsin "Müvatta", Təbəraninin "əd-Dua", Beyhəqinin "əs-Sünənül-kübra", "əs-Sünənüs-səğir" və "Şüəbül-iman", Təhavinin "Müşkilül-asar", İbn Əsakirin "Tarixi-Diməşq", Bəğəvinin "Məalimüt-tənzil" kitablarında və sair mənbələrdə öz əksini tapıb.

Peyğəmbərimiz (s) Allaha dua edərək, onu Öz ağlayan bəndələrindən qərar verməsini istəyirdi:

"İlahi, məni Sənin üçün ağlayanlardan və Səndən qorxanlardan qərar ver!"

(Bu hədisi bir çox təfsirçilər "Maidə" surəsinin 58-ci ayəsinin təfsirində qeyd etmişlər.

Bax: Zəməxşəri. Təfsirül-Kəşşaf, 4-cü cild, səh. 32;

Qürtübu təfsiri, 13-cü cild, səh. 472;

Fəxr Razi. Təfsirül-kəbir, 21-ci cild, səh. 234 və s).

Yenə Əbu Hüreyrə vasitəsilə Peyğəmbərimizdən (s) belə bir hədis rəvayət edilir:

"Sağılmış süd döşə qayıtmaınca Allah qorxusundan ağlayan kəs də cəhənnəmə girməz".

(Sünənüt-Tirmizi, Fəzailül-cihad, hədis 1633;

Sünənün-Nəsai, Kitabül-Cihad, hədis 3110).

(Bu hədisdəki "sağılmış süd döşə qayıtmayınca" ifadəsi bir işin qeyri-mümkünlüyünü göstərir və ərəb dilində hər hansı işin baş tutmasının qəti şəkildə mümkün olmadığını çatdırmaq üçün işlədilir).

Məgər ağlamaq günahdırmı?

Allah xofundan ağlamağın savabı barədə şiə mənbələrində də onlarla hədis vardır; onlardan ikisini təqdim etməklə kifayətlənirik:

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "Hər şeyin qabı və ölçüsü vardır, yalnız göz yaşından başqa. Onun bir damlası alov ümmanlarını söndürər. Göz yaşla dolsa, heç bir zillət pərdəsi onu örtməz. Göz yaşarsa, Allah ona cəhənnəm alovunu haram edər. Əgər bir ümmətin içində (həqiqi) ağlayan olsa, Allah həmin ümmətə rəhm edər". (Şeyx Küleyni. Üsuli-Kafi, 2-ci cild, səh. 481; Şeyx Səduq. Səvabül-əmal, səh. 152).

İmam Cəfər Sadiq (ə) atası İmam Mühəmməd Baqir (ə) vasitəsilə Peyğəmbərdən (s) rəvayət etmişdir: "Qiyamət günündə bu üç gözdən başqa bütün gözlər ağlayar: Allah qorxusundan ağlayan göz, Allahın haram buyurduqları qarşısında qapanan göz və Allah yolunda (keşik çəkərək) sübhə kimi yatmayan göz". (Şeyx Səduq. Əl-Xisal, 1-si cild, səh. 98).

Qeyd edək ki, oxşar məzmunlu hədislər əhli-sünnə mənbələrində Əbu Hüreyrə və digər səhabələrdən də nəql edilmişdir. Yaxın məzmunlu hədislərin birində buyurulur: "İki gözə cəhənnəm alovu toxunmaz: Allah qorxusundan ağlayan göz və Allah yolunda keşik çəkib yatmayan göz" (Sünənüt-Tirmizi, hədis 1639).

Yuxarıda xatırlanan və həmçinin, bunlarla eyni məzmunu daşıyan daha başqa hədislərdən məlum olur ki, ağlamaq öz-özlüyündə günah sayılmır. Eləcə də, dini səbəb üzündən, yəni Allah qorxusundan, günahların xəcalətindən, Allahın mərhəmətinə duyulan riqqətdən səmimiliklə ağlamaq bəyənilən hərəkətdir, insana həm bu dünyada, həm də axirətdə Allahın razılığını qazandırar.

Peyğəmbərlər də ağlamışlar

Qurani-Kərimin bir neçə ayəsindən anlaşılır ki, keçmiş ümmətlərə göndərilmiş peyğəmbərlər də ağlamışlar. Allah-Taala bu barədə Qurani-Kərimdə söhbət açarkən nəinki bu hərəkəti məzəmmət etmir, əksinə, həmin ayələrdə rəğbət sezilir.

"Məryəm" surəsində Allah-Taala Həzrət Zəkəriyya, Yəhya, İsa, İbrahim, İshaq, Yəqub, Musa, İsmail və İdris Peyğəmbərlərin (ə) adlarını çəkir, onların başına gələn hadisələri qısaca da olsa xatırladır. Allah buyurur: "Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar" (Məryəm, 58).

Ayədən göründüyü kimi, Allahın vəhyini oxuyaraq riqqətə gəlib ağlamaq bir neçə böyük peyğəmbərin xüsusiyyəti kimi təqdim edilir.

Mövzu ilə bağlı ayələr bununla məhdudlaşmır. Allah-Taala Həzrət Yaqub Peyğəmbərin (ə) öz oğlu Yusifin (ə) ayrılığına durmadan ağladığını bəyan edir:

"Dərd-qəmdən (ağlamaqdan Yəqubun) gözlərinə ağ gəldi" (Yusif, 84).

İş o yerə çatdı ki, oğulları Yaqubun (ə) ağlamasına mane olmağa çalışdılar: "Dedilər: "Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!" (Yusif, 85).

Nəzərə alaq ki, Həzrət Yaqub (ə) Allah xovfundan və ya günahlarının qorxusundan deyil, oğlunun dərdindən ağlayırdı. Yalnız Allah yolunda ağlamağın icazəli olduğunu iddia edənlərə bu, gözəl bir cavabdır. Çünki Allahın Peyğəmbəri (ə) məsumdur və yanlışlığa yol verə bilməz.

Əhli-sünnənin məşhur təfsirlərindən olan "əl-Kəşşaf"da yazılıb: "Yusifdən (ə) ayrıldığı vaxtdan onunla görüşənə kimi Yaqubun (ə) gözləri 80 il yaşdan qurumadı; yer üzündə Allah üçün Yaqubdan daha dəyərli kimsə yox idi". (Zəməxşəri. Təfsirül-Kəşşaf, 3-cü cild, səh. 317).

Yalnız Həzrət Yaqub (ə) deyil, Yusif Peyğəmbər (ə) də ağlamışdır. Böyük Quran bilicisi, Peyğəmbərin (s) əmisi oğlu Abdulah ibn Abbas demişdir:

"Yusif zindanda bütün gecəni namaz qılırdı, elə ağlayırdı ki, zindanın divarları, tavanı və qapıları da onunla birlikdə ağlayırdı". (Qürtübi təfsiri, 11-ci cild, səh. 345).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.