Maraqlı

Hədislərdə vəhdətə çağırış

4 Dekabr 2021 23:20
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hədislərdə vəhdətə çağırış"Hədis" sözünün ərəb dilindən tərcüməsi "yaranmış, icad edilmiş" deməkdir. "Hadisə" sözü də eyni kökdəndir, hər hansı şəxs (qüvvə) tərəfindən yaradıldığı üçün belə adlandırılır. Eləcə də, hədis ərəb dilində "söz, söhbət, xəbər" mənalarını ifadə edir. Səbəb budur ki, söz hər hansı şəxs tərəfindən yaradılır (həm məna baxımından beyində düşünülüb hazırlanır, həm də tələffüz edilib ərsəyə gətirilir). Şəriətdə "hədəs" sözü dəstəmazı və qüslü pozan hallar mənasında işlədilir ki, bu da həmin halın sonradan yaranmış olduğunu ifadə edir. Quranla bağlı mövzulardan birində də bu kökdən qaynaqlanan "hadis" sözü müzakirə edilir. Miladi VIII-IX əsrlərdə İslam alimləri arasında Quranın Allahın özü qədər qədim olması, yoxsa sonralar Allah tərəfindən yaradılması barədə çox qızğın mübahisələr gedirdi. İkinci mövqeni müdafiə edənlər termin olaraq Qurani "hadis", yəni sonradan yaradılmış, qədim olmayan adlandırırdılar.

Quranda "hədis" sözü

Qurani-kərimdə "hədis" ifadəsinə 23 dəfə rast gəlirik. Aşağıdakı ayələrdə "hədis" sözü "hekayət, xəbər" mənasını verir: "Musanın hekayəti sənə gəlib çatdımı?" (Taha, 9 və Naziat, 15). "İbrahimin möhtərəm qonaqlarının (mələklərin) xəbəri sənə gəlib çatdımı?" (Zariyat, 24). "Orduların xəbəri gəlib sənə çatdımı?" (Büruc, 17). "Ğaşiyənin (qiyamətin) xəbəri sənə gəlib çatdımı?" (Ğaşiyə, 1).

"Kəhf" surəsinin 6-cı, "Vaqiə" surəsinin 81-ci, "Qələm" surəsinin 44-cü və "Nəcm" surəsinin 59-cu ayələrində "hədis" sözü Allahın kəlamı, yəni Quran mənasında işlənir.

Əksər ayələrdə isə "hədis" ifadəsi "söz, söhbət" mənasını bildirir (Nisa, 42, 78, 87 və 140; Əraf, 185; Ənam, 68; Loğman, 6; Yusuf, 111; Əhzab, 53; Zümər, 23; Casiyə, 6; Tur, 34; İbrahim, 3; Mürsəlat, 50). Göründüyü kimi hətta xəbər, hekayət və Quran anlayışları da sonunda söz, kəlam mənası ifadə etdiy üçün ümumiləşdirilmiş şəkildə deyə bilərik ki, bütün ayələrdə "hədis" sözü ya birbaşa, ya da dolayısı ilə "söz" mənasını ifadə edir.

Terminoloji mənada hədis

Dini anlamda hədis - Həzrət Mühəmməd Peyğəmbərin (s) söylədiyi sözlərə deyilir (şiə məzhəbində məsum imamların da kəlamları hədis sayılır). Hədis sünnənin tərkib hissəsidir. İslam düşüncəsin¬də hədis Qurani-kərimdən sonra ikinci mö¬təbər mənbədir. Çünki Qurani-kərimin: "O (Peyğəmbər), kefi istəyəni danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir" (Nəcm, 3-4) ayəsinə əsasən, Həzrət Mühəmməd Peyğəmbərin (s) bütün sözləri doğrudur, düzgündür, insanları hidayət et¬mək gücünə malikdir. Hədis bütün İslam məzhəblərində dini hökmlərin əsaslandırılması (istinbat) zamanı Qurani-kərimdən son¬ra ilk yerdə durur. İcma, qiyas, ağıl kimi üsullar Quran və sünnədən (hədisdən) sonra gəlir və bu ikisində qəti hökm (nəss) olma¬dığı zaman tətbiq edilir.

Hədis nədən ibarətdir?

Hədis "sənəd" və "mətn" adlı iki hissədən ibarət olur. Mətn hədisin məzmunu və möhtəviyyatı deməkdir.

Sənəd isə hədisi rəvayət edən şəxslərin (bunlara ravi deyilir) hədisi bir-birindən nəql etmə ardıcıllığını əks etdirir və ravılərin adlarının sıralanmasından ibarət olur. Hədis bir ravidən o birinə eşitmə (sima), imla (diqtə), yazdırma (kitabət), yazısından oxumaq yolu ilə ötürülür. Bəzən də bir ravi sənəd zənciri ilə ona yetişən hədisi (və ya hədisləri, hətta hədis kitablarını) sonrakilara rəvayət etməsi üçün növbəti raviyə yazılı və ya şifahi icazə verir. İslam tarixində onlarla, hətta yüzlərlə ravidən və hədis alimindən rəvayət icazəsi almış şəxslər olmuşdur. Məsələn, Şəhidi-əvvəl ləqəbli alimin təxminən min nəfərdən hədis rəvayəti və ictihad icazəsi aldığı məlumdur. Mərhum Ayətullahül-üzma Nəcəfi Mərəşi isə 400 nəfərdən artıq hədis alimindən rəvayət icazəsi almışdı. Maraqlıdır ki, hər iki alim cəfəri məzhəbindən olsa da, onların hədis şeyxlərinin (yəni hədis icazəsi aldıqları alimlərin) arasında əhli-sünnədən də xeyli elm adamı vardı. Keçmişdə bəzi alimlər müəyyən hədisin yalnız bir nəfər tərəfindən sənədlə rəvayət edildiyini eşidincə, uzaq məsafələr qət edir, həmin hədisi o alimin dilindən eşitmək üçün başqa şəhərə (hətta başqa ölkəyə) gedir və ravi ilə görüşüb ondan hədisi dinləyirdilər. Sənədin başlanğıcında bir qayda olaraq, hədisin yazıya alınmasın¬dan qabaqkı son ravinin adı gəlir. Hədis yazıya alındıqdan sonra onu, sənədinə əlavə etmədən, həmin kitaba istinadən rəva¬yət edirlər.

Həzrət Məhəmməd Peyğəmbər (s) Məkkədən Mədinəyə köçdükdən sonra həyata keçirdiyi ilk tədbirlərdən biri müsəlmanlar arasında qardaşlıq əhdi bağlamaq oldu. Mədinənin yerli əhalisi (ənsar) ilə Məkkədən köçənlər (mühacirlər) arasında mehribanlıq yaratmaq məqsədilə Peyğəmbər hər tərəfdən bir nəfər seçərək onları qardaş elan etdi.

Allahın Rəsulu (s) bu hərəkətlə uzaqgörən bir addım atmış oldu. Çünki iki fərqli cəmiyyətin (mühacir və ənsar) qəfil təması nəticəsində ciddi problemlər yarana bilərdi. Əvvəla, mühacirlər 13 il Peyğəmbərin (s) tərbiyəsi altında qərar tutduqları halda, ənsar bu şərəfdən məhrum idi. Cahiliyyə düşüncəsindən hələ tam azad olmamış bir cəmiyyətdə qəbilə təəssübkeşliyinin izləri güclü idi. Üstəlik, Yəsribdə (Mədinədə) yaşayan münafiqlər də mühacirlə ənsar arasında qarşıdurma yaratmaq üçün səylərini əsirgəmirdilər. Belə bir şəraitdə yarana biləcək problemlərin qarşısını almaq üçün ən səmərəli tədbir məhz bu iki cəmiyyət arasında qardaşlıq əhdi bağlamaqdan ibarət idi.

Həzrət Məhəmməd Peyğəmbər (s) kəlmeyi-şəhadəti söyləyən hər bir şəxsi müsəlman icmasının bərabərhüquqlu üzvü kimi qəbul edirdi:"Kim: "La ilahə illəllah" - deyib Allahdan başqa tanrıları rədd etsə, Allah onun malını və qanını başqalarına haram edər. Bu adamın hesabı da yalnız Allaha aiddir" (Səhih Müslim, hədis 37 (130).

"Sünən İbn Macə"də rəvayət edilir ki, Peyğəmbərimiz (s) buyurmuşdur: "Hər kim: "Allahdan başqa tanrı yoxdur; O, təkdir və şəriksizdir; Məhəmməd Onun (Allahın) bəndəsi və elçisidir" - desə, heç kimin ona toxunmağa haqqı yoxdur. Yalnız həddi pozarsa (yəni günah edərsə), ona cəza tətbiq olunar" (Sünən İbn Macə, hədis 2539).

Həmin kitabdakı başqa bir hədisə görə Həzrət Məhəmməd (s) buyurmuşdur: "Müsəlmanı söymək fisqdir, öldürmək isə küfrdür" (Sünən İbn Macə, hədis 3940).

İmam Əli (ə) və vəhdət

İslam Peyğəmbərinin (s) vəfatından sonra İmam Əli (ə) özünü o həzrətin qanuni canişini saydığı halda, müsəlmanlar arasında təfriqə düşməməsi xatirinə açıq mübarizədən çəkindi. Həzrət Əli "Nəhcül-bəlağə"dəki məşhur Şiqşiqiyyə xütbəsində öz vəziyyətini belə təsvir edirdi: "Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim) yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin (fəsadın aradan qalxması üçün) ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim. Səbr etməyin ağıllı iş olduğunu görüb gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim. Mirasımın tarac olunduğunu görürdüm..." (Nəhcül-bəlağə, Şiqşiqiyyə xütbəsi (üçüncü xütbə).

Xilafəti dövründə söylədiyi xütbələrin birində İmam Əli (ə) həmin günləri belə xatırlayırdı: "Mən gördüm ki, səbr etmək müsəlmanlar arasında təfriqə salıb qan tökməkdən daha yaxşıdır. Çünki camaat İslam dinini yenicə qəbul etmişdi. Din silkələnən bir qaba bənzəyirdi. Kiçik bir təkan onu məhv edərdi; hətta ən zəif və gücsüz bir insan da fürsətdən istifadə edib dinə sağalmaz zərbə vura bilərdi" (Mürtəza Mütəhhəri. Nəhcül-bəlağəyə bir baxış, s. 180).

Peyğəmbərin (s) vəfatəndan sonrakı çətin dönəmdə münafiqlərin başçısı Əbu Süfyan fürsəti qənimət bildi, həm İslama sarsıdıcı zərbə vurmağa, həm də siyasət meydanına qayıdıb əvvəlki nüfuzunu bərpa etməyə cəhd göstərdi. O, Peyğəmbərin (s) vəfatından və camaatın Əbu Bəkrə beyətindən az sonra İmam Əlinin (s) yanına gəldi, xilafəti ələ keçirmək üçün silahlı mübarizə təklifini irəli sürdü. Əbu Süfyan Əliyə (ə) vəd etdi ki, Mədinə şəhərini süvari və piyada əsgərlərlə doldurmağa imkanı vardır. Amma İmam Əli (ə) onun məqsədini başa düşərək qətiyyətlə rədd cavabı verdi.

"Nəhcül-bəlağə"nin şərhçisi və şafii məzhəbinin ardıcılı İbn Əbil-Hədid yazır ki, Peyğəmbərin (s) vəfatının ardınca Əbu Bəkrin xəlifə seçilməsindən sonra İmam Əlinin (ə) tərəfdarlarından biri Mədinə küçələrini dolaşıb uca səslə öz yazdığı bir şeiri oxumağa başladı. Şeirdə xilafətin Əliyə (ə) məxsus olması iddia olunur və xəlifə seçkisi tənqid atəşinə tutulurdu. İmam Əli (ə) onun səsini eşidən kimi xəbər yollayıb tapşırdı ki, hərəkətindən əl çəksin. Bu zaman İmam aşağıdakı cümləni söylədi: "Dinin salamatlığını qalan hər şeydən çox istəyirəm" (İbn Əbil-Hədid. Nəhcül-bəlağənin şərhi, VI, 21).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.